“Güman edirik ki, Aİ rəsmisinin səfərindən sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək, sülh müqaviləsi bağlamağa hazır olduğunu nümayiş etdirəcək”-KAMİLƏ ƏLİYEVA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Аvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirdikləri birgə mətbuat konfransı və orada səsləndirilən fikirlər Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Azərbaycan bütövlükdə Avropa İttifaqı və bu birliyin üzvü olan dövlətlər üçün əhəmiyyətli ölkələrdən biridir. Azərbaycan ticarətin 40 faizini Avropa İttifaqı ilə aparır. Avropa İttifaqına üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ölkəmiz Avropa İttifaqı çərçivəsindən kənar bu qurumun 9 üzv dövləti ilə ikitərəfli strateji əməkdaşlıq haqqında sənəd imzalayıb. Avropa İttifaqında təmsil olunan bir sıra dövlətlər Azərbaycanla əməkdaşlığa üstünlük verir, ölkəmizi özlərinə dost və tərəfdaş hesab edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, BDU-un kafedra müdiri, professor Kamilə Əliyeva mətbuata açıqlamasında söyləyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə Trans-Adriatik kəməri artıq istifadəyə verilib:

“Bu il yanvarın 1-dən Azərbaycan qazı Avropa İttifaqının üzv dövlətlərinə nəql olunmağa başlayıb. İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Gələcəkdə ixrac olunacaq təbii qazın həcmi daha da artırılacaq. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa dövlətlərini xam neftlə təchiz edir.

Mətbuat konfransında Prezident İlham Əliyev Şarl Mişelin diqqətinə bir daha çatdırdı ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, lakin icra etmədiyi 4 qətnamənin icrasını özü yerinə yetirdi. Həmin qətnamələrdə qeyd olunurdu ki, Ermənistan silahlı qüvvələri qeyri-şərtsiz işğal etdikləri Azərbaycan ərazilərini tərk etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgədə yerləşən digər dövlətlər üçün də yeni imkanlar yaratmış oldu. 10 noyabr Bəyanatının müddəaları Ermənistan tərəfindən nə qədər tez icra olunarsa, region dövlətləri arasında magistral və dəmir yolu əlaqələri də bərpa olunar”.

K.Əliyeva diqqətə çatdırıb ki, bütün kommunikasiyaların açıldığı təqdirdə, Azərbaycan öz ərazilərində müasir infrastruktur və nəqliyyat layihələrini qısa müddətdə həyata keçirə bilər. Prezident İlham Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində 2017-ci ildə Bakı- Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi buna əyani sübutdur. Bakı-Tbilisi-Qars layihəsi Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verdi. Azərbaycan tərəfi Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına da böyük investisiya qoyub. Artıq Azərbaycandan keçməklə bu marşrutla yükdaşımaları həyata keçirilir. Azərbaycan dünyada şaxələnmiş magistral qovşağı yaratmağa müvəffəq olub. Bu görüşdən sonra Avropa İttifaqı və onun rəhbərliyi bir daha əmin oldu ki, Azərbaycan təkcə bölgədə deyil, dünyada aparıcı mövqeyə malik dövlətdir.

Deputat vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti mətbuat konfransında gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında bir sıra böyük layihələrin həyata keçiriləcəyini vurğuladı və Avropa İttifaqının bu əməkdaşlıqdan məmnun olacağını qeyd etdi. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Şarl Mişel mətbuat konfransındakı çıxışında Dağlıq Qarabağ və status barədə bir kəlmə də işlətmədi. Bununla Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi. Avropa İttifaqı sərhədlərin delimitasiyası məsələsində də yaxından iştirak etmək arzusundadır:

“Güman edirik ki, Şarl Mişelin regiona səfərindən sonra Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək və Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu nümayiş etdirəcək”.

Etikxeber.az

Read Previous

İki bacının tək qardaşı…Şəhid Rza Məmmədovun-CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, BU GÜN ONUN 20 YAŞI TAMAM OLUR – FOTOLAR

Read Next

Kərim Vəliyev Müdafiə nazirinin birinci müavini–Azərbaycan Ordusunun Baş Qərargah rəisi – TƏYİN EDİLDİ, AYAZ HƏSƏNOV İSƏ VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir