“Tək istəyimiz odur ki, Şəhidləri unutmayın, Şəhidləri xatırlayın və xatırladın…”-Şəhid atası Nadir Həsənov – Həm Şuşalı, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Nurlan Həsənovun Cənnətdəki altıncı doğum günündə, 35 yaşının tamamında-MƏZARI ZİYARƏT OLUNDU, ZABİTLƏR EVİNDƏ TƏDBİR KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Həm Şuşa, həm də Bakı şəhərinin (Binəqədi rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Nadir oğlu Həsənovun doğum günüdür.

Bu gün-19 may 2026-cı il tarixində Nurlan Həsənovun 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur. 

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Biləcəri qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Şəhidin məzarını ziyarətdən sonra-saat 12:00-da isə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Cənnətdəki altıncı doğum günü ilə bağlı tədbir düzənlənib.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Ardıncı çıxışlar başlayıb.

Şəhidin valideynləri-anası Həqiqət Həsənova, atası Nadir Həsənov, Qazi və Qazi atası Elxan Ələkbərov, polkovnik Tərlan Güləhmədov, Nurlan Həsənovun ibtidai sinif müəllimi, ictimai fəallar-Arzu ƏliyevaTamella Hüseynova, gənc yazar Sevindik Nəsiboğlu, Şəhidin qızı Nurgül Həsənova və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Şəhidin atası Nadir Həsənov bildirib ki, onların-bütün Şəhid valideynlərinin tək istəyi və arzusu odur ki, Şəhidlər unudulmasın, Şəhidlər daim xatırlansın və xatırladılsın.

“Çünki bu gün bu torpaqlar üzərində rahat gəzib-dolaşırıqsa, məhz Şəhidlərimizə və onların qan qardaşları olan canlı Şəhidlərimizə-Qazilərimizə borcluyuq. Ona görə də Şəhidlərimizi, Qazilərimizi heç zaman unutmaq olmaz və unutmamalıyıq!”-deyə, Şəhid atası əlavə edib.

Şəhidin anası Həqiqət Həsənovanın dediklərindən:

“May ayı bir zamanlar mənim üçün ən gözəl, ən sevincli ay idi…Çünki hər iki övladım may ayında dünyaya gəlmişdi-Nurlan mayın 19-da, qızım isə mayın 16-da…Bir dəfə dedim ki, olarmı ikinizin də yaşını bir yerdə, eyni gündə edək…Nurlan gülə-gülə dedi ki, ana, yox, mənim ad günüm ayrıca, geniş eyd edilməlidir (səsi titrəyir)…Oğlum, bax indi sənin ad günün daha geniş qeyd olunur, hamı iştirak edir…”

Polkovnik Tərlan Güləhmədov isə Nurlanla bağlı xatirələrini dilə gətirib, hərbi xidmət illərindən söz açıb.

O, Nurlanı həm Vətənpərvər bir insan, həm sadiq bir dost kimi dəyərləndirib.

Çıxışlarda eyni zamanda, Şəhidin Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Çıxışlardan sonra tədbir ədəbi-bədii hissə ilə davam etdirilib.

Şeirlər səsləndirilib, Zabitlər Evinin solistləri tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar ifa edilib.

Xüsusilə, solist Vüsal Ağayevin və gənc ifaçı-xanəndə Yusif Cəfərbəylinin ifaları tədbirə xüsusi rəng qatıb, tədbir iştirakçılarını kövrəldib, duyğulandırıb.

Sonda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı keçirilən tədbirdə ailə üzvləri, Bakıdan olan Şəhid ailələri, Qazilər-Xəzər Abdullayev və Hüseyn Ələkbərov, eləcə də ziyalılar, yazarlar, gənc sənətçilər və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Nurlan Həsənov 1991-ci ilin may ayının 19-da Şuşa şəhərində anadan olub.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

1992-ci ildə Şuşanın işğalı ilə əlaqədar Bakıya köçərək, Binəqədi rayonunda yaşamağa başlayıblar.

 1997-2008-ci illərdə Binəqədi rayonunda yerləşən Şuşa şəhərinin 3 nömrəli tam orta məktəbində təhsil alıb.

2008-2012-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində təhsil alıb.

2012-ci ildə  Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Daha sonra müddətli Leytenant kimi Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət çəkib  və 2014-cü ildə ehtiyatda olan zabit kimi təxris olunub. 

2020-ci il sentyabrın 21-də isə səfərbərliyə, təlimlərə cəlb olunub.

İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən də döyüşlərdə olub.

Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb.

Anası ilə telefon söhbətində son sözü “Ana, sən Şuşanı istəmirdin?…”,-olub.

Şərəfli döyüş yolu 5 gün çəkib.

Oktyabrın 1-də Füzuli istiqamətində ağır və qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Oktyabrın 2-də isə nəşi Biləcəri qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Ölümündən sonra 5 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,“Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Nurlan həm də ailəli olub.

Nurgül adlı bir qızı və Məhəmməd adlı bir oğlu Vətənə əmanət qalıb.

Hər iki övladı hazırda orta məktəb şagirdləridir.

Məkanı cənnnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:54

***

FOTOLAR:

16:00

***

16:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İstiqlalçı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı-“ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Read Next

32 yaşı tamam olan ali təhsilli Ceyhun Şalıyev və 24 yaşları tamam olan Ağacan Cəbrayılovla Elvin Məlikməmmədov-BU GÜN HƏR ÜÇ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir