“Hamımız vahid komandanın üzvləriyik…” – GÖVHƏR BAXŞƏLİYEVA

Son günlərdə ölkədə vəziyyətin kəskinləşməsinin arxasında xarici dövlətlərin müəyyən pozucu qüvvələri dayanır. Onlar inkişaf etməkdə olan Azərbaycanın müstəqil siyasəti ilə heç cür barışa bilmirlər. Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir. Ölkəmizdə asayişi və sabitliyi hər bir yolla pozmağa çalışırlar.

Bu qüvvələr Azərbaycan cəmiyyətində hərc-mərclik, ajiotaj yaratmaq, xalqı vahiməyə salmaq istəyirlər ki, Azərbaycandakı əlaltıları burada istədiklərinə nail olsunlar. Mənim fikrimcə, Azərbaycanda iğtişaşlar həm də ölkə daxilində özlərinin merkantil maraqlarını ümummilli mənafelərdən üstün tutan müəyyən qüvvələrin maraqlarına uyğundur. 19 oktyabr hadisələri bunu birmənalı şəkildə təsdiq etdi.

Etikxeber.az xəbər verir ki, bunu deputat, akademik Gövhər Baxşəliyeva söyləyib.

Deputatın sözlərinə görə, sağlam düşüncəli heç bir insan ölkədə iğtişaşları, hüquqi qaydanın pozulmasını alqışlaya bilməz.

O, deyib ki, gələcəkdə belə hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir:

“Bundan ötrü ölkə ictimaiyyəti Azərbaycan dövlətinin və onun Prezidentinin ərafında daha sıx birləşməlidir”.

G.Baxşəliyevanın dediyinə görə, bu gün Azərbaycan xalqı inamlı inkişaf yolundadır.

“O, yeni dövlət quruculuğu yolunda irəliləyir. Mənim fikrimcə, bu gün biz hamımız “Azərbaycan” adlı bir gəminin sərnişinləriyik və bu gəminin mənzil başına salamat gəlib çatması bizim hamımızın, yəni Azərbaycanın bütün vətəndaşlarının maraqlarına uyğundur. Bu gəmidə hər hansı qarşıdurmaya və fikir ayrılıqlarına yer olmamalıdır.

Biz Azərbaycanın da başqa ölkələr kimi qanlı qarşıdurma arenasına çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan xalqı həmişə öz ərazi bütövlüyünün keşiyində durub və bundan sonra da duracaq. Biz hamımız gəmi kapitanının – ölkə Prezidentinin ətrafında sıx birləşmiş vahid komandanın üzvləriyik. O, yalnız ölkənin və xalqın ali maraqlarını rəhbər tutaraq bizi irəliyə aparır. Gələcəyimizin necə olacağı bu gün bizim hər birimizdən asılıdır.

Ölkədə həyatımızın bütün sahələrində nəhəng quruculuq işləri aparılır. Bunu anlamaq, qiymətləndirmək və bu işin iştirakçısı olmaq hər bir azərbaycanlının borcudur. Ərazisi bütöv, hərtərəfli inkişaf etmiş gözəl Azərbaycana aparan yol yalnız belədir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili kadr dəyişiklikləri və İSLAHATLARINDAN DANIŞDI

Read Next

PSJ “Brügge”ni, “Tottenhem” “Srvena Zvezda”nı darmadağın etdi – ÇEMPİONLAR LİQASI – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir