“Hər bir QHT əhalini Operativ Qərargahın çağırışlarına riayət etməyə çağırmalı, eyni zamanda, sosial yardıma ehtiyacı olan ailələrə yardımların göstərilməsində imkanları daxilində fəal olmalıdır”-AZAY QULİYEVDƏN ÇAĞIRIŞ

Son həftələrdə ölkəmizdə COVID-19 pandemiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin cari ilin avqustun 1-dək uzadılması, həmçinin, 21 iyun-5 iyul 2020-ci il tarixlərində ciddi karantin rejiminin tətbiqinə dair qərar qəbul edib.Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur. Mart ayından etibarən tətbiq olunan xüsusi karantin rejiminin ilk günündən başlayaraq vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.QHT-lərdən indiyə qədər olduğu kimi bundan sonra da üzərlərinə düşən missiyanı uğurla həyata keçirərək qarşıdakı iki həftədə infeksiyaya yoluxma sayının minimuma endirilməsi məqsədi ilə ölkə vətəndaşlarının sərtləşdirilmiş karantin rejiminin qaydalarına birmənalı əməl etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada ictimai monitorinq və maarifləndirmə kampaniyalarını daha effektiv şəkildə davam etdirmələri xahiş olunur.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev dilə gətirib.

Qeyd edib ki, Şuranın 2020-ci ildə elan etdiyi qrant müsabiqələrinin qalibi olan bir çox QHT layihəsinin pandemiya ilə bağlı məsələlərə yönləndirildiyini və bu günə kimi 246 QHT ilə qrant müqaviləsinin imzalandığını nəzərə alaraq, QHT sektorunun bu bəla ilə mübarizədə daha fəal olacağına, ümummilli həmrəyliyə daha çox töhfə verəcəyinə, dövlət tərəfindən qəbul olunan qərarların icrasının təmin olunmasında daha çox işlər görəcəyinə inanır.

“Bu baxımdan fəaliyyət sahəsindən asılı olmayaraq hər bir QHT bütün imkanlarını səfərbər edərək əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və çağırışlarına riayət etməyə çağırmalı, eyni zamanda sosial yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə yaşlılara yardımların göstərilməsində imkanları daxilində fəal olmalıdır. Əminəm ki, hazırkı çətin dönəmdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın yaxından dəstəyi, xüsusilə yüksək sosial məsuliyyət və vətəndaş borcumuzun hamı tərəfindən dərk edilməsi sayəsində ən yaxın zamanda COVID-19 bəlasına qalib gələrək tezliklə normal həyat tərzinə qayıda biləcəyik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq-terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir”-MUSA QASIMLI

Read Next

“Ən azı iyun və iyul aylarında 190 manat müavinətlər ödənməli, yardımların daha çox əhaliyə verilməsi təmin edilməlidir”-MÜSAVATDAN HÖKUMƏTƏ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir