“Həqiqət anı…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (ÜÇÜNCÜ HİSSƏ-SON)


Ruhu, qanı, canı ilə sülh tərəfdarı olan Azərbaycan xalqı!

(YAZININ DAVAMI-SON)

Bəli, bu gün həm də həqiqət, sapla samanın ayırd edilməsi, dostla düşmənin məlum olması, olduğu andır.

Kimlər bizim, Haqqın yanındadır, kimlər düşmənin, Nahaqqın yanındadır, artıq birdəfəlik məlum olmalı və adla, bir-bir deyilməlidir.

Heç təsadüfi deyil ki, dövlət başçımız birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərimizlə görüşərkən bu məsələyə çox kəskin və birmənalı mövqeyini ifadə etdi, nöqtəsini qoydu.

Ölkə rəhbəri xüsusilə, qardaş və dost Türkiyənin bu məsələdə tutduğu mövqeyə diqqət çəkdi. Çünki doğrudan da, qardaş və dost Türkiyə dövlətinin, Türk xalqının Azərbaycana verdiyi dəstək ən üst səviyyədədir. Xüsusilə də, iyul-Tovuz hadisələrindən sonra Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətləri, verilən qarşılıqlı dəstəklər dünyaya nümunə olacaq bir məsələdir.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, siyasilər, siyasi və hərbi elita, Türk mediası, bütövlükdə Türkiyə cəmiyyəti birmənalı şəkildə Azərbaycanın yanındadır və onun qəbul etdiyi istənilən qərara dəstək verdiyini və verəcəyini bəyan etmişdir. Elə son günlər Qarabağ məsələsi və yaşanan son durumla bağlı cənab Ərdoğanın ortaya qoyduğu mövqe, dünya liderləri ilə telefon danışıqları, Azərbaycanın mövqeyini birmənalı və daha güclü şəkildə dəstəkləməsi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkünlüyünü bəyan etməsi əsl qardaş, dost mövqeyi, yanaşmasıdır.

Odur ki, dövlət başçımız yaralı hərbçilərimizlə görüşündə ilk olaraq, məhz qardaş Türkiyənin Azərbaycana dəstəyinə toxundu, onu daha çox qabartdı. Dövlət başçımız dedi:

“Qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur.

Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır – mənim üçün, xalqımız üçün, hamımız üçün”.

Bəli, dövlət başçımızın da dediyi kimi, Azərbaycana birmənalı dəstəyini ifadə edən ölkələr sırasında 29 ildir Ermənistanı bir ölkə kimi tanımayan, onunla heç bir siyasi-diplomatik münasibətlər qurmayan, Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan qardaş və dost Pakistan, həmçinin, son illər qarşılıqlı əlaqələrimizin daha da gücləndiyi dost Əfqanıstan ən öndə gəlir.

Bununla yanaşı, Azərbaycanla müttəfiq olan və bütün məsələlərdə mövqeləri üst-üstə düşən Ukraynanı, qonşu Gürcüstanı qeyd etmək olar. Hər iki dövlət Azərbaycana, onun haqlı davasına öz dəstəklərini göstərməkdədirlər. Bunlar olduqca önəmli və qeyd olunmalı məsələlərdir.

Bəli, indi həqiqət anıdır və hər kəs gecikmədən öz mövqeyini ortaya qoymalıdır. Bu, bizdən daha çox mövqesizlik göstərənlərə, üzdə dost kimi davranıb, amma arxada başqa mövqe nümayiş etdirənlərə lazımdır. Çünki uduzan biz olmayacağıq, uduzan bizimlə olmayanlar, ikili mövqe nümayiş etdirənlər, susanlar, gecikənlər olacaq.

Biz öz yolumuzla, əsl dostlarımızla, müttəfiqlərimizlə yolumuza inamla davam edəcəyik, bütün Qələbələr, Zəfərlər bizlərlə, bizimlə olacaq – Haqqın yanında, Haqlının yanında olanlarla!

Ümumiyyətlə, indiki kifayət qədər çətin və həssas bir şəraitdə ölkə Prezidenti ilə Birinci xanımın Qarabağ, Vətən uğrunda döyüşlərdə yaralanmış hərbçilərimizlə görüşməsi, onlara baş çəkməsi özü bir diqqət, qayğıdır, insani dəyərlərin ən yüksək zirvəsidir.

Bu, hər zaman belə olub. İstər dövlət başçısı, istərsə Birinci xanım hər zaman Qarabağ, müharibə iştirakçılarına, sağlamlıqlarını itirmiş, əlil olmuş igid Vətən övladlarına diqqət və qayğıları, son dərəcə həssas münasibətləri ilə seçiliblər. Zaman-zaman atılan addımlar, verilən qərarlar, Fərman və Sərəncamlar da bunun əyani, bariz nümunəsidir.

Çünki başqa cür də ola bilməz. Son addım, son görüş, yaşanan təsirli anlar, igid hərbçilərimizin sağalandan sonra yenə də cəbhəyə yollanmaq niyyətləri dövlət-xalq, iqtidar-xalq birliyinin, həmrəyliyinin təcəssümüdür.

Yaralı hərbçilərimizlə görüş zamanı ölkənin Birinci xanımı, Birinci vitse-prezident, hər zaman rəhmi, mərhəməti, şəfqəti ilə seçilən Mehriban xanımın olduqca təsirlənməsi, göz yaşları axıtması inanıram və əminəm ki, heç kimin yaddaşından silinməyəcək.

Ancaq bu göz yaşları, bu kədər tezliklə sevinc göz yaşları ilə, Qələbə, Zəfər sevinci ilə əvəzlənəcək.

Həm Ali Baş Komandanın, həm onun ən yaxın, ən sadiq silahdaşı Mehriban xanımın, həm də müzəffər Azərbaycan Ordusunun birgə əzmi, iradəsi sayəsində Azərbaycana əbədi sülh gələcək, gətiriləcək, Qarabağ işğaldan azad olunacaq, üçrəngli bayrağmız bütün guşələrimizdə dalğalanacaq, dalğalandırılacaq, Qarabağ bizim olub, bizim də olacaq!

08:41, 8 oktyabr

Ziyad SƏMƏDZADƏ,

Akademik, millət vəkili

Etikxeber.az

Read Previous

İşğal altında olan daha bir neçə yaşayış məntəqəmiz azad edilib…-PREZİDENT BƏYAN ETDİ

Read Next

Diplomatik korpusların və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə-SƏFƏR EDİBLƏR – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir