Hər üç oğul övladını itirmiş, bir oğlunu Şəhid vermiş, acılar içində qovrulan Süleymanovlar ailəsi: QUBALI, 5 MEDALLI ŞƏHİD SAMİR SÜLEYMANOVUN AİLƏSİNİN DURUMU, EV-MƏNZİL ŞƏRAİTİ İLƏ MARAQLANAN OLACAQMI? AİDİYYATI QURUMLAR VƏ ŞƏXSLƏR NƏ VAXT AYILACAQ, NƏ ZAMAN DƏRDLİ AİLƏYƏ KÖMƏK ƏLİ UZADACAQLAR? – FOTOLAR

Qubalı, Qonaqkəndli Süleymanovlar ailəsi, Şəhid Samir Süleymanovun ailəsi…

Həyatları dərdlərlə, acılarla, müsibətlərlə, kədərlərlə, vaxtsız itkilərlə dolu olan bir ailə…

Acılar, göz yaşları içində qıvrılan ailə…

Haradan başlayasan, nədən yazasan…bilmirsən, çox çətindir…

Süleymanovlar ailəsi ötən əsrin 90-ci illərində dalbadal iki övlad, iki oğul acısı yaşayıblar, iki övlad itiriblər…

Biri bir yaş yarımlıq, biri isə 8-9 aylıq…

5 övladdan-3 oğul və 2 qız övladından 3-ü qalıb…

Bir oğul və iki qız…

İmkansızlıqdan, kasıbçılıqdan da oradan-oraya, buradan-buraya köçüblər…

Axırda da gəlib Quba rayonunda keçmiş Yol (Körpü) İdarəsinin uçuq-salxaq binasına yerləşiblər…

Orada bir qarnı ac-bir qarnı tox yaşayıblar…

Ailənin başçısı Çingiz Süleymanov həm də Birinci Qarabağ Savaşının iştirakçısı olub…

3 ay-1993-cü ilin aprel-iyun aylarında Füzuli istiqamətində döyüşlərdə iştirak edib, döyüşüb və yaralanıb…

Yaralanmasına baxmayaraq, yenə də döyüşlərdə iştirak edib…

Ancaq təəssüflər olsun ki, bu gün də veteran vəsiqəsini ala bilməyib…

Ailənin yeganə oğlan övladı Samir isə 1998-ci ilin mart ayının 9-da dünyaya gəlib…

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb…

Hərbi xidmətini bitirdikdən sonra yenidən ailəsinə, evinə dönüb…

İkinci Vətən Müharibəsinə kimi Qubada dönərxanada işləyib, ailəsinə əl tutub…

Sentyabrın 21-də səfərbərliyə cəlb olunub və 27-dən Ağcabədi-Ağdam-Füzuli-Cəbrayıl-Xocavənd istiqamətlərində döyüşüb, vuruşub…

Axırıncı dəfə Şəhidliyindən iki gün öncə, Qələbəyə cəmi 5 gün qalmış, noyabrın 5-də atası Çingiz kişi ilə danışıb…

Cəmi iki gün sonra, noyabrın 7-də isə Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Dərdli, kədərli, acılı ailənin dərdinin üstünə daha bir dərd gəlib…

Daha bir övlad, daha bir oğul acısı yaşayıblar…

Və Samirin nəşi noyabr ayının 8-də Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 5 medalla-“Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Samir həm də nişanlı olub…

Ailəsinin övlad, tək oğul toyu görmək arzusu gözlərində qalıb…

***

Bu gün Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən Miqdad Abduləlimovun valideynləri-Tünzalə xanım və Faiq bəylə Şəhidimizin ailəsini, valideynlərini ziyarət etdik…

Onlara bir daha başsağlığı verdik, bir daha Allahdan səbr və dözüm dilədik, bir daha “Şəhidimizin, Şəhidlərimizin ruhu qarşısında baş əyirik”-dedik…

Şəhidimizin ailəsini ziyarətimiz təxminən bir saat çəkdi…

Onlarla bir xeyli söhbətləşdik, dərdləşdik…

Onu da qeyd edim ki, Şəhidimizin ailəsi çox şəraitsiz bir evdə yaşayır…

Yuxarıda da qeyd etdiyim kimi, keçmiş Yol (Körpü) İdarəsinin binasında…

Samirin Şəhidliyindən sonra “YAŞAT” tərəfindən ayrılan vəsaitlə ev təmir olunsa da, daha doğrusu, evə əl gəzdirilsə də, çox şəraitsiz, yaşayış üçün olduqca əlverişsiz bir evdir…

Əslində ev demək belə mümkün deyil…

Və çox üzücü, çox narahatedici, çox təəssüfedici, qəbuledilməz bir durum…

Çox təəssüflər olsun ki, Şəhidin ailəsinin durumu, yaşadıqları evin vəziyyəti hər kəsə, bütün aidiyyatı orqan və şəxslərə məlum olsa da, hər kəs görməzdən gəlir, özünü görməməzliyə, bilməməzliyə vurur…

Əsl laqeydlik, biganəlik, məsuliyyətsizlik, Şəhid ruhuna ehtiramsızlıq, hörmətsizlik nümunəsi…

Sözün də bitdiyi, aciz qaldığı yer…

Odur ki, nəhayət, aidiyyatı qurumlar və şəxslər silkələnməli, ayılmalı, acilar içində qovrulan Şəhid ailəsinə kömək əli uzatmalı, onları Şəhidin Haqqı olan normal şəraitli evlə, mənzillə təmin etməlidirlər…

Borclarıdır, vəzifələridir…

Vədin də, sözün də, bəhanənin artıq yeri və zamanı deyil…

Konkret addım atmaq məqamı və zamanıdır!

Şəhidimizin də ruhu şad, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah ailəsinə bir daha və bir daha səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mişel yenidən Əliyevə-ZƏNG ETDİ

Read Next

Daha 17 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir