“Həm açıq, həm də “gizli” düşmənlə savaşırıq…Hər kəsi karantin qaydalarına əməl etməyə çağırırıq…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Çox təəssüflər…

Yenə döndük, yenə qayıtdıq başa…

Yenə iyun-iyul aylarının vəziyyəti, acı mənzərəsi, tablosu ilə üz-üzəyik.

Yenə “gizli düşmən”ə-koronavirusa yoluxmada kritik artım yaşanmaqdadır.

Dünənə olan, son məlumata görə, artıq yoluxma həddi nə az-nə çox  530-a yüksəldi.

Cəmi bir həftə-10 gün öncə 100-dən aşağı düşən yoluxma sayı yenidən 300-ə, 400-ə, 500-ə qalxdı, 600-lük hədd civarındadır.

Son 8 ayda ən yüksək yoluxma sayı iyun-iyun aylarında olmuşdu-599.

Amma son bir həftə-10 gün ərzində 80-lərdən, 90-lardan 600-lük həddə yüksəlmə, artım baş verdi.

Səbəb də sadə və bəlli: karantin qaydalarına açıq-aşkar əməl etməmək.

Avqustun sonları, sentyabr ayının əvvəllərində verilən növbəti-ardıcıl yumşaldılma qərarlarından sonra yenə may ayındakı vəziyyətə qayıdılmış oldu.Çox üzücü, çox narahatedici tablodur.

İnsanlarımızın, vətəndaşlarımızın bir çoxu arxayınlaşmağa başladılar, əlcəklərdən, tibbi maskalardan imtina etdilər, sosial məsafəni unutdular, küçələrə, meydanlara, paklara, qələbəlik olan məkanlara axışdılar. Nəticə də, mənzərə də ortada.

Aylardır çəkilən zəhmətlər, həkimlərimizin, tibbi işçilərimizin səyləri, fədakarlıqları, dövlətin üzərinə götüdüyü ağır yüklər bir andaca demək olar ki, yerə vuruldu, vurulmaq üzrədir.

Dəfələrlə deyilməsinə, çağırışlar, müraciətlər edilməsinə baxmayaraq, bir çoxu öz bildiyini etdi. Özləri ilə bərabər ətraflarındakı insanların da həyatını, taleyini yenidən risqə, təhlükə altına atdılar.

Bu gün həm də hərb meydanında amansız, yağı, qəvi dümənlə mübarizə aparırıq, Haqq savaşındayıq.

Həkimlərimizin, tibbi işçilərimizin bir çoxu ön cəbhədə-qəhrəman əsgərlərimizin, igidlərimizin yanında, xidmətindədirlər.

Karantinə əməl etməyən vətəndaşlarımız ani də olsa, həmin insanları heç düşünmədilərmi, düşünmürlərmi? Əsgərlərimizə, hərbçilərimizə, Vətən igidlərimizə virus yoluxarsa, onda nələrin yaşanacağını düşünmək bu qədərmi çətindir?

Və yaxud, arxa cəbhədə, müharibə getməyən ərazilərdə yoluxma 600-lük həddi  keçərsə və həkimlərimiz, tibbi işçilərimiz yenidən geri dönərsə, onda nələr baş verə biləcəyini anlamaq bu dərəcədəmi çətin işdir?

Özünüzə rəhm, mərhəmət etmirsinizsə, heç olmasa, aylardır ev-eşik üzü görməyən həkimlərimizi, tibbi işçilərimizi, Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirən, düşmən qarşısında sinələrini sipər, qalxan edən, Zəfər yazan övladlarımızı, əsgərlərimizi, hərbçilərimizi düşünün!

Onları nəzərə alın, onlara hörmət edin və karantin qaydalarını istisnasız, birmənalı şəkildə yerinə yetirin!

Yetər, lütfən- tibbi maskalardan, əlcəklərdən istifadə istifadə edin, sosial məsafə kurallarına uyun!

Odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü son dərəcədə vacib qərarını, Təhsil Nazirliyinin mövqeyini ikiəlli dəstəkləyirəm. Hesab edirəm ki, indiki durumda bu cür məhdudlaşdırmalara ehtiyac varıydı, bunlara gedilməliydi.

Düzdür, bunu arzu etməzdik, istəməzdik, amma dərslərin yenidən dayandırılması, şagirdlərin, tələbələrin, təhsil işçilərinin noyabrın 2-dək tətilə göndərilməsi, o cümlədən, metronun fəaliyyətinin dayandırılması və sair, lazımlıdır, önəmlidir, vacibdir.

Bunlar məcburiyyətdən irəli gələn, atılan  vacib addımlardır.

Düşünürəm və inanmaq istəyirəm ki, heç olmasa, bu addımlar, ikinci Vətən müharibəsi bir çoxlarına dərs olacaq və onlar, nəhayət nə özlərinin, nə də başqalarının həyatlarını risqə atacaqlar.

Biz məsuliyyətimizlə, həmrəyliyimizlə hər iki düşmənə, hər iki virusa birlikdə qalib gələcəyik!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“Koronavirusla mübarizə aparmaqla ordumuza dəstək olmalıyıq”-DEPUTATDAN ÇAĞIRIŞ

Read Next

Düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur-MÜDAFİƏ NAZİRLİYİ – ORDUBAD RAYONU DA RAKET ZƏRBƏSİNƏ MƏRUZ QALIB – YENİLƏNİB – (2) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir