“Hələ də zəngini gözləyirəm, hələ də yolunu gözləyirəm…Elə bilirəm ki, bu dəqiqə zəng edəcək, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Amma…”-BEYLƏQANLI, BİRİNCİ ŞAHSEVƏNLİ ON İKİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİNDƏN BİRİ, EVİN-AİLƏNİN TƏK OĞLU, İKİ OĞLAN ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, DÖRD MEDALLI AZƏR ŞÜKÜROVUN ANASI FATI ŞÜKÜROVA – FOTOLAR – YENİLƏNİB

“Axırıncı dəfə Azərlə oktyabrın 20-də danışdım…Cəbrayıldaydı…Dedi ki, ana, zəng etmə, özüm rahat vaxtda zəng edəcəyəm…Bu, onunla sonuncu, axırıncı danışığımız oldu…Ondan sonra Azərdən xəbər almaq mümkün olmadı…Noyabrın 3-də Şəhidliyi xəbəri gəldi, 4-də də dəfn olundu (gözləri dolur)…Hələ də zəngini gözləyirəm, hələ də yolunu gözləyirəm…Elə bilirəm ki, bu dəqiqə zəng edəcək, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Amma…”

Bu sözlər Beyləqan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azər Cahid oğlu Şükürovun anası Fatı xanıma, Fatı Şükürovaya məxsusdur…

Bu sözləri bu gün-18 iyun 2024-cü il tarixində, səhər saatlarında Şəhidimizin məzarını və ocağını ziyarətim zamanı dilə gətirdi…

Qeyd edim ki, öncə Şəhidimizin Birinci Şahsevən kəndindəki məzarını ziyarət etdim…

Şəhidimiz Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında uyuyur…

Şəhidimizin məzarı və ruhu qarşısında ehtiramla baş əydim, ruhuna dualar etdim…

Sonra Şəhidimizin ailəsinə, ocağına baş çəkdim…

Şəhidimizin valideynlərinə-anası Fatı xanıma, atası Cahid kişiyə və tək, ailəli bacısı Aytən xanıma Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Şəhidimizə və cəmi Şəhidlərimizə bir ömür boyu borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Təxminən saat yarım çəkən ziyarətim zamanı Şəhidimizin anası və bacısı ilə söhbətləşdim, dərdləşdim…

Onlara az da olsa, təsəlli verməyə, acılarını az da olsa, xəfiflətməyə çalışdım…

***

Onu da qeyd edim ki, Azər Şükürov 1994-cü ilin fevral ayının 11-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində çox kasıb və çox imkansız bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Ondan iki yaş böyük olan bacısı Aytən xanım hazırda ailəlidir və Bakı şəhərində yaşayır…

Azər 2001-2010-cu illərdə Birinci Şahsevən kənd Əli Rüstəmov adına 2 saylı tam orta məktəbdə 9 illik təhsil alıb…

2012-2013-cü illərdə Əsgərlikdə olub, Vətənin keşiyində dayanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, bir müddət Bakı şəhərində işləyib, sonra yenidən Birinci Şahsevənə qayıdıb…

2015-ci ildə ailə həyatı qurub, iki oğlan övladı-Nurlanı Cahidi dünyaya gəlib…

Nurlan 2016-cı il, Cahid isə 2017-ci il təvəllüdlüdür…

İkinci sinfi bitirən Nurlan hazırda atasının-Azərin valideynlərinin himayəsində yaşayır…

İkinci Vətən Müharibəsi başlayan zaman isə Vətən sevdalısı Azər könüllü şəkildə Vətənin müdafiəsinə atılır…

Sentyabrın 29-dan döyüşlərdə işirak edir və oktyabr ayının sonlarına yaxın Qubadlı istiqamətində döyüşlərdən birində qəhrəmancasına Şəhid olur…

Noyabrın 3-də isə Şəhidliyi xəbəri ailəsinə, valideynlərinə bildirilir…

Nəşi bir gün sonra-noyabrın 4-də Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanır…

Azər həm də Birinci Şahsevənin 12 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Eyni zamanda, ana tərəfdən üç yaxın qohumu-Birinci Şahsevəndən olan Elşən Abbasovla Elvin Şirinov, Milabaddan olan Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra dörd medalla-“Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Anası Fatı xanım isə övladının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Bu yerdə onu da qeyd edim ki, Şəhidin ailəsinin, valideynlərinin heç zaman normal şəraitli ev-eşikləri olmayıb…

Və bugünədək də evlə, mənzillə təmin olunmayıblar…

Bu da qəbuledilməz və yolverilməzdir…

Digər Şəhid ailələri kimi Azərin valideynləri, ailəsi də normal evlə, mənzil təmin olunmalıdırlar…

Və inanaq, ümid edək ki, belə də olacaq, Azərin də ailəsi, valideynləri yaxın zamanlarda evlə, mənzillə təmin olunacaqlar.

Ruhu şad, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aİ liderləri “Ursula məsələsi”ndə-ANLAŞA BİLMƏDİLƏR

Read Next

Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq-AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir