Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Sumqayıt şəhərinin, həm də Laçın rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Elgün Ağayar oğlu Abbaslının doğum günüdür.
Elgün Abbaslının sabah 33 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elgün Abbaslı 1991-ci ilin may ayının 16-da Laçın rayonun Dəhyan kəndində dünyaya gəlib.
Bir yaşının tamamından iki gün sonra-1992-ci ilin 18 may tarixində Laçın rayonunun işğal olunması ilə bağlı öz doğma yurdlarından məcburi köçkün düşüblər, Sumqayıt şəhərinə üz tutublar.
1997-2008-ci illərdə orta məktəbdə oxuyub.
Uşaqlıqdan hərb sənətinə böyük marağı olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2009-cu ildə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Şəhidliyinə kimi 7 il Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Gizir hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk günündən son gününə qədər də döyüşlərdə olub.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa istiqamətlərində 44 günlük şərəfli döyüş yolu keçib.
Axırıncı dəfə ailəsi ilə noyabrın 10-da, İkinci Vətən Müharibəsinin başa çatmasından sonra, Şəhidliyindən isə saatlar öncə danışıb.
Və həmin gün, axşam 5-7 radələrində Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 6 gün sonra, noyabrın 16-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də ailəli, bir övlad atası idi…
Şəhid olarkən övladı-balaca Nəzrin cəmi 4 ayının içində olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az