“Hər bir millətin inkişafını təmin edən mətbuat Azərbaycan maarifçiliyinin inkişafında da əsaslı yer tutur…”-SEYFUR HACIMURADOV YAZIR

“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir”.
                                                                                                                                              Ulu öndər Heydər Əliyev

Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində əvəzsiz rolu olan mətbuat yarandığı dövrdən bu günədək mənsub olduğu xalqın məişət və yaşayış tərzini, həyata baxışlarını, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirir. Hər bir millətin inkişafını təmin edən mətbuat Azərbaycan maarifçiliyinin inkişafında da əsaslı yer tutur.

Geriliyin, cəhalətin qarşısını almaq, Azərbaycan millətinin formalaşmasını təmin etmək arzusunu ən ümdə arzulardan biri olaraq görən Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin çapı ilə Azərbaycanda mətbuatın əsasını qoydu. Milli oyanışda, milli birliyin möhkəmlənməsində böyük rol oynayan “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Ölkəmizdə   mətbuatın qorunması və  inkişaf etdirilməsinə  xüsusi diqqət və qayğı göstərilir.

Belə ki, 30 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

        Çar hökumətinin  təzyiqlərinə baxmayaraq milli mətbuat inkişaf edir, bir çox qəzet və jurnallar nəşr edilərək Azərbaycan mətbuatının inkişafına təkan verirdi. Bakı ilə bərabər digər bölgələrdə də mətbuatın inkişafı özünü göstərirdi. Xalqın maariflənməsi üçün daima səy göstərən, mübarizə aparan Naxçıvan ziyalıları XIX əsrin 90-cı illərindən başlayaraq Naxçıvanda mətbuatın yaranmasına çalışmış, lakin buna 1921-ci ildə  nail ola bilmişlər.  Bundan sonra Naxçıvanın rayonlarında da yerli mətbuat orqanları yaranmağa başlamışdı.

            Rus əsarəti dövründə digər bölgələrdə olduğu kimi Naxçıvan mətbuatında da təzyiqlər özünü göstərirdi. Sovet hakimiyyətinin mətbuat üzərində kəskin senzuralarına baxmayaraq  Naxçıvan mətbuatında vətənpərvərlik, milli dəyərlər, özünəqayıdış, azadlıq, müstəqillik ruhunda yazılar dərc olunur və bu da təzyiqlərin artmasına səbəb olurdu. Bir çox mətbuat orqanı öz tirajinı və dövriyyəliyini azaldır, bəzən isə fasilələrlə nəşr olunurdu. Naxçıvan mətbuatında azad söz və sərbəst fikrin ifadəsi  müstəqilliyimizin əldə olunması ilə yeni dövrə qədəm qoydu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi bir çox sahələrlə yanaşı, milli mətbuatın da inkişafına təkan verdi.

Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə söz və mətbuat azadlığının, medianın inkişafına xüsusi qayğı göstərilmişdi. Bu dövr ərzində Azərbaycan dilində nəşr olunan qəzet və jurnallarının sayının artırılması, televiziya proqramlarında ana dilimizə üstünlük verilməsi mətbuatın inkişafını sürətləndirən əsas amillərdən biri idi. Daha sonra ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev və muxtar respublika rəhbərliyi mətbuatın inkişafı üçün bir sıra əhəmiyyətli addımlar atmışlar. Bütün bunların nəticəsidir ki, bu gün müasir mətbuatımız inkişafının ən yüksək səviyyəsinə çatmışdır.

       Muxtar respublikada mətbuatın yaranması və inkişafında əhəmiyyətli yer tutan indiki adı ilə “Şərq qapısı” qəzeti 9 noyabr 1921-ci ildən nəşr olunmağa başlayıb. Qəzet ölkəmizdə və dünyada baş verən hadisələrin operativ işıqlandırılmasında xüsusi rol oynayır. Həftədə 5 gün nəşr edilən qəzetdə mədəni, ictimai-siyasi hadisələr barədə geniş məlumatlara yer verilir. Muxtar respublikada məqsədyönlü media siyasətinin, kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət qayğısının nəticəsidir ki, bir əsrə yaxın tarixə malik bir qəzetlə yanaşı, Naxçıvanda Universitet Televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvan Xəbərləri”Media Qrupu, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası, 400-ə yaxın jurnalist fəaliyyət göstərir.

    Bu gün muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə  edir. Muxtar respublikada söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Elm və texnologiyanın inkişafı mətbuat sahəsində dönüş yaratdı. Günün tələbatı tez və doğru informasiya əldə etmək yönündədir. Hər hansı bir informasiyanı qəbul etmək üçün qəzet və jurnal nəşrini gözləmədən saytlara müraciət edilir. Bu gün bir çox media qurumları fəaliyyət göstərir. Lakin bunlar arasında çox azı düzgün, tərəfsiz informasiya verir. Məhz bu media qurumlarından biri də “Naxçıvan Xəbərləri” MMC nəzdində fəaliyyət göstərən  Naxcivanxeberleri.com internet xəbər portalıdır. Muxtar respublikada ilk özəl onlayn media orqanı  kimi 2015-ci il iyun ayının 15-dən fəaliyyətə başlayan Naxcivanxeberleri.com müstəqil informasiya siyasəti həyata keçirir, müstəqil jurnalistikanın inkişafında əvəzsiz rol oynayır.

       Media qurumunda   ölkə gündəmində, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında  və dünyada baş verən maraqlı xəbərlərə yer verilir. Saytda gün ərzində 100-ə yaxın xəbər dərc olunur ki,  bunlara müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar da daxildir. Günün ən aktual və əsas xəbərlərini geniş kütlələrə çatdırılmasında əhəmiyyətli rol oynayan media qurumunda müəllif yazılarına da geniş yer verməklə oxucularla da aktiv əməkdaşlıq edilir.2019-cu ilin avqust ayında “Naxçıvan Xəbərləri” MMC  nəzdində “Naxçıvan Xəbərləri ” Media Qrupu yaradılmışdır. Media qrupunun tərkibinə  Naxcivanxeberleri.com, Nakhchivantoday.com və Mediaktiv.az saytları  fəaliyyət göstərir. Media qrupunun əsas məqsədi muxtar respublikanın qədim tarixini, zəngin mədəniyyətini, müasir inkişafını və turizm potensialını bütün dünyaya çatdırmaq, operativlik və dəqiqlik prinsiplərini əsas götürən xəbərlər xidməti vasitəsilə gün ərzində muxtar respublikada baş verən ən son yenilikləri, ölkə və dünya gündəmini əhatə edən məlumatları oxuculara çatdırmaqdır.

       Media qrupu peşəkar, gənc və innovativ düşüncəli heyətə sahibdir. MediAktiv.az saytı mətbuat sahəsinə diqqət və marağı olan gənclərlə birlikdə könüllülük layihələri həyata keçirir. Bununla da gənc jurnalistlərin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Xəbər portalında gün ərzində muxtar respublikada, eləcədə dünyada  baş verən maraqlı, əyləncəli xəbərlər dərc olunur. Nakhchivantoday.com saytı isə  Naxçıvan Muxtar Respublikasının bu gününü, inkişaf və tərəqqisini, erməni yalanlarını dünyaya çatdırmaq  üçün böyük bir əzmlə çalışır. Belə ki, sayt 5 dildə (ingilis, rus,türk, fars və fransız dilləri) fəalliyyət göstərir. Saytda bunlarla yanaşı Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və s. təbliğ olunur.

        Bu gün muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun şəkildə ödənilməsində səylə çalışır, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının, quruculuq və müasir inkişaf salnaməsinin yaradılmasına, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər.

Bütün bunlar muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasına, kütləvi informasiya vasitələrinin fəaliyyətinə göstərilən dövlət qayğısının bəhrələridir.

Günümüzdə muxtar respublikada  özəl bir media orqanın fəaliyyəti üçün yaradılmış olan yüksək  şəraitə, göstərilən diqqət və qayğıya görə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova  “Naxçıvan Xəbərləri” Media Qrupunun bütün kolektivi adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Seyfur Hacımuradov

“Naxçıvan Xəbərləri” Media Qrupunun  Baş redaktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Etikxeber.az

Read Previous

“Bu gün nə mənim şəhid və ya əsgər anasından, nə də oğlumun şəhid əsgərimizdən və igid hərbiçimizdən fərqi yaxud üstünlüyü var”-MƏLAHƏT İBRAHİMQIZI

Read Next

“145 illik Azərbaycan mətbuatı – “Əkinçi”nin izi ilə”-AYDIN TAĞIYEVİN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir