Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Elmin Elməddin oğlu Bayramov…
Bir neçə ay öncə bəzi nadan və məsuliyyətsiz sosial şəbəkə istifadəçiləri tərəfindən barəsində yalanlar, uydurmalar yazılmışdı…
Guya onun İkinci Vətən Müharibəsi Şəhidi deyil, antiterror Şəhidi olduğu, yaşının 18-i tamamlamadığı, valideynlərinin olmadığı…barədə həqiqətlə yaxından-uzaqdan heç bir bağlılığı olmayan məlumatlar yayılmışdı…
Düzdür, sonra bir çox vətənsevər şəxslər tərəfindən Elminlə bağlı yazılanlar təkzib edilmiş, həqiqət ortaya qoyulmuşdu…
Amma həmin vaxtdan məndə Şəhidimizin ocağında olmaq, ailəsini, məzarını ziyarət etmək istəyi yaranmışdı…
Və nəhayət, dünən-13 iyun 2024-cü il tarixində istəyimi, arzumu reallaşdıra bildim, Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Elçin Tağıyevin anası Ayna Tağıyeva ilə birlikdə Biləsuvarın Əsgərabad kəndinin beş ikinci Vətən Müharibəsi Şəhidindən biri olan Elmin Bayramovun evini, ocağını, valideynlərini ziyarət etdim…
Qeyd edim ki, Elmin valideynləri Azərbaycanın ən gənc, ən cavan Şəhid valideynlərindəndir…
Elmin Şəhid olarkən anasının-Gültəkin xanımın cəmi 40, atasının-Elməddin Bayramovun isə cəmi 39 yaşı olub…
Elmin özü də Azərbaycanın ən gənc İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…
Cəmi 18 yaşında-üzünü görmədiyi, adını, sadəcə, kitablardan, efirlərdən bildiyi Qarabağı uğrunda canını fəda edən İgidlərimizdən, Qəhrəmanlarımızdandır…
Elmin 2002-ci ilin iyunun ayının 24-də Biləsuvarın Əsgərabad kəndində-sadə bir ailədə dünyaya gəlib…
Qarşıdan-10 gündən sonra isə 22 yaşı gəlir, Cənnətdəki dördüncü doğum günüdür…
Ailənin iki oğlan övladından biri, evin böyük oğlu olub…
Ondan bir yaş kiçik olan tək, yeganə, 21 yaşlı qardaşı hazırda ailəlidir…
O, 2008-2019-cu illərdə orta məktəbdə oxuyub…
Elminin Orduya, hərb sənətinə böyük marağı olub, hərbçi olmaq istəyib, ancaq atası Onun bu istəyinə qarşı çıxıb…
18 yaşının tamamından günlər sonra, 2020-ci ilin iyul ayında Əsgərliyə, Vətənin keşiyinə yollanıb…
Və cəmi 2 ay yarımın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…
Şəfərli döyüş yolu 10 gün çəkib…
Axırıncı dəfə Şəhidliyindən cəmi saatlar öncə, oktyabrın 5-də, axşam saatlarında ailəsi, valideynləri ilə əlaqə saxlayıb, hal-əhvallaşıb…
Və ayın 5-dən 6-na keçən gecə Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…
Nəşi də elə həmin gün, 6 noyabr tarixində Əsgərabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra dörd medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Hazırda ailəsinin yaşıdığı küçəyə Onun adı verilib…
***
Təxminən yarım saat çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim, onlara Allahdan səbr və dözüm dilədim…
Və ziyarət zamanı gözümü Şəhidimizin divardan asılmış şəkillərdən boylanan məsum çöhrəsindən çəkə bilmirdim…
Çöhrəsində, məsum baxışlarında sanki həm sevinc, həm də kədər gizlənmişdi…
Bəlkə də taleyinin, qismətinin, Şəhidliyinin carçısı idi həmin baxışlar, həmin məsumiyyət…
Nə deyim…
Ruhu qarşısında baş əyirəm!
Ruhu şad, məkanı cənnətlik olsun!
Nur içində uyusun!
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az