“Hər bir şəhid ailəsi dövlətin diqqətindədir… Şəhid anaları Tənzilə Həmidova, Akifə Ağayeva və Mehparə Qəribova mənzillə təmin olunacaqlar”-ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏN ETİKXEBER.AZ-A RƏSMİ CAVAB GƏLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Etikxeber.az-a məktub ünvanlanıb.

Etikxeber.az həmin məktubu olduğu kimi, təqdim edir:

Etikxeber.az saytının baş redaktoru Kamil Həmzəoğluna

Hörmətli Kamil müəllim,

Etikxəbər.az saytında şəhid Həmidov Rəşid Pərviz oğlunun anası Həmidova Tənzilə Telman qızı, şəhid Əliyev Adəm İlqar oğlunun anası Ağayeva Akifə Həmid qızı və şəhid Qəribzadə Fəxri Elmir oğlunun anası Qəribova Mehparə Süleyman qızı barədə  məqalələr dərc olunub.

Bildiririk ki, hər bir şəhid ailəsi bu gün dövlətin diqqət mərkəzindədir  və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların dəstəklə əhatə olunması, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün geniş miqyaslı işlər aparılır. Şəhid anaları Həmidova Tənzilə Telman qızı, Ağayeva Akifə Həmid qızı və Qəribova Mehparə Süleyman qızı, həmçinin onların ailə üzvləri də sosial dəstək tədbirləri ilə əhatə olublar.

Şəhid Həmidov Rəşid Pərviz oğlunun anası Həmidova Tənzilə Telman qızı ilə əlaqədar:

Tənzilə Həmidova 05.03.2021-ci ildən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailəsi kimi mənzil növbəsinə götürülüb və digər şəhid ailələri kimi o da mənzillə təmin olunacaq.

5 oktyabr 2020-ci il tarixindən ailəyə Prezidentin aylıq təqaüdü (500 manat) ödənilir və qanunvericiliyə uyğun olaraq təqaüd şəhidin ata və anası arasında bölünməklə (hər birinə 250 manat)  verilir. Şəhidin atası Həmidov Pərviz Sabir oğlu “DOST iş” Mərkəzində sosial işçi olaraq işlə təmin edilib.

Tənzilə Həmidova isə Ərazi Məşğulluq Mərkəzi Filialına işlə bağlı heç bir tələbi olmadığını deyib və özünüməşğulluq proqramına qoşulmaqdan imtina edib. Yenə də o, istədiyi halda bu aktiv məşğulluq proqramları ilə əhatə oluna bilər.

Şəhidin ailə üzvlərinə “Şəhid ailəsinin üzvü” vəsiqəsi də verilib.

Şəhid Əliyev Adəm İlqar oğlunun anası Ağayeva Akifə Həmid qızı ilə əlaqədar:

Akifə Ağayevanın 2 nəfərdən (özü və oğlu Arif) ibarət ailəsi şəhid ailəsi kimi mənzillə təmin edilmək üçün 09.03.2021-ci il tarixdən Kürdəmir rayon İcra Hakimiyyətində növbəyə də götürülüb. Yaxın vaxtlarda onların da evlə təminatı həyata keçiriləcək.

Eyni zamanda, Akifə Ağayevaya şəhid ailəsi kimi Prezidentin aylıq təqaüdü (500 manat) ödənilir, 26 iyul 2021-ci il tarixindən isə Akifə Ağayevaya ailə başçısını itirməyə görə aylıq pensiya (506,4 manat) da təyin edilib və bu aydan ödənişi həyata keçiriləcək. Akifə Ağayeva və oğlu Arif Əliyev hər ikisi işləyir.

Akifə Ağayeva 18 avqust 2013-cü ildən Kürdəmir rayon Mərkəzi Xəstəxanasında aylıq əməkhaqqı 282 manat olmaqla təsərrüfat bacısı vəzifəsində işləyir, şəhidin qardaşı Arif Əliyev isə 1 mart 2021-ci il tarixdən “TİM” MMC-də aylıq əməkhaqqı 290 manat olan mühafizəçi, həmçinin əlavə iş yeri kimi 01.02.2021-ci il tarixdən Kürdəmir Regional Mədəniyyət İdarəsində aylıq əməkhaqqı 260 manat olmaqla dalandar işində çalışır. Şəhidin ailə üzvlərinə “Şəhid ailəsinin üzvü” vəsiqəsi də verilib.

Şəhid Qəribzadə Fəxri Elmir oğlunun anası Qəribova Mehparə Süleyman qızı ilə əlaqədar:

Mehparə Qəribova və keçmiş həyat yoldaşı, şəhidin atası Qəribov Elmur Müqabil oğlu  şəhid ailə üzvləri kimi və nigahları pozulduğu üçün ayrı-ayrılıqda Bərdə rayon İcra Hakimiyyətində 2021-ci ilin may ayında ev növbəsinə götürülüblər.

Şəhidin hər iki valideyninə sığorta ödənişi verilib və Prezidentin aylıq təqaüdü (hər birinə 250 manat olmaqla  ümumilikdə aylıq 500 manat) ödənilir (Qanuna əsasən, təqaüd nigahları pozulduğu halda belə valideynlər arasında hər iki ödəniş bərabər bölünməlidir).

Dövlət Məşğulluq Agentliyi tərəfindən Mehparə Qəribova özünüməşğulluq proqramı çərçivəsində iribuyuynuzlu heyvandarlıq üzrə kiçik təsərrüfatını qurması üçün 2020-ci ilin dekabr ayında iribyuynuzlu heyvanlarla və yem ehtiyatı ilə təmin edilib. Mehparə Qəribovanın qızının həyat yoldaşı Qəribov Pərvin Ənbər oğlu da 12.01.2021-ci il tarixində “Dost iş Mərkəzi” MMC-də işlə təmin edilib.

Mehparə Qəribova ərzaq yardımı ilə də təmin edilib.  

Şəhidin ailə üzvlərinə “Şəhid ailəsinin üzvü” vəsiqəsi də verilib.

Etikxeber.az

Read Previous

Vətən Müharibəsinin Baş planı: Əliyevin “dənizdən-dənizə” Böyük Azərbaycanı-ZAHİD ORUC YAZIR

Read Next

“İllərdir kirayədə yaşayan yaşlı Şəhid anası və Şəhid yoldaşının mənzil probleminin artıq həll olunmasını istəyirik”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI YENİDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ, KÖMƏK İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir