Günahsız viranə Xocalım mənim! – AYDIN TAĞIYEV YAZDI

Bu gün erməni canilərinin günahsız dinc sakinlərə qarşı törətdiyi Xocalı soyqırımından 26 il keçir.

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri kimi tək azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir.

Həmin gecə dünyada çox az görülmüş dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, bəlkə də yer üzü belə müsibət, belə vəhşilik görməyib. Dinc əhalinin ev-eşiklərinə od vuruldu, torpaq qana boyandı. Düşmən qocaya, qadına, xəstəyə aman vermədi, qarşısına çıxan hər kəsə divan tutdu. Hətta südəmər körpələrə belə rəhm edilmədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər.

O qarlı, şaxtalı gecədə aramsız güllə yağışından qurtulub ayaqyalın, başıaçıq meşələrə, dağlara qaçanların çoxu pusquya düşərək gülləbaran edildi. Hər tərəfdə silahlı ermənilər dinc əhaliyə amansız divan tutdular. Hamilə qadınların bətnindəki körpələri süngüyə taxmaqdan belə çəkinmədilər.

xocali-1

Həmin gecə əsil müsibət yaşadı Xocalı sakinləri. Bu müsibəti törədən, uşaq, qadın, qoca, xəstə demədən hər kəsi amansızlıqla öldürən erməniləri bəşəriyyət  heç vaxt bağışlamayacaq.

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Əminəm ki, zamanla haqq öz tərəzisinə qoyulacaq və bu cinayətin cavabı veriləcək.

Xocalım!

Ötdü üstündən qanlı yelləri,
Dağıtdı yurdumu mənfur əlləri.
Əsir getdi qız-gəlinləri, 
Sağ qalan şahidin hər kəlmələri, 
Elə hey qisas deyir.
Günahsız viranə Xocalım mənim!

Üstündən ötdükcə illər o andan 
Günahsız yüzlərlə bədənlərdən can. 
Erməni uşağı taxıb süngüyə, 
Haqq olduğun bildirir alçaq birliyə. 

Vəhşilik etdilər, ölü-diriyə 
Qıydılar qocaya, körpə, xəstəyə 
Dünya susub, dinmir bu vəhşiliyə. 
Günahsız viranə Xocalım mənim! 
Günahsız viranə Xocalım mənim!

Aydın Tağıyev

Etikxeber.az

Read Previous

Əliyev Ərdoğanı təbrik etdi…

Read Next

Gec-tez haqq-ədalət zəfər çalacaq – PA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir