“Hər şeyi qadağan etmək olmaz” – HİKMƏT BABAOĞLU – FOTO

Milli maraqların qorunmasına dair layihə icra olunub

Sosial şəbəkələrdə münasibətlərin hüquqi tənzimlənməsi çox vacibdir. Bununla bağlı qanun hazırlanmalıdır. Lakin qanun konkret hansı qadağaları nəzərdə tutmalıdır – bu, mübahisəli məsələdir.

Etikxeber.az xəbər verir ki, bu barədə “Milli Maraqlarımızı qoruyaq” adlı verilişdə fikirlər qeyd olunub.

Milli Məclisin üzvü Hikmət Babaoğlunun qonaq olduğu proqramda bildirilib ki, bir çox ölkələrdə sosial şəbəkələrin tənzimlənməsi üçün yollar axtarılır. İstifadəçilərin qeydiyyatının nəzarətə götürülməsini tələb edənlər, kiber polis yaradanlar, ayrıca qanun hazırlayanlar da var.

H.Babaoğlu hesab edir ki, qanun hazırlanarkən insanların hüquq və azadlıqları nəzərə alınmalıdır:

“Qanunla qadağan olunmayan fəaliyyətimiz bizim azadlığımızdır. Hər şeyi qadağan etmək olmaz. Əslində, sosial şəbəkələr adlandırdığımız sistem nə mediadır, nə də şəbəkədir. Buradakı mövcud mürəkkəb proseslərin tənzimlənməsi çətindir. Real ictimai münasibətləri tənzimləyən hüququ virtual məkanda birbaşa tətbiq etmək olmur. Ona görə də biz indi axtarış mərhələsindəyik”.

Qonaqlar qeyd ediblər ki, virtual məkandakı indiki qarışıq məqamda milli maraqların qorunması çox mühümdür. “Milli maraqlarımızı qoruyaq” verilişi də məhz bu mövzuya həsr olunub. Veriliş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə İnkişafa Doğru İnteqrasiya İB tərəfindən hazırlanıb. Proqram sosial şəbəkələrdə Azərbaycanın maraqlarının qorunması ilə bağlı maarifləndirmənin gücləndirilməsi  layihəsi çərçivəsində təqdim olunur.

Proqramın hər buraxılışında sosial şəbəkələrdə müşahidə olunan problemlər və onların həlli yolları müzakirə olunur. Verilişdə sosial şəbəkələrdən gələn dini terror təhlükəsi, ailə dəyərləri, feyk xəbərlərin dövlət təhlükəsizliyinə vurduğu ziyan və digər problemlər müzakirə obyekti olub.

Etikxeber.az

Read Previous

Azərbaycanla Rusiyanın və İranın maraqları Xəzərdə necə üst-üstə düşə bilər? – BAXIŞ

Read Next

BDYPİ-dən Qurban bayramı ilə əlaqədar sürücülərə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir