“Hazırkı çətin dövrdə, pandemiya ilə mübarizədə dövlətlərin və xalqların birliyinə, əməkdaşlığına ehtiyac duyulur”-MİLLƏT VƏKİLİ

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, onun ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Digər tərəfdən, bu, Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq təzahürüdür.

Etikxeber.az xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev söyləyib.

Deputat bildirib ki, Azərbaycan pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurulmasına cəhd göstərməklə dünya birliyinin etibarlı üzvü olduğunu açıq şəkildə nümayiş etdirir:

“Azərbaycan hər zaman ilklərlə yadda qalır. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü təşkil edib. Bundan başqa, Avropa İttifaqının yüksək səviyyəli rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu.

Dünya təcrübəsindən də göründüyü kimi, koronavirus pandemiyası ilə mübarizədə ölkələr bir-birinə yardım etməlidir. Bunu bəzi təşkilatlara da aid etmək mümkündür. Bir sözlə, qlobal əməkdaşlığa güclü ehtiyacın olduğu şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərməli, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar atmalıdırlar. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini dünyaya çatdırdı. Dövlətimizin başçısı bu ideya ilə dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi”.

Deputat qeyd edib ki, Azərbaycan daim öz təşəbbüsləri və addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Hazırkı çətin dövrdə, pandemiya ilə mübarizədə dövlətlərin və xalqların birliyinə, əməkdaşlığına ehtiyac duyulur:

“Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə qətiyyətlə əməl edir, koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycan koronavirusun yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər görməklə dünyaya nümunə olacaq uzaqgörən siyasət yürütdü. Məhz bu tədbirlərin sayəsində respublikamız digər ölkələrlə müqayisədə kütləvi yoluxma hallarının qarşısını ala və vəziyyəti nəzarətdə saxlaya bilir. Ölkəmizdə iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan çox sosial-iqtisadi dəstək paketinin qəbul olunması vətəndaşların rifahına və iqtisadiyyatın dayanıqlığına yönəldilib. Dövlətimiz bununla vətəndaşının yanında olduğunu bir daha göstərdi. Təbii ki, dövlətin diqqət və qayğısı vətəndaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Milli Məclisin sabahkı iclası-18 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, DEPUTATLAR YENƏ BİR-BİRİNDƏN ARALI ƏYLƏŞƏCƏK

Read Next

Daha bir deputat çağırış etdi: “MƏSULİYYƏTLİ OLAQ, VERİLƏN QƏRARLARA, GİGİYENİK NORMALARA HAMILIQLA ƏMƏL EDƏK”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir