“Heydər Əliyev dedi ki, fiqura saxlayırsız, niyə yemirsiniz? Siz yeməsəniz, onda mən də nahar etməyəcəm…” – FATMA HÜSEYNOVA

Tanınmış əmək qəhrəmanı, zəhmət ustası-Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma xanım Hüseynova ilə müsahibəni bir il öncə, elə bu gün-tarixi şəxsiyyət Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı götürmüşdük.

Müsahibənin son dərəcədə səmimi, maraqlı və aktual olduğunu nəzərə alaraq, onu yenidən Etikxeber.az oxucularının, izləyicilərinin diqqətinə çatdırmağı məqsədəuyğun saydıq.

Odur ki, Fatma Hüseynova ilə  müsahibəsini olduğu kimi, yenidən təqdim edirik:

-Fatma xanım, bu gün sabiq dövlət başçısı-mərhum Heydər Əliyevin növbəti doğum günüdür. H. Əliyevi yaxından tanıyan, onunla son dərəcədə gözəl münasibətləri olan bir insan, zəhmət adamı, əmək qəhrəmanı kimi, eks-prezident haqqında nələri demək istərdiniz? Onunla bağlı çox güman ki, çoxlu xatirələriniz var və geriyə dönüb baxarkən, nələri yada salmaq, xatırlatmaq könlünüzdən keçir? 

-Bilirsiniz, tam səmimiyyətimlə deyirəm, Heydər Əliyev mənim mənəvi atam idi. O məni nə adımla, nə də soyadımla çağırardı, sadəcə, qızım deyərdi. Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldi, Azərbaycanın birinci katibi oldu. 1972-ci ildə məni şəxsən özü təsərrüfat  briqadiri seçdirdi. Birinci hakimiyyəti dövründə 14 dəfə Sabirabadda oldu, hamısında da kəndimizə, təsərrüfatıma baş çəkdi, əməkçilərimizlə görüşdü, mənimlə də şəxsən söhbətləşdi. Bir dəfə məndən soruşdu ki, işçilərindən, qızlardan aralarında nişanlı olanı varmı, mən də dedim ki, bəli, var. Dedi ki, onları çağır gəlsin, görüm nə istəyirlər. Mən də çağırdım, dedim ki, nə istəyirsiniz, nəyə ehtiyacınız var. Hamısı Heydər Əliyevdən çəkindikləri, utandıqları üçün sözlərini, arzularını mənə dedilər, yəni,  əksəriyyəti xarici mebel arzusunda olduğunu bildirdi. Üstündən cəmi bir gün sonra, axşamüstü gördüm ki, mebel maşınları dalbadal düzülüb. Dedilər ki, özün qol çəkməlisiniz, kolxoz sədri-filan lazım deyil.

ƏLİYEV HEYDƏR

Ondan sonra növbəti il rayonumuza, təsərrüfatımız gələndə soruşdu ki, qızım sənin nəyə ehtiyacın var, sən niyə özün üçün bir şey istəmirsən, hara gedirəm, hamısından soruşuram, hər bir arzusunu bildirir, ancaq sən heç nə istəmirsən. Onda “yoldaş Əliyev”- deyə, müraciət edirdik, dedim ki, yoldaş Əliyev, kəndimizdə yararsız, şoranlaşmış torpaqlar, onları yararlı hala saldırıb, mənə versəniz, bu, mənim üçün ən böyük hədiyyə, mükafat olar, həmin torpaqlardan filan qədər pambıq, məhsul verərəm. Dedi ki, nə qədər, dedim ki, 1500 ton. Yanındakı yoldaşa dedi ki, yaz. Bir gün keçdi, bir də gördüm ki, texnikalar tökülüb, sanki bir diviziya idi…

-Yeri gəlmşikən, Heydər Əliyevin dövründə səhv etmiriksə, Sosialist Əməyi Qəhrəmanı adına layqi görülmüsünüz…

Fatma_Hüseynova

-Bəli, tamamilə, doğrudur. Bunun da çox maraqlı bir tarixçəsi var.  Belə ki, Azərbaycan SSR Kommunist Partiyasının 30-cu qurulyatıyı idi, Sabirabaddan da  qurultaya 50 nəfərlik nümayəndə heyəti getmişdi.  Hamı foyedə kənarda dayanmışdıq, mən də bir qıraqda təkcə dayanmışdım. Hamımız gözləyirdik ki, gəlib birinci Heydər Əliyev səs versin, keçsin, sonra biz. Bir də gördüm ki, Heydər Əliyev düz mənə doğru gəlir, alnımdan öpdü və dedi ki, qızım səni təbrik edirəm. Mən də düzünü bilmirdim ki, nəyə görə təbrik edir. Dedim ki, çox sağ olun. Sonra hamımız qurultay keçirilən zala daxil olduq, mən də Rəyasət Heyətində əyləşmişdim, arada beş dəqiqəlik fasilə oldu, məni yenə yanına çaığırdı, dedi ki, qızım sənin tərcümeyi-halını götürdülər, cavab verdim ki, xeyr.

Dedi ki, necə yəni götürməyiblər?! Dedim ki, vallah,  götütməyiblər, dedi ki, yaxşı. O vaxtı qurultay iştirakçılarını da mehmanxanlarda yerləşdirirdilər. Mənim qaldığım otaqla Sabirabadın birinci katibinin qaldığı otaq bitişik idi, bir də gördüm ki, katibin otağında səs-küy aləmi bürüyüb. Sonra həmin vaxt birinci katibin yanında olan Cəlal Mənsimovdan soruşdum ki, nə səs-küy idi? Dedi ki, bəs sənin Sosialist Əməyi Qəhrəmanlığına adın təqdim olunmalıdır, Heydər Əliyev də bu məsələni geçikdirdiyinə görə birinci katibi möhkəm danladı. Deyib ki, axı tapşırmışam ki, o qızın sənədlərini düzəldib, göndərin, niyə etməmisiniz?! Yəni, bu məsələnin üstündə birinci katibi xeyli danlamışdı…

-Siz həm də SSRİ Ali Sovetinin deputatı olan əmək qəhrəmanlarından, zəhmət adamlarından biri olmusunuz…

-Elədir ki, var. Qeyd edim ki, namizədliyinin irəli sürülməsində də çox maraqlı məqamın yaşanmışdı. Həmin vaxt Gəncədə, Kənd Təsərrüfatı İnstitutunda oxuyurdum, tətilə gəlmişdim. Bir gün Heydər Əliyev yenidən bizim rayona, təsərrüfatımıza gəldi. Dedi ki, qızım səndən sənəd almadılar? Cavab verdim, xeyr. Birinci katib Məmmədov da bizim yanımızda idi. Dedi, axı tapşırmışdım ki, bu qızın sənədlərini hazırlayıb SSRİ Ali Sovetinin deputatlğına namizədliyini verin, niyə etməmisiniz? Katib cavab verdi ki, axı, o, Azərbaycanın deputatıdır, onun yerinə başqsanın sənədlərini hazırlamışıq. Heydər Əliyev dedi ki, çox səhv etmisən, necə ola bilir mən həm Azərbaycanın, həm SSRİ-nin deputatı ola bilirəm, amma bu qız yox?! Görün Heydər Əliyev necə gözəl insan və necə böyük şəxsiyyətdir ki, mənimlə özündə fərq görmürdü.

Sonra bir gün SSRİ Kommunist Partiyasının 25-ci qurultayında iştirak etmək üçün Moskvaya gedirdik, özü də qatarla. Bir gördük ki, mühafizəçisi gəldi və dedi ki, yoldaş Əliyev sizi çağırır. Günorta, nahar vaxtı idi. Biz də həyəcanla soruşduq ki, görəsən niyə çağırır, dedi ki, nahara dəvət edir. Durduq, getdik, bir tərəfində məni, bir tərəfində də Tərlan Musayevanı əyləşdirdi. Bizim xətrimizi daha çox istəyirdi. Biz də utandığımzdan onun yanında çörək yeyən idik…

Süfrədə təzə xiyar vardı, götürdüm onu o tərəf, bu tərəfə eləməyə. Sən demə Heydər Əliyev də fikir verirmiş, dedi ki, siz yeməsiniz, mən də yeməyəcəyəm. Dedi ki, fiqura saxlayırsız, niyə yemirsiniz? (gülür). Siz yeməsəniz, onda mən də nahar etməyəcəm. Çəkinə-çəkinə pendirdən bir az kəsib götürdüm, dedim ki, yoldaş Əliyev, vallah, süfrə başından durub gəlmişik, ona görə yemirik…Artıq Sosialisit Əməyi Qəhrəmanı da seçilmişdim, SSRİ Ali Sovetinin deputatı da idim.

Bir gün SSRİ Ali Sovetinin sessiyası idi. Artıq Heydər Əliyev onda Siyasi Büroda idi. Amma hər sessiyada bizimlə mütləq görüşər, hal-əhval tutardı. Biz hamımız bir kənarda durub dayanmışdıq. Heydər Əliyev də Qaxıstanın, Orta Asiya respublikalarının birinci katibləri ilə bir yerdə dayanmışdı. Qayıdıb onlara zarafatla, gülə-gülə dedi ki, bir Azərbaycan  gözəllərinə baxın, bir də  öz gözəllərinizə, onların  geyim-keciminə niyə fikir vermisiniz?!(gülür). Yəni, Heydər Əliyev ciddi insan olduğu kimi, həm də çox zarafatcıl, böyük yumor hissi olan bir insan idi.

Bir gün yenə bizim kolxoza, təsərrüfatımıza gəlmişdi. Dedi, axı, niyə özün üçün də nəsə istəmirsən, dedim ki, yoldaş Əliyev,vallah,sizin gəlişiniz elə mənim üçün hədiyyədir. Əgər mümkün olsa, kəndimizin balalarına müasir məktəb binası tikillib, istifadəyə verilsin. Mənim xahişim və onun göstərişi ilə qısa zamanda kəndimizdə ən müasir tipli 3 mərtəbəli məktəb binası tikilib istifadəyə verildi və onun açılışında da şəxsən özü iştirak etdi.  Bu yerdə onu da yeri gəlmşikən xatırladım ki,  sonradan Qarabağ müharibəsi ilə əlaqədar məcburi köçkünlərimizn bir qismi həmin məktəb binasında yerləşdirildi. Həmin məktəb də mənim evimlə düz üzbəüz idi. Artıq məktəb binası köhnəlmiş, məktəb üçün yararsız hala düşmüşdü. Hər dəfə də  bütün tədbirlərdə yeni məktəbin tikilməsi məsələsini qaldırırdım. Bir gün maliyyə naziri Samir Şərifov rayonda qəbul keçirərkən, söz aldım və xahiş etdim ki, kəndimizdə yeni məktəb binasının tikilməsi üçün maliyyə ayrılsın. Ancaq elə oldu ki, bu məsələ həmin  vaxt alınmadı. Ancaq bundan bir müddət sonra cənab prezident İlham Əliyev bizim rayona, Rayon Mərkəzi Xəstəxanasının açılışına gəlmişdi. O zaman ondan xahiş etdim ki, həmin məktəbin təmirinə kömək göstərilsin. O da dərhal göstəriş verdi və artıq həmin bina tam dəyişdirilmiş bir hala gətirilib, sanki yeni bina tikilib, bütün müasir standartlara cavab verir, baxanda adamın ağzı açıq qalır. Artıq işlər yekunlaşmaq üzrədir və inşallah, Heydər Əliyevin tikdirdiyi həmin məktəbin təmirdən sonra açılışında cənab prezidentimiz İlham Əliyevin də iştirakı gözlənilir.

Xatirələr çoxdur. Birini də danışmaq istərdim. Bir gün Heydər Əliyev dedi ki, qızım bəlkə səni  katib təyin edim. Mən də  əvvəlcə elə bildim ki, zarafatla deyir, sən demə gerçəkdən deyirmiş. Dedim ki, yoldaş Əliyev, çox sağ olun, mən torpaqla başlamışam, bu həyatı torpaqla da başa vurmaq istəyirəm. Dedi ki,  qızım sənə bir ay vaxt verirəm, get, fikirləş. Dedim ki, yoldaş Əliyev,  yenə də çox sağ olun, istəmirəm, bu iş mənlik deyil, yalan danışa bilmərəm, biz ata-balayıq.

fatma-2

fatma-4

fatma-5

fatma-6

fatma-7

fatma-8

-Fatma xanım, ölkə prezidenti, Heydər Əliyev yolunun davamçısı  İlham Əliyevlə bəs münasibətləriniz necədir?

-Mən ölkə prezidenti İlham Əliyevlə fəxr edirəm. Fəxr edirəm ki, belə bir prezidentimiz, dövlət rəhbərimiz var. Cənab prezidentimiz də rəhmətlik Heydər Əliyev kimi, mənim nə adımı, nə soyadımı deyir, mənə bacı deyə müraciət edir. Bildiyiniz kimi, 3 il  ( 4 il-red)  öncə rayonumuza, bizim təsərrüfata gəlmişdi. Mən də tez ona süfrə açdırdım, dedilər ki, ehtiyac yoxdur, sahəyə baxıb, gedəcək. Mən də dedim ki, olsun, süfrədə əyləşsə də sağ olsun, əyləşməsə də. Pambıq sahəsinə baxıb, əməkçilərlə görüşdükdən sonra dedim ki, cənab prezident olarmı bir söz deyim, dedi ki, buyur bacı. Dedim ki, süfrə açdırmışam, ilk dəfədir ki, bizim təsərrüfatda olursunuz, 14 dəfə Heydər Əliyev burada olub, birinci dəfədir də siz, əyləşsəniz də sağ olun, əyləşməsəniz də. Gəldi, süfrə arxasında əyləşdi, mürəbbə ilə çay içdi, bir-iki gilə üzüm də yedi, şirniyyatdan da bir balaca daddı… Yəni, demək istəyirəm ki, Heydər Əliyev daim mənim mənəvi dayağım, arxam, böyüyüm, atam olub. İndi də həmin münasibəti oğlundan-cənab prezidentdən görürməm. Allah Heydər Əliyevə rəhmət etsin, ölkə prezidentinə də can sağlığı versin!

11:35, 10 may

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ceyhun Məmmədovu-AQİL ŞİRİNOV ƏVƏZLƏDİ – SƏRƏNCAM

Read Next

“İntizam Komissiyası o demək deyil ki, Milli Məclisin üzərinə “Domokl qılıncı”nı çəkməlidir”-İNTİZAM KOMİSSİYASININ SƏDR MÜAVİNİ FƏZAL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir