Hadi Rəcəblidən referendum yazısı: Dəyişikliklərə yaranan ehtiyac inkişafdan irəli gəlirdi

 

 

KONSTİTUSİYAYA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏR DÖVLƏTİMİZİN KONSTİTUSİON ƏSASLARININ MÖHKƏMLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR. 

Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir.Bu mənada həyatının hər bir sahəsində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri  ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Cəmiyyətin inkişafı Konstitusiya islahatlarını zəruri edir

Bununla belə Konstitusiya hər hansı dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, digər qanunlar kimi ehkam deyildir, o da bir canlı orqanizm kimi, daim inkişafda olmalıdır. Konstitusiya da cəmiyyətin inkişafından geri qalırsa, buxova çevirilir. Hər bir ölkə üçün nə qədər vacib bir sənəd olsa da, cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edir. Çünki Konstitusiya özüdə bir Qanundur və ictimai münasibətləriin inkişaf səviyyəsi, dövlət idarəçilik quruluşunun təkmilləşdirilməsi zərurəti onun da dəyişdirilməsini şərtləndirə bilər. Tarixi təcrübə göstərir ki, istənilən inkişaf etmiş ölkədə Konstitusiyaya zaman-zaman dəyişikliklər edilib. Bu mənada Konstitusiyanın dəyişdirilməsi təkmil demokratik quruluşa malik yaxud Əsas Qanuna məhdud sayda dəyişikliklər etmək ənənənələri olan ölkələr istisna olmaqla əksər ölkələrdə tətbiq edilən təcrübədir.

Bununla belə heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də, çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilib. Dəyişikən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir.

Dəyişməz konstitusiyalar isə dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir. Konstitusiyanın bu cür sərtliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlasına baxmayaraq, Konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə, istənilən halda cəmiyyətin inkişafını ləngiməsinə təsir edir. Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət – Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür. Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi, Parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olub. Fransa konstitusiyası isə olduqca sabit, dəyişdirilməsi çətin olub. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan baş verib, əksinə Fransada isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşib və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilib.

Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi qaydasının siyasi mürəkkəbliyi, məsuliyyəti, referendum yolu ilə olması bir çox ölkələrdə bu praktikadan çəkindirir. Təkrar Amerika Birləşmiş Ştatlarının nümunəsinə qayıtsaq, 229 il ərzində konstitusiyaya cəmi 27 dəyişiklik edilməsinin əsas səbəbi həmdə onun 5-ci maddəsində əks olunan tələblərin ağırlığı ilə bağlıdır. Belə ki, konstitusiyaya dəyişiklik həm Senat, həm də Nümayəndələr Palatasında üçdə-iki səs çoxluğu ilə, və yaxud da ştatların üçdə-ikisinin təşəbbüsü ilə edilə bilər. Hər iki halda, prosesin ikinci mərhələsi olaraq, dəyişikliyin qəbul edilməsi üçün ştatların dörddə-üçünün ratifikasiyası tələb olunur. Dəyişiklik prosedurunun bu cür ağırlığını nəzər alsaq, əslində 27 dəyişikliyin heç də az olmadığı aydınlaşar.

Onu da qeyd etmək lazımdır ki, bugünədək ABŞ konstitusiyasına 11 min dəyişiklik edilməsi təklif olunub. Bu rəqəmlər, hətta ABŞ misalında belə Konstitusiyanın dinamik olması, cəmiyyətin və ictimai münasibətlərin inkişafı ilə ayaqlaşmasının zərurətinin göstəricisidir. Digər bir tərəfdən nəzərə almalıyıq ki, ABŞ-da konstitusiya dəyişdirilməsə belə bu ehtiyacı və prosesi əsasən Ali Məhkəmə öz qərarları və şərhləri ilə həyata keçirib. Başqa sözlə ABŞ-da da konstitusion qanunvericilik inkişafdadır. Sadəcə anqlo-sakson və kontinental hüquq sistemlərinin hər birinin öz inkişaf xüsusiyyətləri var. Azərbaycan isə sonuncu hüquq sisteminin tərkib hissəsidir.

Ümumbəşəri dəyərlərə söykənən Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır. Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı, bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, eyni zamanda, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu.

Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən, hüquqi, dünyəvi dövlət qurmaq və digər bu kimi ülvi niyyətlər bəyan edilib. Müstəqil Azərbaycanın Konstitusiyasının əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi olaraq bəyan edilməsi kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanıb. Müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edib. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə alıb, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirib.

Bütövlükdə, 21 il öncə Azərbaycanda yüksək səviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf perspektivlərini, xalqımızın sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini bəxş etmək əzmini və iradəsini özündə əks etdirir.

Dəyişikliklərə yaranan ehtiyac inkişafdan irəli gəlirdi

1995-ci ildən indiyədək Azərbaycan cəmiyyətinin keçdiyi böyük inkişaf yolu, ictimai-siyasi, sosial, mədəni həyatımızda baş verən yeniliklər müxtəlif vaxtlarda Konstitusiyaya əlavə və dəyişiklik etmək zərurəti yaradıb. Ölkəmizdə iki dəfə konstitusiya islahatı həyata keçirilib. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lideri Heydər Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında» 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. Bu addım demokratiyanın sürətli inkişafından irəli gəlməklə, məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.

Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və daha da təkmilləşdirməyi zəruri etdi.

Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.

Ana Qanuna dəyişiklik edilməsi zəruri praktikadır

Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Əvvəldə də vurğulandığı kimi beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır.

Konsitusiya Məhkəməsi Azərbaycan Prezidenti tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsində təklif olunan dəyişikliklərin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verib. İyulun 26-da isə Prezident İlham Əliyev sərəncam imzalayaraq Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə bu il sentyabrın 26-a referendum təyin edib. Artıq referendumla bağlı hazırlıq işlərinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının iclasında bu məqsədlə bir sıra hüquqi aktlara dəyişikliklər edilib.

Referendum Aktının layihəsində Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi təklif edilir. Ümumi olaraq dəyişiklikləri üç istiqamətdə qruplaşdırmaq olar:

  1. İnsan və vətəndaş hüquqları və azadlıqlarının genişlənməsi;
  2. Qanunvericlik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi;
  3. Prezidentlik institutunun gücləndirilməsi.

Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd – insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Konstitusiya insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının da üzərinə vəzifə olaraq qoyub.

Dəyişiklik ediləcək Konstitusiyada insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq. Belə ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt özü-özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir. Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, tamamilə təbiidir.

Qeyd edim ki, bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib. Amma təəssüflə qeyd etməliyik ki, elə fermerlər var ki, bu torpaqlardan heç bir formada istifadə etmir. Dünyanın heç bir yerində torpaqlara belə biganə münasibət yoxdur. Ona görə aqrar sahədə əsas bütün diqqət həm də ona yönəlməlidir ki, torpaqdan maksimum istifadə edilsin. Hesab edirəm ki, konstitusiyaya ediləcək yeni dəyişiklərlə torpaq mülkiyyəti və aqrar sahədə olan fundamental problemlər öz həllini tapmış olacaq.

Referendum Aktının layihəsinə əmək hüququnun təmin edilməsi ilə bağlı, əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə yeni lokautun qadağan edilməsi barədə müddəa daxil edilib. Lokaut qısa olaraq işəgötürən tərəfindən qanunsuz və əsassız hesab etdiyi tətillərin qarşısını almaq üçün müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılmasıdır. Konstitusiya islahatından sonra mülkiyyət konsepsiyasına mütərəqqi sosial məsuliyyət anlayışı daxil ediləcək. Bu Qərb hüquq sistemində tətbiq edilən prinsipdir və mahiyyəti xüsusi mülkiyyət və sosial rifahı əlaqələndirmək və sosial ədalət və məsuliyyəti inkişaf etdirməkdir.

Qanunverici orqanla bağlı təkliflər mütərəqqidir

Təklif olunan dəyişikliklərin ikinci istiqaməti qanunvericilik hakimiyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bu fəsildə də təklif edilən bəzi dəyişikliklər insan hüquqları və bərabər imkanlar yanaşması ilə bağlıdır. Belə ki, təklif edilən dəyişikliklə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək üçün müəyyən edilmiş 25 yaş tələbini aradan qaldırır. Bununlada seçkidə iştirak etmək hüququna malik olan şəxslərə eyni zamanda seçilmək hüququ təmin edilir. Gənclərin seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq? Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.

Qeyd edilməlidir ki, layihədə ümumi olaraq qüvvədə olan Konstitusiyada yaşla bağlı müəyyən edilmiş əksər tələblər götürülüb. Prezident, Baş nazir, nazir, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və hakimlərə münasibətdə də yaş məhdudiyyəti aradan qaldırılır.

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstria, Danimarka, Estoniya, İngiltərə və sair qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcəkdir.

Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbi vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir.

Deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı 89-cu maddəyə təklif edilən dəyişikliklər deputatların fəaliyyətində şəffaflığın artırılması və etik davranış qaydalarına tam riayət edilməsini, potensial maraqlar toqquşmasının qarşısının alınması və deputatların fəaliyyətinə ictimai etimadın artırılmasını təmin edəcəkdir. Bu dəyişikliyin qəbul edilməsi yəqin ki, eyni zamanda deputatlar üçün daha əhatəli ayrıca Qanun formasında etik davranış qaydalarının qəbul edilməsini şərtləndirəcək.

Qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Azərbaycan Respublikası Milli Məclisinin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir. İlkin olaraq bu maddə ilə bağlı elə təəsürat yarana bilər ki, burada yanaşma Parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə əsas vurğunun daha çox sabitliyin təmin edilməsi və parlament daxili hansısa qeyri müəyyən, böhran və xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsində olması görsənir. Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər.

Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin Konstitusiyalarındada müəyyən edilmişdir. 

Əsas hədəflərdən biri  dövlət idarəetmə sistemini daha da təkmilləşdirməkdir

Konstitutsiya təklif olunan dəyişikliklərin digər bir məqsədi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Odur ki, Referendum Aktının layihəsində üçüncü istiqamət Prezidentlik institutunun gücləndirilməsi ilə bağlıdır. Bununla da bağlı üç əsas yenilik təklif edilir:

  1. Prezident seçilmək üçün yaş tələbinin götürülməsi;
  2. Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi;
  3. Prezidentlik müddətinin 7 il müəyyən edilməsi.

Artıq qeyd edildiyi kimi yaş tələbinin götürülməsi dövlət hakimiyyətinin bütün qollarından olan şəxslərə münasibətdə tətbiq edilmişdir. və ümumi olaraq demokratik yanaşmadır. Avropa Şurasının Venesiya Komissiyasnın 52-ci plenar iclasında seçki məsələlərində ən yaxşı təcrübələrlə bağlı müvafiq hesabatında gəldiyi qənaət belədir ki, yalnız spesifik yüksək vəzifələr üçün yaş tələbi müəyyən edilə bilər və bu tələbin 25 yaşdan aşağı olmaması tövsiyə edilir. Yəni yaşın 30 və ya 35 dən yuxarı olması şərt deyil. Nəzərə alsaq ki, qeyd edilən spesifik yüksək vəzifələr üçün ali təhsil tələbi müəyyən edilir bu halda 18-20 yaşlarında gənclərin bu vəzifələrə seçilmə imkanları məhduddur. Həmçinin qeyd edilməlidir ki, Konstitusiyada yaşla bağlı tələblərin qeyd edilməməsi onların digər qanunlarla (nümunə üçün Seçki Məcəlləsi) müəyyən edilməsini istisna etmir.

Vitse-prezident vəzifələrinin təsis edilməsi Prezidentin iş fəaliyyətinə dəstək, Prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilmişdir. Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox 6-7 il müəyyən olunmuşdur. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olmuşdur və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməmişdir.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var. Digər tərəfdən, həm də 5 ildən bir seçkilərin keçirilməsi maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər.

Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Biz bu islahata getməliyik. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətimizin Konstitusiya islahatına hazır olduğunu,  dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini göstərir.

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru

 

Read Previous

Baku Chess-2016: Kişilərdən ibarət əsas yığmamız qələbə seriyasını davam etdirir

Read Next

“Mahmudovçu”lar Tağı Əhmədovu necə 1 milyon əvəzinə 3 milyon “tərlətdi”lər?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir