“Halbuki onların kifayət qədər işçiləri, mühafizəçi ordusu var…” – SİYAVUŞ NOVRUZOV – YENİLƏNİB

“Əgər kimsə nizamnamə tələblərinə qarşı çıxırsa, onun haqqında kifayət qədər ciddi qərarlar  qəbul edilməlidir”

Milli Məclisin (MM) iyunun 13-də keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə  layihə müzakirə olunub.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsinə dəyişikliklər barədə məlumat verib.

Onun sözlərinə görə, layihənin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.
Layihəyə əsasən, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan gətirilməsi və ya çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

***

“Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır”.

Bu təkliflə isə qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  çıxış edib.

S. Novruzov xatırladıb ki, baş prokuror bu yaxınlarda bəzi siyasi partiyaların maliyyə mənbələri barədə ictimaiyyətə və aidiyyəti strukturlara məlumat vermədiklərini bildirib:

“Ona görə də, bu məsələyə bir də baxılmalıdır –  baxmayaraq ki, biz bununla bağlı qanun qəbul etmişik və qanun əsasında onlar həm MSK-ya, həm də digər strukturlara bu haqda hesabat verməlidirlər. Biz şəffaflığın təminatı ilə əlaqədar qanun qəbul etmişik və bu addımı vaxtında atmışıq. Amma yenə də baxılmalıdır. Siyasi partiyalardan birinin sədr müavininin 41 dəfə bir ölkəyə səfər edib, oradan pul çıxarıb gətirməsi təbii ki, sağlam məqsədə xidmət etmir. Əgər sağlam adamsansa, niyə bunu Azərbaycanda, bizim banklar vasitəsilə almırsan, digər ölkələrin bankından alırsan? Biz eyni zamanda, terrorun maliyyələşməsi ilə bağlı qanun layihəsinə dəyişiklik etmişik.

Amma biz bir müddət sonra bu qanun layihələrinə yenidən qayıtmalıyıq. Əgər kimsə nizamnamə tələblərinə qarşı çıxırsa, onun haqqında kifayət qədər ciddi qərarlar  qəbul edilməlidir. Çünki vətəndaşlarımızın taleyi hər şeydən yüksəkdə durmalıdır. Qanunlarda bu məsələlər sərtləşdirilməlidir. Bizdə bəzi partiyalar hesabatlarını təqdim etmir və ya təqdim edərkən sıfır rəqəm qeyd edirlər. Halbuki onların kifayət qədər işçiləri, mühafizəçi ordusu və sair var. Düşünürəm ki, onlar yoxlanmalıdır. Əgər hər kəs şəffafdırsa bu qanunlardan qorxmamalı və öz maliyyə mənbəyini açıqlamalıdırlar”.

Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.

Etikxeber.az

Read Previous

Belə idmançının təbliğ edilməsi düzgün deyil – SPİKER DƏ DEPUTATI DƏSTƏKLƏDİ – YENİLƏNİB

Read Next

Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir