“Həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi…”-ELDAR İBRAHİMOV AZƏRBAYCANIN SON 30 İLİNDƏN DANIŞDI VƏ…

Heydər Əliyev bir müddət Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərin hərbi təcavüzünə qarşı mübarizə aparır, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə görkəmli siyasi xadim, həmişə Vətəni və xalqı üçün yorulmadan çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi Onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

Qeyd edib ki, 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə Sədr seçildi:

“Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı. Ali Məclisin Sədri kimi Heydər Əliyev ilk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı”.

E. İbrahimov eyni zamanda bildirib ki, 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdi ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı.

“Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləməmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsr götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.Özünü xalqın “aparıcı qüvvəsi” hesab edən Xalq Cəbhəsi və “Müsavat” cütlüyü bundan öz xeyrinə yararlanaraq Azərbaycan Respublikasında hakimiyyəti tezliklə ələ aldılar. Lakin, bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı. Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əldə etdiyi bu uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də buna nail ola bilmədi. Çünki, Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra- 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər bir tərəfdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında “Talış-Muğan Respublikası” yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı “Sadval” təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bunun məntiqi nəticəsi kimi 1993- cü il iyunun 4-də Gəncədə xalq cəbhəsi-müsavat iqtidarına tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başladı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına Sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!”

Etikxeber.az

Read Previous

9 bölgədə 54 saatlıq sərt karantin rejimi-BAŞLADI

Read Next

“Sülh çağırışlarına qulaq asmamaq, beynəlxalq çağırışların məntiqi sonluğa bağlanmaması tək bir alternativə aparır: o alternativin adı müharibədir”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir