“Hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək…”-TƏBİB – RAYONLARA GEDİŞ-GƏLİŞƏ İCAZƏ VERİLƏCƏKMİ? – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb.

***

“Lazım olsa, gələcəkdə xaricdən həkim dəvət etməyə çalışacağıq. Lakin bugünkü gündə kadr çatışmazlığımız yoxdur”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda ölkədə xarici ölkələrdən gələn həkimlərlə birlikdə iş aparılır:

“Gələcəkdə yenidən ölkəyə həkim dəvət edilməsi ilə bağlı proqnoz vermək mümkün deyil. Çünki bu virusun özünü necə aparacağını təxmin etmək mümkün deyil. Öz tərəfimizdən hazırlıqlı olmağa çalışırıq”. 

“Biz də ümid edirdik ki, orduya dəstək aksiyasından sonra koronavirusa yoluxmada artım baş verməyəcək”. 

Bunu isə TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib

O, bildirib ki, virusun özünü necə aparacağı haqda proqnozların verilməsi çətin məsələdir:

“Onu deyə bilərəm ki, hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək”.

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”-deyən Y. Qarayevanın sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib:

“Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”. 

***

“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür”.

Bunu öz növbəsində mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, rəqəmlər və statistika da bunu təsdiqləyir:

“Qərarlar rəqəmlərə istinad etməklə alınır. Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”.

16:35

***

Sonra “ÜST-ün Avropa ofisindən beş nəfərdən ibarət missiya Azərbaycanın COVİD-19-la mübarizə tədbirlərini dəstəkləmək üçün iyulun 21-dən ölkədə səfərdədir”-deyən H. Harmancı bildirib ki, missiya üzvləri on gün ərzində yerli tərəfdaşlarla görüşüb, səhiyyə mərkəzlərinə və xəstəxanalara baş çəkib, qeydlərini aparıblar:

“Missiya ÜST Avropa ofisinin Səhiyyə informasiyası üzrə proqram meneceri David Novillo Ortizin rəhbərliyi ilə həyata keçirilib. Missiya boyunca bizə öz dəstəyini əsirgəməyən Azərbaycan dövlətinə minnətdarıq. Onlara məlumatları bizimlə açıq bölüşdükləri üçün təşəkkür edirik”.

H. Harmancının sözlərinə görə mart ayında ölkəyə gələn missiyanın tövsiyələrinin böyük hissəsi yerinə yetirilib:

“Bir çox sahələrdə irəliləyişlər var. Bu missiyanın verəcəyi tövsiyələr hazırda təkmilləşdirməyə ehtiyacı olan sahələrin inkişafına kömək edəcək. On gün ərzində mütəxəssislərimiz çox heyrətamiz işlər aparıldığını müşahidə etdilər. Bizi ən çox Azərbaycanda COVİD-19-la mübarizədə çalışan insanlar heyrətləndirdi. Hökumət daxilində müxtəlif statusa malik insanlar, yüksək səviyyəli diplomatlardan ağıllı və bacarıqlı texniki işçilərə qədər hər nazirlikdən təyin olunmuş müvafiq şəxslər uzun saatlar, günlər, həftələrlə dayanmadan çalışırlar. Xəstəxanalar, poliklinikalar, ictimai səhiyyə idarələrində həkimlər, tibb bacıları, laboratoriya işçiləri insanlara qayğı göstərmək, onları müalicə etmək, digərlərinə təlim keçmək, təmasları izləmək, evlərə zəng etmək, test etmək, rəqəmləri əlavə etmək, cədvəllər, statistika və hesabatlar hazırlamaq kimi işləri yerinə yetirirlər. Bunu təkrar-təkrar, bitmə tarixini bilmədən etmək çox ağırdır. Bu insanlar Azərbaycanda COVİD-19-a qarşı mübarizənin görünməyən qəhrəmanlarıdır”.

O, Azərbaycanda böyük işlər aparıldığının şahidi olduğunu vurğulayıb:

“Biz daha da təkmilləşdirilə biləcək sahələri müəyyən etdik. Hökumət tərəfindən görülən ciddi tədbirlər bu xəstəliklərin insandan insana ötürülməsini məhdudlaşdırmaqdır. Ötürülmə məhdud olarsa, COVİD-19-a daha az yoluxma müşahidə edəcəyik və bu xəstəlikdən ölənlərin sayı daha az olacaq. Ötürülmənin azalması insanlar arasında fiziki məsafəni artırmaqla mümkündür. Evdə qalmaq, müəssisələrin və məktəblərin bağlanması, insanlar arasında məsafəni artırmaq üçündür. Maska taxmaq, ictimai yerlədə ən azı 1.5 metr məsafə saxlamaq da ötürülməni məhdudlaşdıran ünsürlərdəndir. Lakin hər dəfə sərt tədbirlərin yumşaldılmasından sonra yeni yoluxma hallarının artdığını görürük. Anlamalıyıq ki, insanlar maska taxsa, tez-tez əllərini yusa, COVİD-19 simptomları hiss etdikdə evdə qalsa, həkimə xəbər versə və özlərini təcrid etsə, o zaman hökumət karantin rejimini yumşaltsa belə, yoluxmaların sayında artım olmaya bilər”.

H. Harmancı yoluxmanın azalması üçün insanların düşüncə tərzinin və davranışlarının dəyişməsinin lazım olduğunu diqqətə çatdırıb:

“Burada sözügedən tədbirləri hər gün diqqətlə tətbiq etməliyik ki, mümkün qədər normal həyat yaşaya bilək, özümüzü və ətrafdakı insanları qoruyaq”.

Etikxeber.az


Read Previous

“Düşündük ki, bu şəkildə daha çox ailəni sevindirər, daha çox ailənin bayramını təbrik etmiş olarıq…Beləcə, rayonumuzda 100 ailəyə bayram payı göndərdik…”- MİLLƏT VƏKİLİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“İndi artıq Cavadovların evi var…”-MİLLƏT VƏKİLİ – JALƏ ƏLİYEVADAN, ELNUR ALLAHVERDİYEVDƏN, MƏRDAN CAMALOVDAN VƏ ZƏRDABLI İŞ ADAMLARINDAN NƏCİB-XEYİRXAH ADDIM – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir