Hələ də laqeydlik və biganəliklə qarşılaşan Birinci Qarabağ Savaşı iştirakçıları…2 il vuruşmuş, yaralanmış Habil Yusifovun-HAQQINI TANIYAN, BƏRPA EDƏN OLACAQMI?

32 illik Qarabağ münaqişəsi tarixi 44 günlük İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər ilə başa çatdırılsa da, hələ də münaqişənin Azərbaycan insanına vurduğu dərin yaralar, yaratdığı, yaşatdığı bir çox problemlər qalmaqda, öz həllini gözləməkdədir…

Hələ də təəssüflər və əfsuslar olsun ki, Birinci Qarabağ Savaşının iştirakçılarına bir çox qurumlar və səlahiyyətlilər tərəfindən laqeyd, ögey, biganə, saymazyana münasibət hökm sürməkdə, davam etməkdədir…

Onlara qarşı hətta bəzən “məğlubiyyət əsgərləri” damğası vurularaq, aşağılayıcı, həqarətli münasibət sərgilənməkdədir…

Və bu, kökündən yanlış, çox ziyanlı və olduqca təhlükəli yanaşma, münasibətdir…

Bugünkü dinclik və əmin-amanlığımızda, təhlükəsiz yaşayışımızda onların da əməyi, zəhməti, rolu, xidməti var, danılmazdır və müstəsnadır…

Birinci Qarabağ Savaşının ilk günlərindən döyüşlərdə iştirak edən döyüşçülərdən biri də 1972-ci il doğumlu, əslən Şəkinin Kiçik Dəhnə kəndindən olan və hazırda (illərdir) Mingəçevir şəhərində yaşayan Habil Nadir oğlu Yusifovdur…

Habil 20 yaşından, 1992-ci ildən Birinci Qarabağ Savaşında iştirak edib-ta ki, 1994-cü ildə ağır döyüşlərdən birində ağır yaralanana, travma alana kimi…

O, 1992-94-cü illərdə Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib və 1994-cü ilin yanvar ayının 28-ində ağır yaralanıb…

Və həmin ilin fevralın 11-indən aprel ayının 25-inə kimi, düz iki ay yarım xəstəxanada yatıb, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müalicə və müayinə alıb…

Bunu təsdiqləyən sənədlər də ortadıdır, hətta 2015-ci ildə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin bu barədə rəyi, qərarı da mövcuddur…

Ancaq çox təəssüflər olsun ki, digər bir çox Birinci Qarabağ Savaşı iştirakçıları kimi Habilin də ötən 27 ildə Haqqı pozulmaqda, tanınmamaqdır…

Bugünədək Müharibə iştirakçısı, Qazi kimi heç bir imtiyazdan istifadə hüququna sahib ola bilməyib…Ötən 27 ildə veteranlıq vəsiqəsi belə verilməyib Haqqı, ortada daşdan keçən dəlil-sübutlar ola-ola…

***

Habillə bugünlərdə Mingəçevirdə təsadüfən, Şəhidlərimizdən birinin Cənnətdəki ad gününə həsr olunmuş tədbirdə tanış olduq, məclis iştirakçılarına çay paylayırdı, hazırda da çayçı peşəsi ilə məşğul olmaqdadır…

Jurnalist olduğumu bilib, çəkinə-çəkinə mənə yaxınlaşdı və başına gələnlərdən, hələ də Haqqının tanınmamasından, veteran vəsiqəsi ilə təmin olunmamasından, yaşayışının çətinliyindən danışdı, şikayətləndi və xahiş etdi ki, onun da problemləri işıqlandırılsın…

Bildirdi ki, bəlkə haqqında yazılsa, nəsə müsbətə doğru irəliləyiş baş verə, onun da Haqqını tanıyan olar…

Bəli, cənab səlahiyyət sahibləri, aidiyyatı qurumlar: artıq söz, qərar sizindir…

Birinci Qarabağ Savaşı iştirakçılarına, o cümlədən iki il Vətən yolunda vuruşmuş, yaralanmış, travma almış Habil Yusifova olan laqeyd, biganə münasibəti aradan qaldırın və onların halal Haqqını tanıyın…

Bu, Sizin həm insanlıq borcunuz, həm də vəzifəniz, səlahiyyət borcunuzdur…

Borcunuzu da, vəzifənizi də bir zəhmət unutmayın, yerinə yetirin!

07:53

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Böyüklərimizin böyük xidmətləri qarşısında borcumuz sonsuzdur… Nə etsək, nə desək yenə azdır…”-MİLLİ MƏCLİSİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – FOTOLAR – YENİLƏNİB – FOTOLAR

Read Next

Daha bir Şəhidimiz-GİZİR FƏRMAN YAQUBLU ŞƏHİD OLDU – MN VƏ XİN BƏYANAT YAYDI – DÖVLƏT SƏRHƏDDİNDƏ ATIŞMA DAVAM EDİR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir