“Həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar…”-KAMİLƏ ƏLİYEVA – YAZI-VİDEO

Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsində mümkün olur.

Belə şəxsiyyətlər təkrarsız və bənzərsiz şəxsiyyətlərdir. Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır, yaradır və xalqına, dövlətinə, ümumilikdə isə dünyaya əvəzsiz töhfələr verirlər. Birmənalı şəkildə demək olar ki, dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev də məhz belə bənzərsiz dahi şəxsiyyətdir.Dahi Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu yol bugünkü Azərbaycan təhsilinin özəyini təşkil edir.Təhsil hər bir dövlətin inkişafının əsas özülü sayılır. Məhz güclü rəqabətin qlobal inteqrasiyasının, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır.

Azərbaycan da bu qlobal dünyanın artıq bir üzvünə çevrilib. Bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqəti atılan addımlarda, qəbul edilmiş qərarlarda və təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində özünü göstərir.Azərbaycan təhsilinin uğurlu inkişafı Ulu Öndərlə əlaqədardır.

Bu gün gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını və beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə təhsil sahəsində islahatların aparılmasının zəruriliyini vurğulayaraq hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

Ulu Öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

Həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır.

Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycanda müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçün isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-idtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir.

Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilib. Bu mənada Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmdə reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir.Bir faktı qeyd etmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Belə ki, Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir.

Dahi şəxsiyyət öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq demişdir:

“Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev keçmiş SSRİ dövründə, yəni Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir.Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır.

Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Dövlət başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

Ulu Öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də, onların birini digərindən təcrid etmək mümkün deyil və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası da labüddür.Dahi Liderin müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür, çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır.

Eyni zamanda harada ki, baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması da qeyri-mümkündür.Ümumiyyətlə, dövlətin iqtisadı qüdrətini onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalı, elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir.

Bu da danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır.Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları keçirilir ki, bu da elmə və təhsilə olan marağı daha da artırır.Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində Ümummilli Liderin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunmalıdır ki, islahatların aparılması təhsil siyasətinin mühüm amillərindəndir.Milli Tərbiyə Konsepsiyasının hazırlanması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid, “Təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiqi və praktiki tətbiqi, təhsildə elmi istiqamət faktorlarının gücləndirilməsi, təhsillə elmin vəhdətini təmin etmək məqsədilə prioritet sahələr üzrə elmi araşdırmaların, tədqiqatların aparılmasının intensivləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə proqramlar, layihələr üzərində fəaliyyətin müntəzəm olaraq davam etdirilməsi və digər məsələlərdən strateji istiqamətlər aydın görünür.Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır.

Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.Günümüzün reallıqları sübut edir ki, hazırda Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir.Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir.

Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan dövlət proqramları, həmçinin 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin Azərbaycan Prezidentinin diqqət mərkəzində olduğunun göstəricisidir.Artıq bu günün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır.

Sonda qeyd etmək istəyirəm ki, xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar.

Sadəcə olaraq dünyasını dəyişdi, deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda başqa bir formada, yəni mənəvi cəhətdən hər zaman bizimlədir.Heydər Əliyev xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşaraq daim bizimlədir.

Çünki Ulu Öndər dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, BDU-nun Genetika kafedrasının müdiri,

biologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Postkorana erasının şərtləri: Qarabağ probleminə fərqli baxış-AYGÜN YUSİBOVANIN YAZISI

Read Next

“Bacılar” adını bizə Heydər Əliyev vermişdi…”-GÜLYANAQ MƏMMƏDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir