“Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira…” – XALQ YAZIÇISININ MÖHTƏŞƏM TƏQDİMAT MƏRASİMİ- FOTOLAR

Elmira AXUNDOVA: Jurnalist həmkarlarım qarşısında öz borcumu hələ tam şəkildə yerinə yetirməmişəm.

Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira…” kitablarının təqdimatı olub.

Etikxeber.az xəbər verir ki, “Bizim tanıdığımız Elmira…” kitabında Elmira Axundovanın yaradıcılığına həsr olunmuş məqalə və esselər toplanıb.

Burada son 15 ildə mətbuatda onun haqqında çıxan ən maraqlı və əhəmiyyətli yazılar yerləşdirilib. İkinci kitab – “Həmkarlarımla üz-üzə” isə Elmira Axundovanın müxtəlif yazılı və elektron KİV-də öz jurnalist həmkarları ilə açıq və səmimi söhbətləri – uşaqlıq illəri, valideynləri, ilk məhəbbəti, özünün maraqlı, gözlənilməz hadisələrlə dolu və sərt dönüşləri olan həyatı barədə müsahibələrindən ibarətdir.

“Yazıçılıq sənətinin Anar, Vaqif Səmədoğlu, Natiq Rəsulzadə kimi ustadlarının, akademik İsa Həbibbəylinin, jurnalistikanın korifeyləri Elmira Əliyeva və Qalina Mikeladzenin və bir çox başqalarının mənim haqqımda əhatəli, dərin və çox səmimi məqalələr yazdıqlarını dərk etmək mənim üçün çox xoşdur”

Tədbirdə çıxış edən kitabların müəllifi Elmira Axundova onun yaradıcılığını izləyənlərə, ədəbi və ictimai fəaliyyətinə maraq göstərənlərə təşəkkürünü bildirib.

elmira-2

Xalq yazıçısı deyib: “Bu gün kitablarımın təqdimatında mən məhz jurnalist həmkarlarımı, xüsusən mənim son 15 ildə – bədii yaradıcılıqla fəal şəkildə məşğul olduğum müddətdə hər zaman mənim layihələrimi və təşəbbüslərimi dəstəkləyənləri, xaricdə keçirdiyim bütün təqdimatları, yeni çıxan kitablarımı işıqlandıranları bir yerə toplamaq istəyirdim. Bütün bunlara görə onlara çox minnətdaram. Yazıçılıq sənətinin Anar, Vaqif Səmədoğlu, Natiq Rəsulzadə kimi ustadlarının, akademik İsa Həbibbəylinin, jurnalistikanın korifeyləri Elmira Əliyeva və Qalina Mikeladzenin və bir çox başqalarının mənim haqqımda əhatəli, dərin və çox səmimi məqalələr yazdıqlarını dərk etmək mənim üçün çox xoşdur”.

Sonra “Deməli, publisistika sahəsində mənim əməyim, kitablarım, səylərim onlarda öz güclərini və vaxtlarını sərf edərək bu cür məqalə və oçerklər yazmaq marağı oyadıb. Mən də mətbuatda haqqımda çıxan ən əhəmiyyətli və əlamətdar yazıları nəşr etməyə qərar verdim. Nəhayətində, bu, digər yazıçılar və publisistlər üçün, eləcə də çoxsaylı dostlarım və həmkarlarım üçün ədəbiyyatı tədqiq etmək sahəsində nümunə ola bilər”-deyən,  Xalq yazıçısı qeyd edib ki, jurnalistə müsahibə bir tərəfdən, informasiyaya malik olan insanla ünsiyyət zamanı ondan həmin informasiyanı əldə etmək metodudur, digər tərəfdən, publisistika janrı jurnalistin söhbət və suallar verməsi vasitəsilə həmsöhbətinin informasiyanı tam şəkildə açmasına kömək etməsidir. Ona görə də konkret müsahibə üçün lazımi yanaşmanın seçilməsi çox mühümdür.

“Azərbaycan jurnalistikası da böyük media məkanının bir hissəsi kimi yerində saymır, irəliyə doğru addımlayır, olar bilər ki, o, regionda ən güclüsüdür…”

elmira-kitab-1

“Məndən tez-tez soruşurlar: “Bizdə müasir jurnalistikanın səviyyəsi necədir?” Mən həmişə cavab verirəm ki, Azərbaycan jurnalistikası da böyük media məkanının bir hissəsi kimi yerində saymır, irəliyə doğru addımlayır, olar bilər ki, o, regionda ən güclüsüdür. Düzünü desək, hesab edirəm ki, mən jurnalist həmkarlarım qarşısında öz borcumu hələ tam şəkildə yerinə yetirməmişəm. Elə bu səbəbdən, sizləri də həmmüəllifi hesab etdiyim “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira…” kitablarını yazmaq ideyası yarandı. Bundan başqa, mənim “Dostlarımın gözəl cəhətləri…” adlı digər kitabımda tanınmış siyasi xadimlərlə yanaşı, Elmira Əmrah qızı, Nəsir İmanquliyev, Aslan Aslanov və digər adlı-sanlı jurnalistlərin bədii portretləri təqdim olunub” -deyə, müəllif daha sonra sözlərinə əlavə edib.

Tədbirdə çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatı Sahib Alıyev, “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin müxbiri Afət İslam və digərləri qeyd ediblər ki, Elmira Axundova öz kitablarında özünəməxsus düzgünlüklə, eyni zamanda, səmimi və birmənalı şəkildə bu gün cəmiyyətimizi narahat edən bir çox problemlər haqqında kəskin, bəzən isə gözlənilməz suallara cavab verir. Oxucular son otuz ildə ölkəmizin ictimai-siyasi həyatının tarixində baş verən hadisələrə tanınmış yazıçının prizmasından baxmaq imkanı əldə edirlər. Bununla yanaşı, Elmira Axundova özünün jurnalist həmkarlarını da yaddan çıxarmayıb və kitablarında onun yaradıcılığından bəhs edən kiçik yazılardan tutmuş, geniş və dərin analitik məqalələrədək bütün materialları yerləşdirib.

Elmira Axundova yüksək peşəkarlıq, insanlara və hadisələrə xeyirxah və obyektiv münasibət məktəbidir. Bu, gənc jurnalistlər nəslinə bir çox mətləbləri öyrətməyə qadir olan, onları öz fikirlərini savadlı şəkildə ifadə etməyi, peşəkarlığı, öz sözlərinə görə məsuliyyət daşımağı, Vətənini və xalqını sevməyi və onlara xidmət etməyi, prinsipial olmağı, bütün qəlbi ilə həyatını həsr etdiyi peşəsinə bağlanmağı təlqin edən məktəbdir.

elmira-kitab

Qeyd olunub ki, Elmira Axundova “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib”, “Bu bizik”, “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”, “Anar Məmmədxanov. Kapitanın taleyi” və başqa kitabların müəllifidir. “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildlik roman-tədqiqatında isə yazıçı Ümummilli lider Heydər Əliyevin sözün əsl mənasında möhtəşəm, əbədiyaşar abidəsini yaradıb və bu abidə əsrlər boyu var olacaq.

Xüsusilə vurğulanıb ki, Elmira Axundova ədəbi yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, cəmiyyətdə olan problemlərə biganə qalmır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Etikxeber.az

Read Previous

“Onlar çalışırlar ki, dünya, insanlıq parçalansın…” – RAFAEL HÜSEYNOV

Read Next

“Sosial şəbəkələr hamımızın nəfəs aldığımız, sərhədlər tanımayan bir atmosferdir ki…” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir