“Hamımızın məlum koronavirus səbəbiylə yaşadığımız təlaşlı günlərdə bu xəbər çox sevindirici oldu…”-DEPUTATDAN HƏKİMLƏRƏ MİNNƏTDARLIQ

Bugünlərdə, köməklik göstərməyim üçün mənə müraciət edən Zərdab rayonunun Pərvanlı kəndindən Mikayılovlar ailəsi, oğlanları Dəniz Mikayılova anadangəlmə ürək qüsuru diaqnozu qoyulduğunu, ürəyində dəliklər olduğunu bildirmişdilər. Digər oğlanları 12 yaşlı Elxan isə qan xəstəliyindən əziyyət çəkir və tezliklə ona ilik nəql olunmalıdır. Donorluğu balaca Dəniz etməlidir. Dəniz hələ 40 günlükdür. Lakin ürəyindəki qüsur, qardaşına donorluq etməsinə imkan vermirdi. Valideynlərinin dediyinə görə, birinci növbədə Dəniz özü əməliyyat edilməli, ürəyinin funksiyaları tam bərpa olmalıdır. Ancaq bundan sonra Elxana da ilik nəql edilməsi mümkün ola bilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu problemlər bir tərəfdən, üstəlik ailənin maddi durumu da bu iki uşağın sağlamlıqlarına qovuşmağını çətinləşdirir.

“Vaxt itirmədən iki gün əvvəl dəyərli həmkarım, məşhur kardioloq, minlərlə belə xəstənin həyatda qalmasına səbəb olan Rəşad Mahmudova müraciət etdim. Sağ olsun, xahişimizə çox duyarlı yanaşdı. Dənizin təcili müayinəyə gətirilməsini istədi. Və əgər tibbi göstəriş olarsa, əməliyyat və müalicəsiylə bağlı məsələlərin həllini də öz üzərinə götürdü. Dünən Dəniz, Bakıda, özəl klinikada müayinə edildi, real vəziyyətin müəyyənləşdirilməsi üçün bütün tibbi təhlillər aparıldı. Nəticədə gözlənilməz xoş bir cavab gəldi klinikadan. Dənizin ürək dəliklərində bitişmə prosesi başlayıb. Körpə sürətlə yaxşılaşır. Bir ay nəzarətdə olacaq. Bu gün şəxsən bir daha Rəşad doktorla danışdım. Doktor, balaca Dənizin vəziyyətinin qəti heç bir təhlükə kəsb etmədiyini, əməliyyata ehtiyac olmadığını və qardaşına donorluq edə biləcəyini açıqladı. Mən buradan əziz həmkarım və dostum Rəşad Mahmudova, eyni zamanda Dənizi diqqətlə müayinə edən həkim Nəsimi Cabbarova minnətdarlığımızı bildirirəm. Hamımızın məlum koronavirus səbəbiylə yaşadığımız təlaşlı və həyəcanlı günlərdə verdiyiniz bu xəbər çox sevindirici oldu. İnşallah, ən qısa zamanda Mikayılovlar ailəsi ilə birlikdə ikinci bir sevincli xəbər alarıq. İnanırıq ki, balaca Dənizin öz qardaşı Elxana verəcəyi ilik, hər ikisinin həyatda qalmasına səbəb olacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Respublikaçılar”-ın seçkiöncəsi qurultayı təxirə salınmayacaq”-TRAMP BƏYAN ETDİ

Read Next

63 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir