Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 19 faiz artıb

Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 265 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, ümumilikdə, 2016-cı ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 milyon sərnişinə xidmət göstərib.

Milli aviadaşıyıcıya 1,7 milyon sərnişin üstünlük verib, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Naxçıvan və Gəncəyə olan daxili uçuşlarında 468 min sərnişin daşınıb. Bu da ümumi sərnişin dövriyyəsinin 17 faizini və AZAL dövriyyəsinin 27 faizini təşkil edir.

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 milyon ton yük daşınıb.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45 faizi onların payına düşür.

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komaviatrans” aviaşirkətləri, həmçinin “Pobeda” loukosteri Bakıya uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Xatırladaq ki, dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Etikxeber.az

 

Read Previous

“Bayraq yürüşü” keçiriləcək

Read Next

Bakıda havanın dəyişkən buludlu olacağı gözlənilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir