Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 29 saylı Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Etikxeber.az-ın məlumatına görə, müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.
***
İclasda 79 saylı İmişli Seçki Dairəsindən namizədlər İlqar Hüseynli, Murad Fərzəliyev və İltizam Əkbərlinin şikayətinə baxılıb.
MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətlər eyni məğzi əhatə etdiyindən bir əsasda birləşdirilib: “Müraciətlərdə çoxlu sayda videogörüntü, protokol, akt MSK-ya təqdim edilib. Araşdırma zamanı namizədlər MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırma aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Murad Fərzəliyev isə 43 seçki məntəqəsinin 37-dən protokolları əldə edə bilib. O, şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.
MSK müzakirələrdən sonra 14, 16, 21, 23, 25 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib və şikayətləri qismən təmin edib.
Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsi üzrə lider namizəd Razi Nurullayevdir.
***
İclasda həmçinin, 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Qənbərovun şikayətinə baxılıb.
MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.
MSK-nın iclasında 123 saylı Seçki Dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.
***
“İstənilən halda komissiya günahkardır ki, pozuntu halları baş verib”.
Bunu isə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, proseslər başa çatandan sonra məsələlərin araşdırılması davam etdiriləcək: “Aşağı seçki komissiyalarının fəaliyyətindən narazılıqlara dair faktlar araşdırılacaq”.
***
“MSK fəaliyyətində hansısa maraq güdmür”.
Bunu da M. Pənahov deyib.
MSK sədri bildirib ki, görüntülərin sosial şəbəkələrdə yayılması maraqlarında olmasaydı, buna imkan verməzdilər: “Seçki Məcəlləsində bu yoxdur. Bu və ya digər formada müşahidəçilər və KİV nümayəndələri öz səlahiyyətlərini aşıb, komissiyanın fəaliyyətinə mane olublar. Amma biz yenə də zəng edib deməmişik ki, həmin müşahidəçiləri, jurnalistləri oradan çıxarın”.
***
“Şikayətçi şikayəti göndərəndən sonra da əlinə hansısa material keçərsə, MSK-ya təqdim edə bilər”.
Bunu öz növbəsində MSK sədri deyib.
M. Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır:
“Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
***
“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”– deyən MSK sədrinin sözlərinə görə, onlara təlqin etmək istəyirlər ki, quruma təqdim edilən görüntülərə onlarla birlikdə baxılsın:
“Görüntü baxıb nəticə çıxarmaq və qərar qəbul etmək üçün MSK-ya təqdim edilir. Elə bəzi Dairə Seçki komissiyalarında, Məntəqə Seçki komissiyalarında da bu cür arzuolunmaz hallar yaşanıb. Bəziləri komissiya üzvlərinə diqtə edir ki, siz onu etməlisiniz, bunu etməlisiniz. Bu, harada yazılıb? Hansı Seçki Məcəlləsində yazılıb ki, şikayətçiyə rəy verilməlidir? Qeyri-adi şəkildə diqtə edirlər ki, bunu etməlisən. Sonra da bunun qanunda yazıldığını iddia edirlər. Sosial şəbəkələrdən sui-istifadə etmək meyllərinin qarşısını almalıyıq”.
***
“Hər tərəf öz hüquqlarını bilməlidir”.
Bu da iclasda M. Pənahov deyib.
MSK sədri bildirib ki, seçki günü səhərdən axşama qədər edilən xaotik hərəkətlər qeyri-adi görüntüləri ortaya çıxarıb:
“Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.
***
İclasda 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.
İ. Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, heç kimi yaxınlaşmağa qoymayıblar”.
MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.
Qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.
Bu dairədə lider namizəd Afət Həsənovadır.
***
İclasda 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin müraciətinə baxılıb.
MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.
Q. Orucov əlavə edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.
Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.
***
Həmçinin, daha bir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrin yekununda 108 saylı Ağstafa Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.
***
İclasda 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə də baxılıb.
Bu barədə MSK-nın üzvü Ramiz İbrahimov məlumat verib.
R. İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb”.
R. İbrahimov qeyd edib ki, B. Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan, sadəcə, 9-u orijinal protokollarla eynilik təşkil edir”.
R. İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.
MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.
Bəxtiyar Hacıyev çıxış edərək araşdırmanın nəticəsindən narazı qaldığını bildirib, 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib. O, MSK-ya həmin seçki məntəqəsində baş verənləri əks etdirən görüntülər təqdim etdiyini, həmin görüntüləri sosial şəbəkələrdə yaydığını da söyləyib.
MSK sədri Məzahir Pənahov isə 29 saylı Səbail Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılacağını bildirib.
“23 saylı məntəqə ilə bağlı heç kim narahat olmasın, ciddi araşdırma aparılacaq” – deyə, o, qeyd edib.
Etikxeber.az