Gültəkin Hacıbəyli ilə “Müsavat” arasında gərginlik yenidən alovlandı-EKS-DEPUTAT MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR…

Sabiq deputat, Milli Şuranın rəhbərlərindən olan Gültəkin Hacıbəyli ilə Müsavat Partiyası arasında növbəti gərginlik, növbəti söz atışması, növbəti qalmaqal yaşanıb.

Etikxeber.az-ın xəbərinə görə, buna səbəb G. Hacıbəylinin dünən öz sosial şəbəkə hesabında paylaşdığı statusunda “Müsavat” haqqında sərt ifadələr və ittihamlar səsləndirməsi olub.

Sabiq deputat iddia edib ki, “Böyük Məhəmməd Əmin Rəsulzadənin adı ilə yola çıxan bir partiya mühacir alverinə bulaşıb, “xalq yolunda cəfa çəkib” mühacir statusu alan 200 nəfər adsız “qəhrəmanını” xalqdan və hətta partiyanın sədr müavinlərindən, rəhbərliyindən ciddi-cəhdlə gizlədirsə, heç şübhəsiz ki, gec-tez hökumətin qarşısında gözükölgəli duruma düşüb cəmiyyətdə olan-qalan nüfuzunu itirəcəkdi”.

Daha sonra “Lütfən, “alternativli, demokratik, seçki keçirmişik” deyib məlumatsız insanların gözünə kül üfürməsinlər. 1993- dən 2015-dək, düz 22 il alternativli seçkilərini görən olmayıb. “Demokratiyaları” isə bu ölkədə keçiriləcək ilk demokratik seçkidə istənilən dairədən ən yüksək səslə Milli Məclisə seçiləcəyi heç kimdə şübhə doğurmayan Azərbaycanın gerçək Milli Qəhrəmanı Tofiq Yaqublunu 150 nəfərlik partiya məclisinə seçməmələrindən bəllidir. O Məclisə ki, Tofiq bəydən fərqli olaraq eyni soyaddan 4 nəfəri ora layiq biliblər.Və hakimiyyətin qarşısında gözükölgəli duruma düşüb xalq arasında nüfuzunu itirəndən sonra şübhəsiz ki, gec-tez vaxtilə Azadlıq qəzetinin redaksiyasından telefon oğurlayan, 20-30 manat pul qarşılığında statuslar yazıb sifarişlə birilərini tərifləyib, birilərinə qara yaxan, və sutkanın 20 saatı sərxoş olan bir əyyaşdan mədət umub onun başına yığışmalı, onun əxlaqsızlığına züy tutmalı idilər.Böyük Rəsulzadədən başlayan yolu bu qədər acınacaqlı sonluqla bitirmək əslində Azərbaycan xalqına xəyanətdir. Və nə mutlu bizə ki, bunu kim bilməsə də, Azərbaycan xalqı çox gözəl bilir”-deyə, o, sözlərinə əlavə edib.

Bundan sonra isə G. Hacıbəyli ilə Müsavat Partiyasının üzvləri arasında gərginlik yenidən alovlanıb.

Eyni zamanda, bir az öncə sosial şəbəkə hesabında Müsavat başqanı, sabiq deputat Arif Hacılı ittihamlarını sübut edə bilməyəcəyi təqdirdə, G. Hacıbəylinin məhkməyə veriləcəyini bildirib.

“…Müsavatdan arayış alanlar Avropada sığınacaq almayıb. Bu, yalandır. Müsavat Partiyası uzun illər ərzində partiya üzvlərinə bu sayda arayış verib. Bu arayışlar əsasən xaricə səfərə gedən, viza üçün səfirliklərə müraciət edən şəxslərə, məhkəmə işləri ilə əlaqədar tələblərə, Avropa ölkələrindən vəkillərin sorğularına cavab olaraq verilib. Bu arayışların məsələn, 5-i mənə, 6-sı Tofiq Yaqubluya verilib. 15-i bu gün də burada mübarizəsini davam etdirən, heç vaxt Azərbaycandan getməyi planlaşdırmayan müavinlərimə verilib. Bu rəqəmi də mətbuata biz açıqlamışıq. Başqa heç bir partiya, heç bir təşkilat belə dəftərxana məlumatlarını açıqlamır. Hətta əmin deyiləm ki, kimlərsə dəftərxana işinə Müsavatda olduğu qədər əhəmiyyət verir. Bu məlumatların müavinlərimdən gizli saxlanması barədə demoqoqiya da əsassızdır. Heç olmasa Müsavat başqanlığına namizədlərin canlı debatının bu gün də youtubeda olan videoyazısına baxın. Müsavata qarşı atılan bu böhtanlarla bağlı mətbuat konfransı keçirib həqiqətləri açıqlamışıq. Kimdə belə məlumat varsa Baş Prokurorluğun İstintaq İdarəsində AXCP və Müsavat haqqında bu mövzuda açılmış cinayət işi ilə bağlı istintaq qrupuna müraciət olunmasını tələb etmişik. Gültəkin Hacıbəyli Müsavat Partiyasını ağır cinayətdə ittiham edib. Ağır cinayəti bilib gizlətmək ciddi cinayət sayılır.

Tələb edirəm. Onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin. Əks təqdirdə, bizim onu böhtana görə məhkəməyə verməyimiz vacib olacaq. Xanım Müsavatda keçirilən demokratik seçkilərə də laf atır. Biz AXC-ni quranda bu təşkilatda bütün seçkilər gizli səsvermə yolu ilə keçirilirdi. AXC-də dayaq dəstəsi sədri seçkilərindən tutmuş Ali Məclisin sədri vəzifələrinədək gizli səsvermə yolu ilə seçilmişəm. 32 il əvvəl 100 minlərlə üzvü olan təşkilat gizli səsvermə keçirirdi, 21-ci əsrdə bu mümkün deyil? Hətta bundan sonra gizli seçki keçirmək, 10 ildən sonra sədrin dəyişməsi təkliflərini səsə qoymaqdan imtina edən bir təşkilatın fanatı olduğunu iddia edən şəxsin, özəklərdə də gizli seçki keçirən, başqan və rayon sədrləri seçkilərinə iki müddət məhdudiyyəti qoyan, açıq seçki kampaniyası, debatlar təşkil edən, seçkiləri jurnslistlərin, kameraların qarşısında canlı yayımla keçirən başqa bir təşkilatı demokratik olmamaqda ittiham etməsi riyakarlıq deyilmi? Başqalarından tələb etdiyini özün həyata keçirmək üçün güclü təşkilat və güclü siyasi iradə lazımdır. Təəssüf ki, Azərbaycanda belə təşkilat və belə siyasi iradəyə malik olan yalnız bir partiya var. Biz böyük Rəsulzadə dövründə mövcud olmuş və bizə əmanət edilmiş Müsavat ənənələrini nəinki qoruduq, hətta xüsusi proqram qurultayımızda dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirdik…”-deyə, A. Hacılı sonra qeyd edib.

Etikxeber.az


Read Previous

“Aztəminatlı ailələrdən, xüsusilə, ciddi müalicəyə və ya əməliyyata ehtiyacı olan uşaqlarla bağlı Dövlət Proqramının qəbuluna ehtiyac var”-JALƏ ƏLİYEVANIN TƏKLİFİ

Read Next

Deputat onlayn qəbul keçirdi-SEÇİCİLƏRİNİ, ÖLKƏ VƏTƏNDAŞLARINI BİR DAHA KARANTİN ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏYƏ SƏSLƏDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir