Hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər…

Həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir – YENİ QANUN LAYİHƏSİ BELƏ DEYİR 

Aprelin 28-də  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Komitə sədri, akademik Ziyad Səmədzadə deyib ki, qanun layihəsinə bəzi dəyişikliklər edilib.

MM-in İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov isə deyib ki,  qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlar nəzərə alınıb.

Onun sözlərinə görə, bu dəyişikliklər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb:

“Qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü  şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir.

Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır. Qeyd etmək  lazımdır ki, dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib. Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir.  Bu qanuna əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər”.

O, qeyd edib ki,  bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib:

“Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. 

Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı  ardıcıllığını müəyyən edir Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar  dövlət fondlarına ödəmələr ödənilməlidir”.

Etikxeber.az

Read Previous

“Rüfət Aslanlıya da çatdırın ki…” – VAHİD ƏHMƏDOVDAN TƏPKİ – YENİLƏNİB (3)

Read Next

Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış oldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir