Həmkarları Şahverdiyevi “topa tudular”… “Bu, yaramazlıqdır”

“Mənim özüm  məcbur köçkün olduğum kimiŞ təmsil etdiyim dairənin seçiciləri də məcburi köçkünlərdir. Buna baxmayaraq, biz hamımız Azərbaycan vətəndaşı olaraq bərabər hüquqa malikik. Odur ki, bu, heç kimə haqq  vermir ki, ehtiyaclı həyatımıza görə bizi təhqir etsin. Bu, yolverilən hal deyil”.
Etikxeber.az bildirir ki,  bunu Gununsesi.info-ya açıqlamasında Xocalıdan olan YAP-çı millət vəkili Elman Məmmədov  deputat Astan Şahverdiyevin məcburi köçkünləri aşağılayan ifadəsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün bütün məcburi köçkün və qaçqınlar dövlətçiliyə  sadiq və ölkə başçı ətrafında sıx birləşən insanlardır.
“Onlar ölkədə sabitliyin qorunub-saxlanmasına  çalışan  insanlardır. Onlar heç zaman dövlətçilik əleyhinə çıxmaz və ona xəyanat etməzlər. Buna görə də heç bir etiraz aksiyası keçirib, təxribat törətməzlər. Məcburu köçkünlər bu günə kimi bunu etməyiblər və etməyəcəklər də. Sadəcə, bu insanların istəyi nədir, onu bilmək laızmdır?!  Bu insanlar  necə ki, başqaları  rahat,  isti mənzillərdə əyləşiblər, onlar da bu qışın  şaxtasında  donmamaq üçün azacıq da olsa, yarımisti  mənzillərdə yaşamaq istəyir. Həmçinin,  bunu hökumət və aidiyyatı qurumlardan  istəyirlər. Bu məcburi köçkünlərin də evdə körpəsi, xəstəsi var. Səhər uşğını məktəbə göndərməlidir, öz işinə getməlidir. Heç olmasa, bir  stakan isti çay içməlidir bu insan ya yox?!
Əgər  istiliyi yoxdursa, necə etsin bunları?! Bax, onlar bunu tələb edir. Daha dövlətçilik əleyhinə çıxmırlar. Məcburi köçkünlər  etiraz aksiyası keçirməklə öz sosial vəziyyətlərini respublika rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər. Bu yolla  ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər ki, biz qışın şaxtasına soyuqda qalmışıq. Şərait yaradılmasını tələb edirlər. Ona görə də mən burada qəbahət görümrəm”- deyə, millət vəkili vurğulayıb.
“Onlar  Azərbaycandan keflərindən gedib Rusiyada şaxtada bazarda meyvə-tərəvəz satmır və ya tikintidə fəhlə çalışımır…”
E.Məmmədov əlavə edib ki, məcburi köçkünlərin bu tələbinə görə, onların ünvanına yaraşmayan, aşağılayıcı ifadələr işlətmək yolverilməzdir:
“Hesab edirəm ki, bu, yaramazlıqdır. Bu hərəkət nə millət vəkilinə, nə hər hansı vəzifə tutan şəxsə, nə də adi bir vətəndaşa yaraşan işdir. Mən bu cür yanaşmanı qəbul etmirəm və yaramazlıq hesab edirəm. Əksinə, biz hamımız  bu ehtiyacı  olan insanların yanında olmalıyıq. Onların problemlərinin həllinə çalışmalıyıq, nəinki onların ünvanına təhqiramiz  ifadələr işlətməliyik”.
Rusiyada çalışan insanları cəmiyyətin “otxodu” adlandırmasına gəldikdə isə E.Məmmədov deyib ki, istər Rusiyada, istərsə də, digər ölkələrdə olan soydaşlarımızı bazarlarda alverçi kimi tanımamalıyıq:
“Təkcə Rusiyada deyil, digər ölkələrdə yetərincə soydaşlarımız var ki, onlar elmlə məşğul olur, ictimai- siyasi proseslərdə aktiv iştirak edir,  layiqli iş adamlarıdır. Bunlarla yanaşı, çörəkpulu qazananlarımız da var. Biz niyə onlara bu cür yanaşmalıyqı?! Bu, yanlış yanaşmadır. Çünki onlar  Azərbaycandan keflərindən gedib Rusiyada şaxtada bazarda meyvə-tərəvəz satmır və ya tikintidə fəhlə çalışımır.
Onlar  Azərbaycanda ailəsini dolandıra bilmədiyindən bu ölkələrə üz tutublar. Bu şaxtalı havalarda ailələrinə  çörəkpulu qazanırlar. Burada qəbahət yoxdur. Onlar  əl açıb dilənmirlər ki?! Halal yolla ailələrinə pul qazanıb, göndərirlər. Odur ki,  mən kiminsə soydaşlarımız haqqında belə fikir işlətməsini ədalətsiz hesab edirəm”.
Millət vəkili hesab edir ki, əksinə,  azərbaycanlılar  dünyanın bütün qitələrindəki ölkələrə yayılmalı və orada  yaxşı elmə yiyələnməli, iş adamı olmalı və fəaliyyət göstərdikləri cəmiyyətlərin ictimai həyatında aktiv iştirak etməlidirlər:
“O baxımdan da kimsəyə haqq verilmir ki, bu insanları təqhir etsin”.
“Gözləməzdim ki, Milli Məclisin üzvü , Texniki Universitetin professoru, ziyalı bir insan  bu cür fikirlər səsləndirsin”
Digər YAP-çı millət vəkili Məlahət İbrahimqızı da Astan Şahverdiyevin bu hərəkətini qınayıb.
 Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən  M. İbrahimqızı bildirib ki, A. Şahverdiyevin bu barədə fikirlərini oxuyanda təəccüblənib:
“Gözləməzdim ki, Milli Məclisin üzvü , Texniki Universitetin professoru, ziyalı bir insan  bu cür fikirlər səsləndirsin. Mən onun dediklərinə inanmaq istəmirəm”.
Bununla belə millət vəkili hesab edir ki,  nə deputat, nə hər hansı məmur, nə də hansısa bir sadə vətəndaş ölkənin digər vətəndaşı haqqında aşağılayıcı fikir səsləndirsin:
“Hər bir vətəndaşın öz şərəf və ləyaqəti var və hər şəxs  digərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Yenə də təkrar edirəm ki,  Astan Şahverdiyevin  belə  fikirlər səsləndirməsinə inanmaq istəmirəm”.
Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

“Dost və qardaş Azərbaycan xalqına sülh arzulayıram” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir