“Heydər Əliyev hakimiyyətə gələndən sonra hamısı yüyürüb oldular “Heydər Əliyevçi”…”-TAHİR RZAYEV RAMİZ MEHDİYEV VƏ BƏZİ ZİYALILARA ÜNVANLANAN İTTİHAMLARDAN DANIŞDI…

Tahir RZAYEV: “Heydər Əliyev kimi böyük şəxsiyyət Ramiz Mehdiyevin yaxşı cəhətlərini görməsəydi-istər sovetlər, istərsə də sonrakı, müstəqillik illərində gətirib onu orada işlətməzdi, ona böyük, məsul vəzifə etibar etməzdi…”

Son günlər mediada, sosial şəbəkələrdə Ramiz Mehdiyev “mövzusu” yenidən aktuallaşıb.

Xüsusilə də, Prezident Administrasiyasının (PA) sabiq rəhbəri ilə eyni hakimiyyətdə və iqtidar partiyasında, hakim Yeni Azərbaycan Partiyasında (YAP) təmsil olunan bəzi şəxslər tərəfindən “Boz kardinal” adlandırlan şəxsə qarşı böyük “cəbhə” açılıb.

Sabiqlərdən, YAP-ın yaradıcılarından, eks-deputatlardan olan Maksim Musayev, Xeyrəddin Qoca, o cümlədən, hazırda bitərəf olan Prezident Katibliyinin eks-rəisi Eldar Namazov, millət vəkili, həmçinin, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı və digərləri tərəfindən R. Mehdiyevə qarşı sərt və kəskin ittihamlar səsləndirilib.

Bəs görəsən, digər YAP-çılar səsləndirilən ittihamlar, xüsusilə də, sırf partiyadaşları tərəfindən R. Mehdiyevə qarşı ünvanlanan kəskin və ciddi cavabları verilməyən ittihamlar barədə nə düşünürlər?

Etikxeber.az-a açıqlamasında tanınmış YAP-çı millət vəkillərindən biri, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev kimlərinsə şəxsi fikirlərinə cavab verməyin düzgün olmadığını qeyd edib.

Qeyd edib ki, hər bir kəs öz dediklərinə cavabdehdir və özü məsuliyyət daşıyır.

Bununla yanaşı, millət vəkili bəzi məqamlara da toxunmağı lazım bilib:

“Biz gərək müəyyən xidmətləri olan, müəyyən dövlət vəzifələrində işləyən, çalışan adamların əgər doğrudan da, nöqsanları olubsa, var idisə, onlar işləyəndə, yüksək kürsüdə əyləşəndə deyəydik, vəzifədən gedəndən sonra yox. Rəhmətlik Heydər Əliyev 70-80-ci illərdə burada nə qədər adama qayğı, diqqət göstərmişdi, onları vəzifəyə qoymuşdu, onlara çörək vermişdi, onların balalarına çörək vermişdi. Ancaq Heydər Əliyev Moskvaya gedəndən sonra vəfiyə gətirdiyi, yüksək vəzifələrə təyin etdiyi adamlar məlum oldu ki, onun haqqında donosları Moskvaya ötürürlərmiş. Özünüz də şahidsiniz ki, Heydər Əliyev o zaman vəzifədən gedəndən sonra onun haqqında nələr yazırdılar, yazdırırdılar. Mən istəyərdim ki, indi bir çoxları bu yoldan, bu cür mövqedən çəkinsinlər. Əgər işlədiyi dövrdə kiminsə nöqsanları varsa, yaxşı olar ki, elə o dövrdə də onun üzünə deyəydilər. O vaxt onun nöqsanlarını üzünə söyləyəydilər, bildirəydilər.

Heydər Əliyev ikinci dəfə vəzifəyə, hakimiyyətə gələndən sonra həmin adamlar “quzuya” döndülər. O adamlar ki, 1991-ci ildə Ali Sovetdə ayaqlarını yerə döyüdülər, qoymurdular, imkan vermirdilər ki, Heydər Əliyev çıxış etsin, fikirlərini bildirsin. Mikrofonunu söndürürdülər, yerdən qışqırırdılar, “söz verməyin” deyirdilər. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra hamısı yüyürüb oldular “Heydər Əliyevçi”. İkiüzlü adamlar ki, cəmiyyət bunlardan təmizlənməlidir. Hamının səhvi var, hamının nöqsanı var, kimin nöqsanı yoxdur ki?! Ancaq indi yaşlı, xidmətləri olmuş bir insanı mənəvi təzyiqlərə məruz qoymaq, müəyyən uydurmalar söyləmək, yazmaq, mən bunu qəbul etmirəm. Yenə deyirəm, hamının səhvi var, dünyada səhvsiz insan yoxdur.

“Anar haqqında nələr yazırlar, halbuki Anar Azərbaycanın xalqının dəyərlərindəndir. Çingiz Abdullayev haqqında nələr yazılar. Hansı ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçımızdır, əsərləri 30 milyon tirajı ötüb… Onu əlin içində gəzdirmək lazımdır…”

Ramiz Mehdiyev Heydər Əliyevə ən yaxın insanlardan, onun silahdaşlarından olub. Heydər Əliyev kimi böyük şəxsiyyət Ramiz Mehdiyevin yaxşı cəhətlərini görməsəydi-istər sovetlər, istərsə də sonrakı, müstəqillik illərində gətirib onu orada işlətməzdi, ona böyük, məsul vəzifə etibar etməzdi. O cümlədən, nəinki onun haqqında, bizim başqa ziyalılarımız barədə də nələr yazmırlar…Bunlar ayıb sayılan işlərdir. Azərbaycanın 3, 4, 5, 10, 15-20, 50 ziyalısı ziyalısı qalmalıdır da ortada… Anar haqqında nələr yazırlar, halbuki Anar Azərbaycanın xalqının dəyərlərindəndir. Çingiz Abdullayev haqqında nələr yazılar. Hansı ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçımızdır, əsərləri 30 milyon tirajı ötüb… Onu əslində əlin içində gəzdirmək lazımdır.

Amma uşaq-muşaq götürüb qələmi onun haqqında nələr yazılar, yazdılar…Onu, Anarı nə günə saldılar, o cümlədən, bizim digər tanınmış ziyalılarımız var ki, onları mənəvi cəhətdən linç etdilər…Belə şey olar? Hansı ölkədə belə bir şey var? Yerindən duran adam başlayır “təhlil” edir, siyasi “şərhlər” yazır. Olmaz, axı! Sənin gərək bir mənəvi haqqın olsun, əlin bir işdən-gecdən yapışsın, bir iş gör, bir yerə bir xidmətin olsun, bir adama çörək ver, sonra başla nəsə deməyə…Ona görə belə halları düzgün qəbul etmirəm.

Nöqsanı olan adımın nöqsanını yaxşı adam vaxtında, işdə, vəzifədə olanda deyərdi. Onda hamı görərdi ki, doğrudan da, deyildi və o adam haqqında tədbir görüldü…Yoxsa, bizim hörmətli alimlərimiz, yazıçılarımız, ictimai-siyasi xadimlərimiz haqqında indi bu cür danışmaq yolverilməzdir. Cənab İlham Əliyev Ramiz müəllimi hansı diqqətlə, hansı qayğı ilə yola saldı, hamımız şahidiyik. Heç olmasa, ən azı Prezidentimizin bu qayğısına hörmət etməliyik. Prezidentimiz hər birimizə qayğı göstərirsə, digərləri də o qayğıya hörmət etməlidir. Məgər, müəyyən adamlar Prezidentdən çox bilirlər və ya Prezidentdən uzaqgörəndirlər? Odur ki, belə halları qəti şəkildə qəbul etmirəm”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

13:20

Etikxeber.az

Read Previous

“Bu, korrupsiya fəaliyyətidir ki…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Korrupsiya əməlləri, cinayətlər araşdırılarsa, həqiqətlər üzə çıxarsa, o zaman çoxları gərək siyasətdən gedə və təcrid oluna, çoxlarının yeri həbsxanalar ola…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir