“Hamımız Vətən uğrunda döyüşməyə, şəhidlərimizin qisasını almağa, canımızı qurban verməyə hazırıq”-MİLLƏT VƏKİLİ DÜNYA BİRLİYİNİ, BEYNƏLXALQ TƏŞKİLATLARI SƏRT İTTİHAM ETDİ

Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətindən aldığımız xəbərlər, təbii ki, bizim hər birimizi həm sarsıtdı, həm də hiddətləndirdi. Sarsıtdı ona görə ki, bizim mərd oğullarımız şəhid oldular. Hiddətləndirdi ona görə ki, artıq səbrimiz tükənibdir. Artıq ermənilərə etdiyi bu əməllərə görə, daha kəskin cavab vermək lazımdır və qeyd edim ki, verilir. Torpaqlarımızı azad etməliyik və birdəfəlik dünya ictimaiyyəti də bilməlidir ki, Azərbaycan Ermənistanın bu işğalı ilə heç vaxt barışmayacaqdı.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

“Artıq səbrimizin sonudur. Təbii ki, burada obyektiv və subyektiv səbəblərdən dünyadakı bəzi siyasi qüvvələrin, bəzi siyasi dairələrin ikili mövqeyi öz sözünü demiş olur. Ancaq nə, hansı vəziyyət olur-olsun, bütün dövrlərdə olduğu kimi, Ali Baş Komandanımızın rəhbərlik etdiyi Ordumuz yenə də öz sinəsini qabağa verdi. Ərazisi işğal, əhalisi düşmən hücumuna məruz qalan ölkələrdə həmişə ilk olaraq Ordu sinəsini qabağa verir və bizdə də belə oldu, generalı əsgəri ilə bərabər döyüşərək şəhid oldu. Bu, təbii ki, ermənilərə böyük bir mesaj olmalıdır. Yəni, çox çəkməyəcək ki, bu oğullarımızın qisasını alacağıq. Çünki bizim generalımız da, bizim əsgərimiz də eyni səngərdə vətənin hər qarışı uğrunda döyüşür və şəhid olur. Qoy, bunu qulaqlarından asıb sırğa etsinlər”-deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, hər birimiz bugünlərdə daha ayıq-sayıq, daha həmrəy olmalıyıq və hər an ölkə Prezidentinin, Ali Baş Komandanın əmrini gözləməliyik.

“Cənab Prezident əmr versə, hər birimiz ayağa durmağa, döyüşməyə hazırıq və bütün gücümüzü, qüvvəmizi yalnız bu istiqamətdə səfərbər etməliyik. Bununla yanaşı, məni təəccübləndirən və məni daha çox hiddətləndirən məqamlardan biri də dünya birliyinin ermənilərin bu həyasızlığına yenə də ikili münasibət göstərməsidir. Çünki son 3 gündə baş verənlər əslində cəbhə bölgəsində yaşanmır, ondan xeyli uzaqlarda yaşanır. Dünya birliyi, dünya ictimaiyyəti də işğalçı ermənidən, təcavüzkar Ermənistandan soruşmur ki, “sən Azərbaycanın əzəli-əbədi torpağı olan-işğal etdiyin o Qarabağdan yüz kilometrlərlə aralı bölgədə-Tovuz istiqamətində nə işin var, niyə Azərbaycan sərhəddini pozaraq dinc əhalini atəşə tutursan, niyə Azərbaycan əsgərlərini, 18-19 yaşı olan cavanları və yaxud da generalı, polkovniki, mayoru, vətənini, torpağını qoruyan, xidməti vəzifəsini yerinə yetirən azərbaycanlını məhv edirsən”. Görəsən, onlardan, qəsbkarlardan, cinayətkarlardan bunu soruşan olacaqmı? Görəsən, dünyanın bu ermənipərəst qüvvələrinin, dairələrinin gözü kordurmu? Görmürlərmi ki, Qarabağdan, yəni, işğal olunmuş torpaqlarımızdan yüz kilometrlərlə aralı olan yaşayış məntəqələrinə də hücum edilir?

Bütün bəşəriyyət bu gün COVİD-19 pandemiyası ilə mübarizədə səfərbər olub və təbii ki, dünyanı xilas etməyə çalışır. Yalnız və yalnız faşist ideologiyasından qaynaqlanan alçaq və şərəfsiz erməni dövləti bu gün öz ölkəsi daxilində baş verən siyasi uğursuzluqdan, COVİD-19-a qarşı mübarizədə acizliyindən, ölkə iqtisadiyyatının məhv olmasından və bu kimi hallardan sığortalanmaq, diqqəti kənara yayındırmaq üçün məhz bu addımı atmış olur. Bunu əslində bütün dünya etiraf edir. Təbii ki, bizim dostlarımız, Azərbaycanı istəyən qüvvələr həmişə yanımızdadır. Türkiyə dövləti bəyanat verdi. İran dövləti bəyanat verdi. Pakistan, Ukrayna kimi dost, qardaş ölkələr öz mövqelərini ortaya qoydu. Bir çox beynəlxalq təşkilatlar da artıq bəyanatlar verməyə başlayıb. Ancaq çox təəssüf ki, bu gün Azərbaycan-Ermənistan münaqişəsinin həllində Azərbaycanın sülh danışıqlarının hələ bitmədiyini elan etməsinə və həmişə sülh prinsipləri, danışıqları əsasında öz halal torpaqlarını geri qaytarmaq üçün cəhdlərinə rəğmən, o, ermənipərəst beynəlxalq təşkilatlar yenə də ağızlarına su alıb susub durublar və bu, bizi çox hiddətləndirir. Onlar artıq susmamalı, Ermənistanı, təcavüzkarı dəstəkləməkdən əl çəkməlidirlər. Minsk qrupu, həmsədrlər artıq öz sözlərini deməlidirlər.

Eyni zamanda, hesab edirəm ki, şəhid olan övladlarımız ölməyiblər. Onlar bizim ürəyimizdə, qəlbimizdə yaşayırlar. Bu şəhid övladları bizim qanımızı daha da qaynatdı, daha da qaynadır. Bu, bizim qisas hissimizi daha da alovlandırır. İnanın ki, mən bir millət vəkili kimi dostlarımla, yaxınlarımla, seçicilərlə telefonla danışıram. Hamı təəssüf hissini bildirir. Hamı bildirir ki, yaxşı, bütün dünya yalnız bir məsələ ilə çulğalaşdığı halda, Ermənistana nə düşmüşdü ki, hansısa qüvvənin təhriki ilə belə bir addımı getdi?! O sərsəm və klona oxşayan, klon hərəkətləri ilə dünya siyasətində artıq ad qazanmış Paşinyanın bu gedişinə haqq qazandırmaq mümkün deyil. Bəli, gözləri götürmür. Çünki Azərbaycan dövləti pandemiya başlayandan beynəlxalq arenada nüfuzunu elə zirvələrə qaldırdı ki, onun sülh məramını bütün dünya gördü. Azərbaycan dövlətinin koronavirusdan əziyyət çəkən ölkələrə yardımını bütün dünya gördü. Ölkə rəhbərimizin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ölkəmizin nüfuzunun artmasına xidmət edən amillərdir və belə məqamlardan təbii ki, Azərbaycanı gözügötürməyən qüvvələr istifadə etmək istəyirlər. Alət isə yenə də Ermənistandır. Ermənistan kimi, faşist ideologiyası olan, terrorist bir dövlət bu gün ən ağır cəzaya malikdir və o cəzanı da biz verəcəyik, o qisası da biz alacağıq. Şəxsən biz azərbaycanlılar alacağıq. Eyni zamanda, möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, dünya birliyi bilsin ki, regionda baş verən hadisələrə görə, bütün bu məsuliyyət məhz Ermənistan dövlətinin üzərinə düşür

Son olaraq, həmçinin, daxilimizdə olan o “5-ci kolon”un nümayəndələri, ermənilərə dəstək göstərən havadarlarından pul alanlar və bu gün də bu məqamda ağızlarına su alaraq susub duranlar gözlərini açıb görsünlər ki, Azərbaycan oğulları nəyə qadirdir, cənab Prezidentin, Ali Baş Komandanın əsgərləri nəyə qadirdir. Lazım gəlsə, vətən yolunda hamımız canımızı qurban verməyə hazırıq və verəcəyik. Biz canımızı qurban verəcəyik, qanımızı axıdacağıq, biz işğala son qoyacağıq ki, bizim gələcək nəsillər, bizim balalarımız qoy salamat yaşasınlar, qoy, öz torpaqlarında rahat, təhlükəsiz şəraitdə böyüsünlər”-deyə, İ. Məmmədov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sahibə Qafarova TÜRKPA, Pİ və Rusiya Federal Məclisi Federasiya Şurasının və digər qurumların rəhbərlərinə-MÜRACİƏT ÜNVANLADI, ERMƏNİSTANIN TƏXRİBATLARINI PİSLMƏYƏ, QINAMAĞA ÇAĞIRDI…-YENİLƏNİB

Read Next

“Dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur”-DTX-DAN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir