“Heç bir ölkə vaksin tapılmayana qədər özünü tam şəkildə sığortalamış hesab edə bilməz…”-QƏNİRƏ PAŞAYEVA

Azərbaycan Prezidentinin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, mühüm çağırışlar mediamızın, vətəndaş cəmiyyəti institutlarımızın, ümumilikdə, cəmiyyətimizin müzakirə mövzusudur. Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri, ümumilikdə, respublikanın mövcud durumu ilə bağlı geniş fikirləri, hadisələrə prinsipial, qəti mövqe nümayiş etdirməsi qürurvericidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, Prezidentin müsahibəsində xüsusi vurğu edilən sahələrdən biri iqtisadiyyatdır. Bir yandan qlobal pandemiya, digər yandan neftin qiymətinin ucuzlaşması ölkənin iqtisadiyyatına təsirsiz ötüşmədi:

“Buna baxmayaraq, belə bir çətin vəziyyətdə heç bir sosial layihə təxirə salınmadı. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Prezident cari ildə 7 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyini, şəhid ailələri üçün 1500 mənzilin istifadəyə veriləcəyini və orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərin 400-dən çox mənzillə təmin olunacağını bildirdi. Bundan başqa, ünvanlı sosial yardım alanların sayının artırılaraq 85 min ailəyə çatdırılması, işsizlərin, o cümlədən qeyri-formal sahədə işləyənlərin dəstəklənməsi, pandemiyadan zərər çəkmiş sahələrdə çalışanlara maddi yardım göstərilməsi və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Deputat bildirib ki, qlobal pandemiya səbəbindən iqtisadiyyatda müəyyən problemlər olsa da, 2020-ci ilin ilk beş ayının yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox, qeyri-neft sənayesində isə 16 faiz artım olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi cari ilin altı ayı ərzində respublikamızın valyuta ehtiyatlarında yalnız 98 milyon dollar azalmaya səbəb olub, yəni, kəskin ucuzlaşma kəskin azalmaya gətirib çıxarmayıb.

Q.Paşayeva mətbuata açıqlamasında sonra deyib:

“Xalqımız, dövlətimiz hər zaman nəcibliyi, xeyirxahlığı ilə nümunə olub. Hazırkı çətin vəziyyətdə Azərbaycanın qlobal həmrəyliyə və əməkdaşlığa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dövlətimiz bu günə qədər otuzdan çox ölkəyə humanitar yardım göstərib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, ölkəmiz humanitar yardımı piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edir. Biz yardıma ehtiyacı olan ölkələrə humanitar və maliyyə yardımı göstəririksə, deməli, ayaqda möhkəm duran ölkəyik. Məhz bu səbəbdən Prezident Azərbaycanın dünyada çox yüksək imicə malik ölkə olduğunu bildirdi”.

Deputat dövlətimizin COVID-19 virusu ilə mübarizədə gördüyü işlərdən və hazırkı vəziyyətdən də danışıb.

Bildirib ki, hazırda dünya ölkələrinin əksəriyyəti yenidən məhdudlaşdırıcı tədbirlərə əl atır, sərt karantin rejiminə qayıdır. Çünki heç bir ölkə vaksin tapılmayana qədər özünü tam şəkildə sığortalamış hesab edə bilməz. Müqayisə etsək, görərik ki, əhalisinin sayı bizim respublikamızla eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 min nəfərdir.

Deputat qeyd edib ki, əgər fevral ayında Azərbaycanda ümumilikdə 6 laboratoriya var idisə, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Test sayı 500 mini ötüb və adambaşına düşən testlərin sayına görə Azərbaycan təqribən 15-dən çox ölkəni qabaqlayaraq 40-cı yerdə qərarlaşıb:

“Tətbiq edilən məhdudiyyətlər insanların sağlamlığının qorunması üçündür. Qayda, karantin rejiminin tələbləri vəzifəsindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq hər kəs üçün eynidir. Məsuliyyətli olaq ki, bu çətin günlər arxada qalsın, yenidən adi həyatımıza qayıdaq. Dövlətin həyata keçirdiyi tədbirlər, ölkə rəhbərinin yüksək siyasi iradəsi, fədakar həkimlərimiz, qaydalara riayət edən və anlayış göstərən vətəndaşlarımız varkən daha müsbət nəticələr uzaqda deyil”.

Etikxeber.az

Read Previous

Daha 548 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Read Next

Pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi-QAYDASI MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir