“Həmsədrlərin 25 oktyabr tarixli bəyanatı, əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib”-MİLLƏT VƏKİLİ

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı, əslində, humanitar atəşkəsdən daha çox işğalçı Ermənistanı xilas etməyə yönəlib. Hazırda müzəffər Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad edir, qəhrəmanlıq göstərir və bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, bir qarış torpağımızı da işğal altında qoymayacaq. Bu, xalqımızın haqlı davasıdır, beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icra olunmasıdır. Haqqın, ədalətin bərpasıdır. Ədalət olmasa əsla sülh olmaz.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili vurğulayıb ki, belə bir vaxtda Azərbaycana qarşı ən  müxtəlif səviyyələrdə təzyiqlərin olması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin,  xüsusilə ATƏT-in Minsk qrupunun dərhal atəşkəsə nail olmağa çalışması tərəf tutmaq deməkdir:

“Minsk qrupunun missiyası ATƏT-in ona verdiyi mandata uyğun olaraq tərəfsiz olmaq və problemi sülh yolu ilə həll etməkdən ibarətdir. Ancaq bu missiyanı 28 ildir ki, yerinə yetirə bilməyən qurum indi nəinki problemin həllinə kömək etmir, tam əksinə, onun həll olunmamış qalması üçün yeni hüquqi baza yaratmağa çalışır. Əks təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədri olan üç ölkənin, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü kimi bu qurumun 1993-cü ildə qəbul etdiyi qətnaməni heçə saymaq, onu yenisi ilə əvəz etmək cəhdlərini necə başa düşmək olar? TŞ-nin qəbul etmək istədiyi yeni qətnamədə işğalçı Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri yox etmək cəhdləri, bunun əvəzinə yeni qərar qəbul emək niyyəti birbaşa işğalçıya  və işğala bəraət qazandırmaqdır. Bu həm də 30 ildə problemin nə üçün həll edilmədiyini izah edən ən yaxşı siyasi arqumentdir. Deməli, problemin həll olunmamış qalması həm də Minsk qrupunun məqsədli fəaliyyətinin nəticəsidir, onlar bunu sadəcə olaraq həll etmək istəməyiblər. İndi isə atəşkəs əldə etmək istəyirlər.

Axı  sentyabr ayından indiyədək Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Üstəlik, dinc əhalini gecə saatlarnda ballistik raketlərdən atəşə tutmaqla. İndi Minsk qrupunun həmsədrləri bu barbarlığı, hərbi cinayəti, terroru görməyiblərmiş kimi yenə də atəşkəs istəyirlər, Azərbaycana təzyiq edirlər.  Üstəlik, 25 oktyabr bəyanatının mətninə “humanitar atəşkəs” yox, birbaşa atəşkəs ifadəsi salmağa çalışırlar. Biz acı təcrübəmizdən bilirik ki, belə atəşkəs işğalçı Ermənistanı gücləndirmək, döyüş meydanında ona üstünlük yaratmaqla Azərbaycana təzyiqi artırmaq cəhdləridir. Ona görə də xarici siyasət idarəmizin, diplomatiyamızın 25 oktyabr bəyanatına məhz “humanitar atəşkəs” ifadəsinin salınmasına nail olması  olduqca vacib idi və belə də oldu. Həmsədrlər təzyiqi də, təsiri də işğalçı Ermənistana, humanitar atəşkəsi hərbi hücüm taktikasına çevirən işğalçıya etməlidirlər. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək,  heç bir iradə bir xalqın milli iradəsindən üstün ola bilməz”.

Etikxeber.az

Read Previous

Qərəzli mövqeyə adekvat cavablar…-ŞAHİN SEYİDZADƏ

Read Next

“Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar?…Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar… “-İlham Əliyev növbəti dəfə-XALQA MÜRACİƏT ETDİ – DAHA 17 KƏND VƏ 1 ŞƏHƏR İŞĞALDAN AZAD OLUNDU – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir