Gürcüstanda seçkilər-Müşahidəçilər arasında azərbaycanlılar da var

Səhər yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Deputatlığa namizədlər əsas 25 subyekt – 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.

Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, 55 beynəlxalq təşkilatdan 1440 müşahidəçi izləyəcək.

Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini müşahidə edəcəklər.

Səsvermə prosesini 184 KİV-in 5368 əməkdaşı izləyəcək.

Seçkilərlə əlaqədar Gürcüstanda 73 seçki dairəsi üzrə 3636 məntəqə seçki komissiyası yaradılıb.

Bu seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.

Seçkilərdə 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb.

Gürcüstan Seçki Məcəlləsinin tələbinə əsasən majoritar sistem üzrə mübarizə aparan namizədlər lazım olan səsləri toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq.

Tamar Jivaniya bildirib ki, majoritar sistem üzrə deputatlığa namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır. Əgər dairə üzrə namizədlərdən heç biri bu baryeri keçməsə ikinci tur olacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq. Namizədlərin bir neçəsi eyni səs toplayarsa, o zaman, onların hamısı ikinci turda iştirak edirlər.

İkinci turda ən çox səs toplamış namizəd deputat mandatı qazanacaq.

MSK sədri bildirib ki, ikinci tur birinci turdan 25 gün sonra keçiriləcək. Bu da təxminən noyabrın 2-nə təsadüf edəcək.

Etikxeber.az

Read Previous

Əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq

Read Next

Deputatlarımız AŞPA-nın payız sessiyasında iştirak edəcəklər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir