“2017-ci ilin I yarısında Respublika Hərbi Prokurorluğu tərəfindən qeydə alınmış korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olub”.
Etikxeber.az məlumat verir ki, bu fikir baş prokurorun müavini – hərbi prokuror Xanlar Vəliyevin Xalq qəzetində dərc olunan “Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir” başlıqlı məqaləsində əksini tapıb.
O, qeyd edib ki, qeydə alınmış korrupsiya cinayətləri ilə bağlı 63 şəxs barəsində 51 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə qeydə alınmış korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərinin sayı 34,2 faizi, rüşvət alma və rüşvətvermə cinayətlərinin sayı 25,6 faizi azalıb, qeydə alınmış mülkiyyət cinayətləri isə 8 faizi artıb.
Hərbi prokuror sonra qeyd edib ki, Dini ekstremizmə meylli hərbi qulluqçuların müəyyən edilməsi üçün hərbi hissələrdə görüşlər keçirilib: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib”.
Məqalədə qeyd edilib ki, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb.
X. Vəliyev həmçinin qeyd edib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub:
“Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünüöldürmə həddinə çatdırma cinayətlərinin qarşısının tam alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi vaxtaşırı ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclaslarında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlarının rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən Müdafiə Nazirliyinə və həmin silahlı birləşmələrin komandanlıqlarına informasiya xarakterli məktublar, təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Bundan başqa, Hərbi Prokurorluq üzrə qəbul edilmiş Tədbirlər Planına müvafiq olaraq, hərbi qulluqçuların dini yönümünün düzgün istiqamətləndirilməsi, dini fanatizmə qarşı dayanıqlı olmaları üçün Konstitusiyanın vicdan azadlığı və dini etiqad haqqında maddəsinin tələbləri izah edilməklə, zərərli məzhəb, təriqət və etiqadlara, dini ekstremizmə meylli olan fiziki və psixoloji cəhətdən zəif hərbi qulluqçuların müəyyən edilməsi üçün Respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatının, həmçinin ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi əks-kəşfiyyat qurumları və hərbi hissə komandirləri ilə birlikdə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissələrdə şəxsi heyətlə mütəmadi olaraq görüşlər keçirilib”.
Etikxeber.az