“Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir…”-TAHİR MİRKİŞİLİ – SİYAVUŞ NOVRUZOVDAN BANKLARA İTTİHAM, QÜDRƏT HƏSƏNQULİYEV VƏ VAHİD ƏHMƏDOVDAN BANKLARA ÇAĞIRIŞ YENİLƏNİB – (3)

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

İclasda həmçinin “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

***

Qanun layihələri barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir. 

Komitə sədri bildirib ki, banklarda kredit faizləri yüksəkdir:

“Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq”.

11:40

***

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov banklarla bağlı problemlərin qaldığını bildirib.

Qeyd edib ki, bankların fəaliyyətində yenə də narahatlıq doğuran məısələlər var.

Onun sözlərinə görə, artıq insanlarda, vətəndaşlarda banklara inam, etimad qalmayıb, bunun səbəbkarı da məhz bankların özləridir.

Komitə sədri bildirib ki, artıq banklar öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar.

11:50

***

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də banklarla bağlı tənqidi fikirlər səsləndirib.

Bildirib ki, bank faizləri çox yüksək olduğu üçün banklarda 17 milyardlıq sərbəst vəsait qalıb.

“Çünki heç kim bu yüksək faizlərlə kredit götürmək, iş görmək istəmirlər. Ona görə bu məsələdə ciddi korrektlər olmalıdır, bank faizləri aşağı salınmalıdır, investisiya qoyuluşlarına şərait yaradılmalıdır”-deyə, millət vəkili əlavə edib.

Millət vəkili Rüfət Quliyev öz növbəsində depozit faizlərinin aşağı salınmasını təklif edib.

“Bu faizlər aşağı salınmasa, ölkədə sahibkarlığın inkişafı mümkün olmayacaq”.

12:00

***

“Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında olan görüşdə bildirdik ki, ümumiyyətlə, müharibə artıq başa çatıb”-deyən Vahid Əhmədov bildirib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var:

“AMB sədrindən xahiş etdik ki, Banklar Assosasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın. Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.

Müzairələrdən sonra hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Amin Musayev Azərbaycana qaytarıldı-AİLƏSİ ALİ BAŞ KOMANDANA MİNNƏTDARLIQ ETDİ…

Read Next

Milli Məclisin iclası-DEPUTATLAR 13 MƏSƏLƏNİ MÜZAKİRƏDƏN KEÇİRDİ, “SAQİYAN” CİDDİ MÜBAHSİLƏRƏ SƏBƏB OLDU, AYDIN MİRZƏZADƏDƏN TÜRKİYƏYƏ DƏSTƏK, NÖVBƏTİ İCLAS AYIN 18-DƏ OLACAQ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir