“Hər gün yolunu gözləyirəm…Gözləyirəm ki, balam-İsmayılım haçan gələcək…”-BEŞ ÖVLADINDAN-DÖRD OĞLUNDAN ÜÇÜNÜ İTİRMİŞ ŞƏHİD ANASI SONA HÜSEYNOVA – ŞƏHİD İSMAYIL HÜSEYNOVUN 71 YAŞLI XƏSTƏ ANASI NƏ VAXT EVLƏ, MƏNZİLƏ TƏMİN OLUNACAQ, ŞƏHİD AİLƏSİNƏ QARŞI ƏDALƏTSİZLİK VƏ AYRI-SEÇKİLİK NƏ VAXT ARADAN QALDIRILACAQ? – FOTOLAR

İsmayıl Şahvələd oğlu Hüseynov…

Əslən Gədəbəy-Arıqıranlı, özü isə Bakı, Səbail, “20-ci sahə” doğumlu…

Ana tərəfdən Astaralı, ata tərəfdən Gədəbəyli…

İkinci Vətən Müharibəsi iştirakçısı, İkinci Qarabağ Savaşı Şəhidi…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

27 yaşında canından çox sevdiyi Vətəni yolunda canını fəda edən Azərbaycan, Qarabağ sevdalısı…

İsmayıl 1993-cü ilin 18 iyun tarixində Bakı şəhərinin Səbail rayonunun “20-ci sahə” adlanan ərazisində sadə bir ailədə, Sona və Şahvələd Hüseynovların ailəsində dünyaya gəlib…

Ailənin beş övladından, dörd qardaşdan biri və evin sonbeşiyi olub…

1999-2010-cu illərdə Şəhid Etibar Əliyev adına 162 saylı tam orta məktəbdə oxuyub…

Bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…

Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…

Əsgərlikdə olarkən, iki Əsgər yoldaşı ilə minaya düşüb, yaralanıb…

Əsgərliyini başa vurana yaxın-2013-cü ildə isə atasını itirib…

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…

Bir müddət Rusiyada çalışıb-işləyib, sonra yenidən Azərbaycana-Bakıya dönüb, taksi sürücüsü kimi fəaliyyət göstərib…

Xüsusilə, yaşadığı məhəllədə, “20-ci sahə”də böyükdən-kiçiyə hər kəsin hörmətini, sevgisini qazanıb…

Hər kəsə qarşı diqqətcil, mərhəmətli, şəfqətli olub, hər kəsə əl tutmağa, mənəvi dəstək olmağa çalışıb…

2020-ci ilin İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız Polad Həşimovun Şəhidliyindən sonra isə Səfərbərlik Xidmətinə müraciət edib, Vətənin keşiyində dayanmağa hazır olduğunu bildirib…

Və 202o-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…

Sentyabrın 27-dən isə döyüşlərə, Vətəninin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 12 gün çəkib…

Oktyabrın 8-də Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub…

Bir gün sonra, oktyabrın 9-da isə nəşi Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra beş medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

İsmayıl həm də subay olub…

Şəhidliyindən sonra dünyaya gələn qardaşı övladına Onun adı verilib…

Tək qardaşı Novruzun övladı Onun adını daşıyır…

Yeri gəlmişkən, Şəhidliyindən öncə İsmayıl – 1995 2006-cı illərdə iki subay qardaşını itirib…

Dərdli, Yaralı Hüseynovlar ailəsində üç övlad-üç oğul itkisi yaşanıb…

Sözün bitdiyi yer!

***

Bu gün-3 iyul tarixində Şəhidimizin Mələk simalı, Dərdli, Yaralı, həm də Dik duruşlu anası Sona Ana, Sona Hüseynova ilə söhbətləşdim…

Qeyd edim ki, Sona xanımı iki ilə yaxındır Şəhid məclislərindən tanıyıram…

Onunla bir neçə dəfə yol yoldaşı, Şəhid məclislərində olmuşuq…

Çox sakit, sadə, dinməz-söyləməz, həm də çox savadlı bir Azərbaycan anasıdır…

Sona xanıma bir daha Allahdan səbr və dözüm dilədim, bir daha “Həm Şəhidimizin, həm də hər iki balanızın məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Hər üç övladının ruhu qarşısında baş əydiyimi bildirdim…

Sona xanımla söhbətləşdim, dərdləşdim…

Şəhid anasının dediklərindən:

“Mənim üçün danışmaq çox çətindir…Həm həyat yoldaşımı, həm də üç oğlumu itirmişəm…İsmayılımı Vətən yolunda Şəhid vermişəm…Allah heç bir anaya, valideynə yaşatmasın mən yaşadığım müsibəti…Dörd oğuldan üçünü itirmək nə deməkdir, onu bir mən bilirəm…İsmayılı da Şəhid olmazdan bir gün öncə yuxumda görmüşdüm…Yuxuda “İsmayıl, İsmayıl”-deyə səsləndim və mənə dönüb baxanda gördüm ki, alnında qan var var…Sən demə, balam Şəhid olacaqmış…Və bir gün sonra Şəhidlik xəbəri gəldi (səsi titrəyir, kövrəlir)…Çox gözəl, çox ağıllı, çox hörmətli balaydı…Dəfn olunan günü insan seli varıydı…Arvadlı-kişili hamı ağlayırdı…İsmayılım elə hörmət qazanmışdı cəmi 27 yaşında…Heç nə istəmirəm… Sadəcə, hər gün onun yolunu gözləyirəm, gözləyirəm ki, balam haçan gələcək…”

Onu da qeyd edim ki, Sona xanımgil uzun illər “20-ci sahə”də, bina evində, iki otaqlı şəraitsiz evdə yaşayıblar…

Və bir müddət öncə şəraitsizlik üzündən iki otaqlı evlərini-mənzilləri satmağa məcbur olublar…

Hazırda Masazırda kirayədə qalırlar…

Ötən müddətdə də Şəhid ailəsi kimi onların mənzil Haqqı tanınmayıb…

Hər dəfə aidiyyatı qurumların müxtəlif bəhaləri ilə üzləşiblər, müraciətlərinə mənfi cavab alıblar…

Və qeyd etdiyim kimi, Şəhidin Haqqı olan mənzillə təmin edilməyiblər…

Bu isə Şəhid ruhuna, Şəhid ailəsinə, üç övladını itirmiş Şəhid anasına qarşı ədalətsizlikdən, haqsızlıqdan və hötmətsizlikdən başqa bir şey deyil…

Bu münasibətin, bu yanaşmanın başqa adı yoxdur!

Odur ki, həm yaşını, səhhətini, durumunu və həm də Şəhid ailəsi olmasını nəzərə alaraq, aidiyyatı qurumlar, Sosial Xidmət Agentliyi öz yanlışından dönməli və onları-Şəhid anasını balasının Haqqı olan evlə-mənzillə təmin etməlidirlər…

Borclarıdır, vəzifələridir, görəvləridir!

Bəhanəyə də, sözə də, vədə də, “ötür-ötür” oyununa da artıq yer yoxdur!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qurban bayramı ilə əlaqədar bu gün daha üç Səbailli Şəhidin-İLKİN ƏHƏDZADƏ, VÜSAL TEYMUROV VƏ ƏLİ TAĞIYEVİN AİLƏSİ, OCAĞI ZİYARƏT OLUNDU, ŞƏHİD AİLƏLƏRİNƏ BAYRAM SOVQATI TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Sıxlıq olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir