“Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər…” – QƏNİRƏ PAŞAYEVA – FOTO- YENİLƏNİB – (1)

Milli Məclisin (MM) Səhiyyə komitəsinin yanvarın 30-da keçirilən iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.  

Etikxeber.az-ın məlumatına görə, layihəyə əsasən, Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.

Bununla bağlı qanunun 34-cü maddəsinin 1-ci hissəsində (Azərbaycan Respublikasının Dövlət Sanitariya-Epidemioloji Xidməti aşağıdakı hüquqlara malikdir) “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilərək, qeyd olunan obyektlər istisna olmaqla, xidmətin digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.

***

mm-sahiyya

Son beş ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər – azalma baş verib”.

Bunu da MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov rəhbəri olduğu komitənin təşkilatçılığı ilə “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” mövzusunda ictimai dinləmələrdə çıxışı zamanı bildirib. Komitə sədri  qeyd edib ki, 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53 nəfər, 2016-cı ildə isə 38,9 nəfər vərəmlə xəstələnib: “Planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur. Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problem olaraq qalır”.

ganira-aspaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunub. Bu təkliflə isə MM-in Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva çıxış edib. O,qeyd edib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da fəsadlar yaradır: “Qohum-tanışdan utanaraq qeydiyyata düşmürlər, sağlamlıqlarına fikir vermirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməsinlər. Xəstələr rəsmi qeydiyyata düşməlidirlər. Ümumiyyətlə, vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Yenə deyirəm, bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”.

Bununla yanaşı, Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısamüddətli yardımların verilməsi təklif edilib. MM-in Səhiyyə komitəsinin digər üzvü Sədaqət Vəliyeva bu təkliflə çıxış edib və deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”. S.Vəliyeva bildirib ki, bu gün əsas problemlərdən biri vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır: “Xəstələnmə hallarının, demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur”. Deputat əlavə edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.

***

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib ki, Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır: “Bu hal bizi narahat etməlidir”. H. Qədirova qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır”.

“Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir”.

Bunu iclasa dəvət edilən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev deyib. O, bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: “Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”. R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir. Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: “Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarət edilməsi çox vacibdir”.

HADİ-HADİ-1

İclasda Azərbaycanda mütəmadi olaraq vərəm xəstəliyindən əziyyət çəkənlərə müvəqqəti əlillik dərəcəsi verilməsi təklif edilib. Bu təklifi də  MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O deyib ki, əlilliyin verilməsi ilə bağlı prosedurlar elektronlaşdırılıb və bu sahədə bürokratik əngəllər aradan qaldırılır. Komitə sədri bildirib ki, davamlı vərəm xəstəliyi daşıyıcısı olanlara müvəqqəti əlillik dərəcəsinin verilməsi ilə bu problemin həllində daha ciddi irəliləyiş əldə edilə bilər.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıcanlı bildirib ki, əhalinin icbari dispanserizasiyası üzrə müayinələrə geniş yayılan ürək, şəkər, vərəm xəstəlikləri üzrə müayinələr də daxil edilməlidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Muğam sənətinin qorunması haqda qanun layihəsində nələr ehtiva olunur?

Read Next

Azərbaycan dövlətinə belə inkişaf lazım deyil… – ƏLİ HƏSƏNOV – FOTOLAR- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir