“Hesablama Palatasına seçim verilməməlidir” – DEPUTAT

Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələri “Dövlət qulluğu haqqında” qanundan çıxarıldı

Milli Məclisin (MM) oktyabrın 31-də keçirilən  plenar iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi qanun layihəsi müzakirə edilib.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.Sənəddə “Hesablama Palatası haqqında” qanunun Hesablama Palatasının əsas funksiyalarını nəzərdə tutan 2-ci maddəsinin 11-ci abzasına dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir.İndiyə qədər qüvvədə olan qanuna görə, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.

Qeyd edək ki, “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.

Millət vəkili Qüdrət Həsənquliyev  bildirib ki, Hesablama Palatasına seçim verilməməlidir:

“Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icrasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərməlidir. Burada “ya” sözü çıxarılmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov və MM-in komitə sədri Əli Hüseynli isə qanun layihəsində bu dəyişikliyə ehtiyacın olmadığını vurğulayıb.

Layihə səsə qoyularaq qəbul edilib.

***

Sonra İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna eyni məzmunlu dəyişiklik layihəsi müzakirə olunub.

Layihələr barədə MM-in komitə sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən avtomobillərin parklanması ilə bağlı “müddətin bitməsinə 1 saat qalmış” sözləri “müddət bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edilir.

Adıçəkilən layihələr  də səsə qoyularaq qəbul olunub.

***

Daha sonra dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib.

Layihəyə əsasən “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.
Bu layihə də  səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırmalıdır…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

Fazil Mustafa xalası oğlunun təklifinin əleyhinə səs verəcəyini bildirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir