Hesablama Palatası Bakı Metropolitenin fəaliyyətində pozuntular aşkarladı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) tərəfindən maliyyə-təsərrüfat əməliyyatları üzrə mühasibat uçotunun aparılmasının, dövlət gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət vəsaitlərindən və əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Hesablama Palatasından  Etikxeber.az-a verilən məlumata görə cəmiyyət metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsi, eləcə də təsərrüfat və sifarişçi-podratçı üsulları ilə metro tikintisi fəaliyyətilə məşğul olub, sərnişindaşımanın həcmi 2014-cü il üzrə 210,3 milyon nəfər, 2015-ci il üzrə 215,0 milyon nəfər təşkil edib. Audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 mln. manat, 2015-ci il üzrə 90,6 mln. manat, həmçinin cəlb edilmiş kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 602,0 mln. manat məbləğində vəsaiti əhatə edib.

Metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsindən yaranan zərərin qismən ödənilməsi ilə əlaqədar köçürülmüş 2014-cü ildə 36,0 mln. manat və 2015-ci ildə 38,0 mln. manat subsidiya məbləğləri əmək haqqı və digər sosial təyinatlı xərclərin ödənilməsinə yönəldilib.

Auditlə müəyyən edilmişdir ki, vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının  stimullaşdırılması xərclərinin və dövlət sosial müdafiə fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilmişdir. Eyni zamanda, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə , eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilib.

Dövlət əmlakından istifadə vəziyyəti ilə əlaqədar metrostansiyanın sahəsində bir halda müvafiq qaydada rəsmiləşdirilmədən faktiki olaraq ticarət fəaliyyətinin həyata keçirilməsi, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunması halları aşkar olunmuş, eyni zamanda metro stansiyalarında yeni üslubda ticarət köşklərinin yaradılması məqsədilə yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən istifadə olunması əməliyyatları çərçivəsində hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilib.

Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma prosedurları tətbiq edilmədən birbaşa müqavilələr bağlanmış, eyni malların satınalınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilmiş, satınalınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməyib.

Eyni zamanda, malların bəzi hallarda birbaşa istehsalçılardan deyil rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satınalınması, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmaması, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işlərinin sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilməsi, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməmişdir.

Metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilmiş, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib.

Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmayıb.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilib.

Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməmiş, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməyib.

Hesablama Palatasının Kollegiyası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti  tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Kollegiya Qərarının surəti və Təqdimat Cəmiyyətə göndərilib.

Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, eləcə də dövlət əmlakından istifadə olunması sahəsində kənarlaşma hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumatların göndərilməsi qərara alınıb.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

 Etikxeber.az

Read Previous

ARDNF 22 banka 200 milyon dollar satıb

Read Next

İlham Əliyev Nikah evinin binasının açılışını etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir