“Heydər Əliyev dedi ki, rabitə verməsə, onu buradan buraxmayın…” – SABİQ NAZİR

SİRUZ ABASBƏYLİ: Rabitə naziri təyin edilən günün səhərisi isə ilk zəng etdiyim şəxs rəhmətlik Heydər Əliyev oldu: Zəng etdim, dedim ki, Siruz Abasbəylidir, Heydər Əliyeviç, məni rabitə naziri qoyublar, dedi, hansı Abasbəylisən?…

Etikxeber.az  keçmiş rabitə naziri Siruz Abasbəylinin müsahibəsini təqdim edir:

– Siruz müəllim, necəsiniz, işləriniz, əhval-ruhiyyəniz necədir?

– (Gülür) Əhval-ruhiyyəm hələ ki, işçi vəziyyətdədir. Adam istəyir ki, nəsə yaratsın, nəsə bir iş görsün. Çünki vaxtilə yarımçıq qalan işlərimiz çoxdur. İşlədiyim dövrdə çox güclü layihələrimiz var idi. Qarşıma qoyduğum o məqsədlər, o problemlər ki var idi, həllini gözləyirdi, onların çoxunu həll elədik, çoxunu axıra çatdırdıq. Ancaq bəzi Avropa, dünya səviyyəli layihələrimiz yarımçıq qaldı. Çatdıra bilmədik, yəni, işdən gedəsi oldum. Çox adam mənə sual verir: İşdən getmək məsələsi necə oldu, nə üçün oldu? Min dənə söz deyirlər, ancaq işdən getməyimin səbəbini bir mən bilirəm, bir də bir-iki nəfər yüksək səviyyədə oturan şəxs. İşdən getməyimin səbəbini də heç vaxt açıqlamaq fikrim yoxdur, o fikirdə deyiləm, öz aramızda olan bir məsələdir.

Bu yaxınlarda internetdə oxudum ki, rabitə nazirimiz Ramin Quluzadə vaxtıilə yarımçıq qalan proyektlərimizin birinin reallaşmasına yenidən start verib, hətta, Qazaxıstan və Türkmənistan nazirləri ilə bu layihənin üzərində işləməyə başlayıblar. Layihənin adı o vaxtlar TAE idi. Bu, Çindən başlayıb, Frankfurta qədər gedən dəniz yeraltı, yerüstü kabelin çəkilməsi layihəsidir. Xatırladım ki, 1994-95-ci illərdə biz bu məsələni qaldırmışdıq və bu layihəyə rəhbərlik etməyi öz üzərimizə götürmüşdük ki, müxtəlif Asiya ölkələri, o cümlədən, Almaniya, digər Avropa ölkələri ilə onu həyata keçirək. Bu, bir növ İpək Yolu deyilən layihənin eyni idi. Lakin işdən gedəndən sonra bu məsələ yarımçıq qaldı, axıra çatdıran olmadı. Məndən sonra gələn şəxs tam başqa yolu tutdu. Rabitə sahəsində inkişaf sanki dayanmışdı, heç bir yenilik tətbiq edilməmədi, Bakının mərkəzindəki obyektlər, bir çox poçt binaları, məşhur danışıq məntəqələri hamısı satılmışdı…

Ancaq çox sevinirəm ki, 1992-1997-ci illərdə görülən işlər bugünləri öz bəhrəsini tam gücü ilə verir. Bugünkü internet şəbəkəsinin qurulması, mobil rabitə sistemlərinin – Azərsellin, Baksellin, Katelin əmələ gəlməsi, sonra Ultel, Azevrotel birgə müəssisələrinin yaranması, Peyk rabitə sisteminin yaradılması məhz həmin illərə aiddir. Bunlar hamısı ən çətin dövrdə yarandı. Bu elə bir dövr idi ki, təkcə Rabitə Nazirliyində yox, ümumiyyətlə, respublikada maliyyə böhranı idi. Yadınıza gəlirsə, hətta insanların, fəhlələrin maaşını vermək belə çətiniydi, aylarla gecikmələr olurdu.

Ancaq biz o vaxtı daxili imkanlar hesabına çox böyük işlər gördük, o cümlədən, illərlə tikintisi dayandırılmış Televiziya qülləsinin tikintisini başa çatdırdıq. Rəhmətlik Heydər Əliyev həmin qüllənin açılışını elədi, rabitə işçilərinə minnətdarlığını bildirdi və çox yüksək qiymətləndirdi ki, nəhayət Azərbaycanın, Bakının simvolu olan Televiziya qülləsi işə düşdü. Bu da həmin dövrdəki fəaliyyətlərimizi bir hissəsidir. Çox danışmaq olar, ancaq verdiyiniz suala cavab olaraq, bir daha qeyd edirəm ki, əhval-ruhiyyəm işçi əhval-ruhiyyəsidir. Hələ enerji çoxdur və mənə belə gəlir ki, vaxtımızı boş yerə sərf eləmirik…

SIRUZ-41

-Nə mənada?

-Yaratdığımız “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədriyəm və o ictimai birlik rabitə sahəsində müəyyən işlər görür, müəyyən işlər aparırıq. Rabitə Nazirliyinə yeni rəhbərlik gələndən bizə əlindən gələn köməkliyi edir. Bizə yer də verib, otaq da verib. Müəyyən texniki avadanlıqla da kömək edir.Bu, işimizin bir istiqamətidir, yəni, ictimai birlik olaraq müxtəlif tədbirlər həyata keçiririk və o tədbirlər beynəlxalq səviyyəli tədbirlər olur.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının rəhbərliyi mənə tapşırılıb. 25 nəfər akademikimiz var. O cümlədən, cənab prezidentimiz İlham Əliyev 2016-cı ili “İKT İli” elan etməklə, ölkəmizdə bu sahədə çox işlər görüldü və Akademiyanın Rəyasət Heyəti adından ona akademik titulu verildi. Bununla yanaşı, keçmiş rabitə naziri Əli Abbasov, sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayev bizim Akademiyanın akademikdirlər. Həmçinin, rabitə sistemində çalışan mütəxəssislərin bir çoxu, keçmiş rabitə müəssisələrinin bəzi rəhbərləri, Texniki Universitetin müəllimləri, professorları bizim Rabitə Akademiyasının üzvləridir. Akademiya çərçivəsində də müəyyən tədbirlər keçiririk. Ən axırıncı tədbirimiz də Azərbaycanda genişzolaqlı internetin inkişafı mövzusunda idi. Moskvadan qonaqlar gəlmişdi, başqa beynəlxalq qurumlardan qonaqlarımız var idi. Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Akademiya və ictimai birlik birlikdə yeni bir beynəlxalq konfrans keçirməyə hazırlaşırıq.

-Siz kənardan optimist, nikbin insan təsiri bağışlayırsınız, yoxsa, müşahidəmiz yanlışdır, əksinədir?

-Düzünü deyim ki, həmişə optimist olmuşam, hər zaman həyata açıq gözlə baxmışam, hər zaman nəsə yaratmaq istəmişəm. Yəni, passiv həyat keçirməyi sevmirəm. Hər zaman aktiv olmuşam və bu aktivliyin də görünür, kökü gedir uşaqlığa. Uşaqlıqda texnika, incəsənət ilə məşğul olmuşam, dram dərnəyində, musiqi dərnəyində, rəqs dərnəklərində iştirak etmişəm. Uşaqlıqdan məndə olan bir xüsusiyyətdir ki, həyatı sevmişəm, yaşamağı sevmişəm, yaratmağı sevmişəm. Bu, mənim qanımda olan bir şeydir.

Dediyim kimi, uşaq vaxtı dram dərnəyinə gedirdik. Bizim rəhbərimiz də korifey sənətkarımız, Xalq artisti Ələddin Abbasov idi. Həmçinin, Zülfüqar Baratov, Muxtar Avşarov və nəhayət, ən axırıncı müəllimimiz Hacıbaba Bağırov oldu Ondan başqa rəqs dərnəyinə gedirdim. O zamanlar da 13-14 yaşım var idi. Həmin vaxt Zülfüqar Baratov məni Gəncə Dövlət Filarmoniyasına apardı, solo rəqsi öyrətdi mənə. O vaxt bizimlə ansambla gedən uşaqlar, fialrmoniyanın uşaqları çoxu elmlər doktordur, filosofdur, professordur. Misal üçün Zaur Həsənov Gəncədə Kənd Təsərrüfatı Akademiyasının (Aqrar Universitetin) professorudur. Beləliklə, incəsənətlə bərabər olaraq mən həm də texnika ilə maraqlanırdım. Gənc texniklər stansiyasına, radio, aviakonstruktor, aviamodel dərnəklərinin hamısına gedirdim. Uşaq vaxtı, məktəbdə oxuyanda boş vaxtımız yox idi. Səhər 8-də dərsə gedərdik, saat 1-də, 2-də dərsdən çıxardıq, sonra “Pionerlər evi”nə, Mədəniyyət Evinə, müxtəlif peşə məktəblərinə gedirdik…

– Siruz müəllim, əhvalınız korlananda, ovqatınız təlx olanda özünüzü necə ələ alırsınız, özünüzü nə ilə ovundurmağa çalışırsınız, ərtafdan, insanlardan uzaqlaşırsınız, yoxsa?…

– Əlbəttə, hər bir insanda bir belə anlar, məqamlar əmələ gəlir, ovqatı təlx, nəsə bir qanqaraçılıq olur. Bu, hamıda var, amma onu mənə belə gəlir ki, o qədər də ürəyə yaxın qəbul etmək lazım deyil. Həyat problemlərlə doludur. Heç kəsin problemsiz həyatı yoxdur.Yəni, nəsə bir qanqaraçılıq olanda, nəsə bir problemli məsələ ortaya çıxanda, xoşagəlməz hadisələr baş verəndə çıxış yolunu tapmağa cəhd edirsən, çalışırsan ki, nəsə eləyəsən. Çıxıb şəhəri gəzirsən, dənizkənarı bulvara gedirsən, dostları axtarıb tapırsan, telefonla zəngləşirsən, gedib bir çay içib, dərdləşib söhbət edirsən, nəvələrlə oturub-durursan, danışırsan, söhbət edirsən və sairə. Ən nəhayət, hansısa narahatlıq olanda, özümə yer tapmayanda musiqi ilə məşğul oluram. Mənim ən çox sevdiyim, boş vaxtlarımı sərf elədiyim musiqidir.

Nəyə, kimə qulaq asırsınız?

– Bilirsiniz, əlimə harada nə keçdisə, mən onda ifa edirəm. Tardı, kamandı, nağaradı, qarmondu, pianodu, sintezatordu, nə olsa, nəfəs alətlərindən başqa bütün alətlərdə həvəskar kimi ifa edirəm.

Lirik, yoxsa, şən, oynaq musiqilər?…

– Lirikanı çox sevirəm. Flora xanımın ifasını, Alim Qasımovu ifasını çox sevirəm. Oynaq mahnılara, musiqilərə gəlincə, məsələn, Səməd Səmədovu dinləyirəm, özü də mənim yaxın dostumdur. Eyni zamanda, özüm mahnı bəstələməyi sevirəm. Bu həvəs məndə lap uşaqlıqdan var.

-İndiyədək mahnılarınızı tanınmışlardan kimlər ifa edib?

– Mənim mahnılarımı rəhmətlik İlhamə xanım oxuyub. “İlhamlı Azərbaycan” adlı bir mahnım olub. Cənab prezidentin seçilməyi münasibətilə biz İlhamə xanımla oturub belə bir layihə üzərində işlədik. Sözlərini də bizə hörmətli şairimiz İsmayıl Dadaşov kömək elədi. Çox gözəl bir mahnı alındı, marş formasında. Onu oxudu, həmçinin, “Gəncə” mahnımı ifa elədi. Ondan sonra Flora xanım “Həyatımın son zəngi” adlı bir lirik mahnımı ifa elədi. Aybəniz Haşımova bir neçə mahnımı ifa etməkdədir. Elza Seyidcahan 2015-ci ildə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına aid bir mahnımı ifa elədi. O da marş formasındadır, bütün televiziya kanallarında getdi. Sonra Füruzə İbadova bir neçə mahnımı ifa edub. Nisbətən cavan müğənnilər Günel Ziya, Nadir Qafarzadə, Rəşad İlyasov, həmçinin, Gülüstan Əliyeva, Zöhrə Abdullayeva mənim mahnılarım ifa ediblər, çoxdurlar.

-İndiyədək təxminən nə qədər mahnı bəstələmisiniz?

– Aşağı-yuxarı haradasa 25-ə yaxın mahnır var, bir o qədər də layihə şəklindədir. Vaxt , həvəs olanda inşallah, onlar da başa çatacaq…

-Manhılarınızın sözlərini də özünüz yazırsınız, yoxsa, başqası?

– Mahnılarımın sözlərinin əksəriyyəti İsmayıl Dadaşovundur. Bir mahnımın -“Səni araram”ın sözləri isə hörmətli millət vəkilimiz Qənirə Paşayevaya məsusdur ki, onu da Elza Seyidcahan ifa edib. Bir neçə mahnımız var, üzərində işləmək lazımdır, ancaq o ilham pərisi hələ ki, gəlib çıxmır (gülür)…

-Siruz müəllim, uşaqlığınız Tehranda, Təbrizdə keçib. Ötən illər ərzində heç olubmu, ürəyinizdən belə bir fikir keçibmi ki, köçüb oralarda yaşayasınız, uşaqlığınız keçən yerlərdə?

SIRUZ-62

– Ata tərəfdən əslimiz Naxşıvandan, Ordubaddan olsa da,Təbrizdə anadan olmuşam. Çünki atam uzun müddət, hələ Böyük Vətən Müharibəsindən əvvəl və müharibədən sonra uzun müddət Təbrizdə, Tehranda müxtəlif sovet idarələrində, SovİranBank, SovİranNeftdə, konsulluqda və sairədə işləyib. 1940-cı ildən 1953-cü ilə kimi orada yaşamışıq. Sonra Gəncəyə köçmüşük, çünki iki əmim orada yaşayırdı. Orta məktəbə də Gəncədə getmişəm. Sonra Bakıya köçmüşəm. Onu da deyim ki, rəhmətlik anam bakılı, içərişəhərli idi. Ana babam sovetlər yaranandan sonra buradan ailəsi ilə birlikdə İrana, Təbrizə köçüb getmişdi. Mən də axırıncı dəfə dayılarımı 1953-cü ildə, uşaq vaxtı görmüşdüm, bir də dayılarımı düz 31 il sonra, İrana göndərilən sovet nümayəndə heyətinin tərkibində olarkən görə bildim. Həmin vaxt Azərbaycanın Cənub zonasında İran telekanalları tuturdu, öz kanallarımız pis göstərirdi, bu da istər-istəməz narahatlıq yaradırdı. Bununla bağlı məsələni həll etmək üçün o zaman nümayəndə heyəti yaradıldı və mən də həmin heyətə salındım.

Həmin vaxt dayım da İran ordusunda böyük vəzifədə, general səviyyəsində idi. Mən düz 31 ildən sonra onunla görüşdüm və deyim ki, bu, həm mənim, həm də dayım üçün bir az risqli idi. Sonra digər dayım da gəldi, onunla da görüşdük. Sonra, yəni, müstəqillik əldə etdukdən sonra dəfələrlə İrana, Təbrizə, Tehrana getdim, qohumlarla görüşdüm, xalamın yas mərasimində iştirak etdim, uşaqlığımız keçən yerlərə baxdım, yaşadığımız məhəlləyə, konsulluğa getdim. Onun divarları indiyə kimi də necə varsa, elə qalıb. O vaxt palçığa saman qatırdılar, yapırdılar divarlara. Bax həmin o samanlı divardan bir ovuc götürdüm, cibimə tökdüm, özümlə gətirdim. Ancaq köçüb orada yaşamaq yox, ora tez-tez getmək özümə borc bilirəm. Gedib oranı gəzirəm. Necə olmasa da, doğulduğum bir yerdir. Nə olsun ki, keçmiş sovet konsulluğudur… Torpaq, torpaqdır. Bir də ki nə vaxtsa Cənubi- Şimali Azərbaycan birləşəcək. O torpaq da bizimdi, bu torpaq da bizimdi.

Ancaq yenə deyirəm, oralarda yaşamaq fikri düzü fikrimdən keçməyib. Mən Azərbaycandan, Bakıdan kənarda yaşaya bilmirəm. Hətta, mənə dəfələrlə xarici ölkələrdən, Türkiyədən çox gözəl təkliflər gəlib, ancaq heç birini qəbul etməmişəm. Uzun illər vəzifələrdə işləmişdim, düzünü desəm uşaqlarımın necə böyüməsindən belə xəbərim olmamışdı, başım daim işə-gücə qarışıq idi. Ailə işləri ilə həyat yoldaşım Rəhilə xanım məşğul olur, uşaqların tərbiyəsi və başqa ev işləri onun üzərinə düşürdü. Ona görə ailəmdən, övladlarımdan, nəvələrimdən, Bakımdan ayrı qala bilmirəm. Zamanı, vaxtımı onlarla keçirməyə çalışıram, təbii ki, digər işlərlə də məşğul oluram…

-Yeri gəlimşkən, İrandan Gəncəyə, oradan isə Bakıya köçdüyünüzü dediniz. Bakıya bəs nə vaxt gəldiniz?

– 1962-ci ildə Bakıda Rabitə Texnikumuna daxil oldum və o vaxtdan taleyim Bakı ilə bağlandı. Ümumiyyətlə rabitəçi olmaq arzum olmamışdı. 1962-ci ildə Bakı şəhərində bədii özfəaliyyət kollektivlərinə baxış keçirilirdi. Biz də Gəncədəki sənət məktəbinin özfəaliyyət kollektivi ilə həmin baxışa gəlmişdik. Opera teatrında keçirilən konsertdə mən solo rəqs edərkən ayaq baş barmağım səhnədə döşəmədə olan yarığa girdi və zədələndi, indiyə kimi ayaq baş barmağımın dırnağı yarımçıq bitib. O hadisədən sonra, mən dırnaq üstə rəqs edə bilmədim və rəqqas olmağı beynimdən tamamilə sildim. Operadan həkimin yanına gedərkən, poliklinika Bakı “Poçtamt”ının qarşısında idi, orada Daxili İşlər Nazirliyinin poliklinikasi yerləşirdi. “Poçtamt”ın yanında da Rabitə Texnikumu var idi və qəbul haqda elan vurulmuşdu. Elanı oxuyub ora daxil olmağı qərara aldım. Beləliklə 1962-ci ildə mən Baki Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinin tələbəsi oldum.

1965-ci ildə yay tətili zamanı, avqust ayında tətilə getmədim, ATS-ə işə düzəldim. O vaxtdan mənim əmək fəaliyyətim başlandı. İlk dəfə məni “Azqosproyekt” institutunun ATS-nə montyor göndərdilər. Bir ildən sonra “Qiproazneft” institutunun ATS-nə texnik təyin olundum. 1968 -ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başladım. ATS-də işləyərkən tez-tez səmərəşdirici təkliflər verir, yəni-yeni cihazlar icad edirdim. Mərkəzi telefon qovşağının və Bakı Şəhər Telefon şəbəkəsinin aparıcı səmərələşdiricilərindən biri idim. 50-dən çox səmərəşdirici təkliflərim və ixtiralarım qeydiyatdan keçib. Çoxlu pul mukafatları almışam. 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edildim. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını aldım. O sərgidə mənim ixtira etdiyim iki cihaz nümayiş edilirdi.

-Siruz müəllim, səhv etmiriksə, 1992-ci ildə rabitə naziri təyin olunmuşdunuz…

-Bəli, 1992-ci ildə rabitə naziri təyin olunmuşdum. Bir gün məni çağırdılar ki, bəs rəhmətlik Elçibəy səninlə görüşmək istəyirəm. Mən də açığını deyim ki, heç zaman siyasətlə məşuğul olmamışam, bu gün də siyasətdən kənarda dayanıram. Mən daha çox öz işlərimlə məşğul olmağı sevmişəm və sevirəm. Yəni, o zaman AXC-nin də üzvü deyildim, ümumiyyətlə, keçmiş Kommunist Partiyasından savayı heç bir siyasi qurumun üzvü olmamışam. Nə isə Elçibəyin qəbuluna getdim, dedi ki, bəy, rabitəni qaldırmaq lazımdır, bu işin öhdəsindən gələ bilərsizmi? Dedim ki, Mərkəzi Komitədə çalışmışam, rabitə nazirinin müavini, Ali Nəzarət İnspeksiyasının birinci müavini işləmişəm və sairə və sairə. Həmçinin dedim ki, sizin bu cəbhəçilər mənə işləməyə qoymayacaqlar, əgər siz mənə qarantiya verirsizsə, məni onlardan qoruyacaqsızsa, rabitəni altı aya yox, üç aya qaldıracağam. Dedi, bəy, o, bizlikdir. O gün mənim sərəncamımı verdilər, gətirib təqdim elədilər. Səhərisi gündən cəbhəçilər mənə qarşı mitinqlərə başladı. Amma mən fikir vermədim, hətta, yoldaşım deyirdi, neynirsən, hisrlənirsən, az qalıblar evimizə gəlsinlər ki, çıx get. Dedim, getməyəcəyəm, ya mən rabitəni qaldıracağam, ya mənim oradan ölümü çıxaracaqlar.

Gecə vaxtları nazirliyin yataqxanasına, müəssisələrə gedərək rabitəçilərlə görüşür, onların problemləri ilə yerində tanış olur, söhbət edir, onlarla işləməyə çalışırdım və sonda da alındı, işlər qaydasına düşdü, hər şey üzə çıxdı. Cəbhəçilərin əslində mənimlə elə bir problemi yoxuydu, ancaq onları aldadan, mənə qarşı qaldıran 4 müxalif müavinim, o cümlədən, məndən sonra nazir olan şəxs idi.

Nə isə üç aydan sonra çox böyük nəaliyyətimiz oldu. Nəinki Azərbaycanda, demək olar ki, keçmiş SSRİ məkanında ilk elektron digital sistemi yaratdıq. 98-93 nömrəli 30 min nömrəlik ATS tikdik. Bir qəpiksiz, Türkiyənin köməkliyi ilə. Türkiyənin “NETAŞ”, “Teletaş” firması bizə kömək elədilər. Yeni stansiyalar tikməyə başladıq. Şəxsən mənə Türkiyənin rabitə naziri Yaşar Topçu üç min nömrəlik telefon stansiyası hədiyyə elədi. Mən də getdim prezidentin yanına, soruşdum ki, üç min nömrəlik telefon stansiyamız var, bunu hara qoyaq, hara məsləhət bilirsiniz. Dedi, nazirsən, haranı məsləhət bilirsən, ora da qoy. Dedim, Əhmədlidə bizim bir dənə telefonumuz yoxdur, dedi, apar qoy Əhmədliyə. Əhmədlidə üç min nömrəlik telefon stansiyasını quraşdırdıq.

Rabitə naziri təyin edilən günün səhərisi isə ilk zəng etdiyim şəxs rəhmətlik Heydər Əliyev oldu. Zəng etdim, dedim ki, Siruz Abasbəylidir, Heydər Əliyeviç, məni rabitə naziri qoyublar. Dedi, hansı Abasbəylisən? Dedim, siz məni o vaxt Mərkəzi Komitəyə işə götürəndə nazirimiz Rəsulbəyovla qəbul etmişdiniz. Dedi, hə, yadıma düşdü, çox yaxşı, təbrik edirəm, uğurlar olsun, ancaq mənə telefonla kömək lazım deyil, kömək eləmək istəyirsiz, durun gəlin Naxçıvana. Hələ indiyə kimi Azərbaycandan, Bakıdan mən burada nə qədər varam bir nəfər gəlib soruşmayıb ki, nə var, nə yox.

Gəlmək istəyirsən, durun gəlin. Mənə telefonla “nə kömək edim” sözü lazım deyil. Bunları dedi və dərhal telefonu qapatdı. Mən də səhərisi gəldim Elçibəyin yanına, dedim ki, cənab prezident, mən Naxçıvana getməliyəm. Dedi ki, bəy, xeyir ola, bəy, nə var orda? Dedim, bəs orada rabitə yoxdur, ermənilər kəsiblər, rabitə üçün görüm nə edə bilərəm, iki günə gedib-gələcəyəm. Cavab verdi ki, hə, bəy, gedin. Beləliklə, mən Naxçıvana getdim. Orada məni baş nazir Şəmşəddin müəllim qarşıladı, əvvəl getdik onun otağına, sonra isə Heydər Əliyev məni qəbul elədi…

-Nədən, nələrdən danışdınız?

-Aramızda müəyyən söhbətlər oldu, soyuqdan, istidən danışdıq. Özü də otaq soyuq olduğu üçün mən içəriyə dublyonkada, papaqla girmişdim. Köməkçisi dedi ki, Heydər Əliyev belə deyib, içəri souyqdu. Heydər Əliyev isə oturmuşdu pencəkdə, paltonu atmışdı çiyninə. Dedidim, Heydər Əliyevic, buranı isitməyə, yandırmağa bir şey yoxdur? Dedi ki, mənim heç nəyim Naxçıvan əhlindən artıq deyil, onlar necə, mən də elə. Nə isə, sonra göstəriş verdi Şəmşəddin müəllimə ki, nə istəyir nazirə kömək edin. Bizə rabitə versin, sonra keçsin Azərbaycana. Rabitə verməsə, onu buradan buraxmayın.

Mən də bunun məsuliyyətini bilirdim, başa düşürdüm. Həmin vaxt da həftənin 5-ci gün idi, mən də keçməliydim İran tərəfə. 5-ci gün isə İran tərəfi işləmirdi. Şəmşəddin müəllim xahiş elədi İrandan, sərhədçilərdən kimsə gəldi, sərhədi açdı. Məni buraxdılar İran tərəfə, getdim orada müəyyən adamlarla, rabitə sahəsində məsul insanlarla görüşdüm, onlardan xahiş elədim, sağ olsunlar, bizə bir kanal verdilər. O kanalı aldıq, əlaqə yaratdıq. Onun da əvəzinə Elçibəydən neft, mazut istədilər İran Astarasına vermək üçün. Nə isə bu hökumət səviyyəsində həll olunan məsələydi. Ancaq mən rabitə məsələsini həll edib qayıdıb gəldim. Bax belə bir məqamlar da olub.

Heydər Əliyevdən söz düşmüşkən, hər zaman onun tapşırıqlarını xüsusi qovluqda saxlayırdım. Prezidentlə söhbət etməzdən əvvəl həmişə bu sənədləri araşdırırdım və sürprizlərə hazır olurdum. Ümumiyyətlə, hiss edirdim ki, ulu öndər mənim xətrimi istəyir. Bir dəfə İsveçə işgüzar səfərə gedəcəkdi və məni nümayəndə heyətinin rəhbəri təyin etdi. 20 nəfərlik bir siyahı tərtib etməyimi tapşırdı. Uzun müddət fikirləşdim, sonra xarici işlər naziri Həsən Həsənovla danışdım. O, mənə beş-on nəfərin adını dedi. Daha sonra bir neçə nəfər də mən əlavə etdim. Səfərə bir gün qalmışdı siyahını Heydər Əliyevə təqdim etdim, O, adların qarşısından işarə qoymağa başladı. “Bu adları yazmağı Həsən Həsənov sənə məsləhət gördü?- deyə, qoruşdu. “Bəli”- deyə, cavab verdim. Umumiyyətlə, bizim münasibətimizdə hər zaman səmimiyyət olub. Mən hər şeyi ona açıq deyirdim. Çünki Heydər Əliyev də çox səmimi və sadə insan idi…

-Siruz müəllim, vəzifədə olanda adamın başına, kreslosuna “pərvanə” kimi fırlananlar çox olur. Yəqin ki, bunlar Sizin də başınıza gəlib. Bəs vəzifədən gedəndən sonra şəxsən Sizinlə bağlı keçmiş kadrlarınız, vəzifədə olduğunuz zaman Sizinlə dost olanlar özlərini neçə apardılar, üz döndərdilər, yoxsa?…

– Bilirsiniz, bu, həyatdır, bu, bir taledir. Axı, sən heç vaxt bilmirsən ki, bu adam sədaqətli olacaq, yoxsa sədaqətsiz… Mənim orada inandığım insanlar vardı. İlk dəfə nazir kimi Nazirliyə daxil olanda dedim ki, mənim başqa komandam yoxdur, sizsiz mənim komandam. Çünki mən 1965-ci ildən o kollektivdə işləyirdim. Gör neçə illər işləmişəm, hamısı da mənim səviyyəmdə, mənim yaşımda olanlar idi, cavanlar da öz yerində. Mərkəzi Komitədə işləyəndə də o sahəyə kurasiya məndə idi. Rabitə Nazirliyinin kuratoru idim. Tez-tez iclaslara gedirdim, idarələrə gedirdim, görüşlərimiz olurdu. Yəni, nazir gələndə hiss eləmədim ki, kimsə mənə yaltaqlıq edir və sairə.

Sadəcə, özüm insanlara mənə rahat, çəkinmədən yanaşmaları üçün şərait yaradırdım. Özüm daha çox onlara yanaşırdım, maraqlanırdım. İşlədiyim müddətdə 100 mənzilli iki 9 mərtəbəli bina tikdirdim, hamısını rabitəcilərə payladım, özümün evim yox idi, qayınanamın evində yaşayırdım, amma özümə ev götürmədim. İndiyə kimi mənə məktublar yazırlar. Bu günün özündə də mənə məktublar gəlir. Çox səmimi məktublar gəlir.

***

Rafiq Seyidzadə:

“Salam, Siruz müəllim. Siz əbəs yerə nazir olmamısınız. Siz yüksək intellekt sahibisiniz və dedikləriniz də tamamilə düzdür…Təəssüf ki, müstəqillikdən sonra xalqımız arasında yeni bir “mədəniyyət” formalaşıb-alver mədəniyyəti. Bu da mənəviyyatı və sağlam düşüncəni alçaldan faktordur… Hər şeydən pul qazanmaq… Artıq filosofluq eləmək istəmirəm, yoxsa uzun çəkər…”.

Arif Əliyev:

“Daim rabitəçilərin yaddaşında müsbət nazir kimi qalan Sirus Abasbəyliyə salamlar.Hörmətli Siruz bəy, Sizin xoşbəxtliyiniz ondadır ki, hər zaman istər rabitədə, istər şəxsi həyatınızda nəyisə bölüşə bilirsiniz, heç kimdən çəkinmədən, heç kimdən qorxmadan.

Bəla burasındadır ki, Sizdən sonra gələnin səsi heç toyuq…çıxmır və çıxa da bilməz. Bakı şəhərində, şəhərin mərkəzində bütün poçt şöbələrinin yerini qeyri-qanuni özünküləşdirdilər, ATS-lərin də həmçinin.

Nağd pulla qohum-əqrəbaya, yerlilərə qeyri-qanuni evlər alınması, ən dəhşətlisi kadr seçimində yerlibazlıq, qohumpərəstlik, bir də ucu-bucağı görünməyən rüşvəxtorluq…Yaxın zamanlarda həmin illəri əhatə edən demək olar ki, bütün hadisələri kitab şəklində çıxartdıracağam inşallah…”.

***

Çünki mən özümü heç vaxt yüksək saymamışam, həmişə onlara yaxın olmuşam, işçilərlə. Rüşvətə qarşı həmişə barışmaz olmuşam. Rüşvət bizim nazirlikdə alınmayıb, heç vaxt olmayıb. Düzdür, mən gedəndən sonra müəyyən məsələlər oldu ki, həmin olaylardan da yəqin ki, xəbəriniz var. Həmçinin, məndən sonra gələnlər düşmənçilik toxumu səpdilər. Bir-birindən yazmaq, bir-birindən pozmaq, aləm qarışdı bir-birinə. Rabitədə bir birlik var idi ki, o birlik tamam dağıldı. Ancaq indi məncə, cənab nazirimiz Ramin Quluzadə çətin də olsa yavaş-yavaş köhnə adət-ənənəni bərpa etməyə, səmimiyyəti, düzgünlüyi, təmizliyi yaratmğa çalışır və mən də buna çox sevinirəm.

-Vəzifədən gedən sonra hökumətdən və siyasi qurumlardan Sizə əməkdaşlıq təklifləri edilirdimi?

-Bilirsiniz, elə söhbətlər işdən gedəndən sonra çox olur. Çünki o vaxtlar, 1998-99-cu, 2001-də, 2002-də hadisələr, siyasi proseslər sürətlə gedirdi, partiyalar çox qaynayırdı. Şəxsən mənə də təkfliflər olurdu, ancaq mən heç vaxt siyasətlə məşğul olmamışam, siyasətçi deyiləm. Vətənin inkişafı üçün hər nə olursa, hər kim edirsə, həmişə onu dəstəkləmişəm, bu günün özündə də. Bizim prezidentimizin tutduğu o yol, siyasət, həm siyasi tərəfdən, həm iqtisadi tərəfdən şəxsən məni tam qane edir. Ancaq yenə deyirəm, heç vaxt siyasi işlərlə məşğul olmamışam, siyasi partiyalara qoşulmamışam, mən bir dənə partiyanın üzvü olmuşam- Kommunist partiyasının. O da dağıldı getdi, vəssalam.

-Bəs hökumətdən necə, əməkdaşlıq təklifləri olmuşdumu?

– İşdən gedəndən sonra fikrim var idi ki, ancaq rabitə sahəsində bir iş tapım. Ancaq belə təklif olundu ki, hansı sahəni istəyirsən seç, nə istəyirsən elə, tək rabitədən başqa. Eyni zamanda, mənə “PepsiCola” zavodunun icraçı direktor vəzifəsi təklif olundu. Hələ sıfır vəziyyət, heç nə yox idi. Mən o təklifi qəbul elədim, böyük məmnuniyyətlə o zavodu tikdim. Zavod tikildi, zavod başladı işləməyə, məhsul verməyə, maşınlarımız başladı şəhərdə hərəkət eləməyə. İki ay yarım, üç ay işləmişdim, adını çəkməyəcəyəm, bir nəfər dedi ki, yuxarılardan deyilir ki, rabitə naziri hara, pepsicola hara? Dedim, birincisi, prezident özü mənə deyib ki, get nə istəyirsən seç, hansı sahəni istəyirsən seç. Ondan başqa hazırkı hörmətli cənab prezidentimiz də bir növ razılıq vermişdi.

Düzdür, o vaxt prezident deyildi, sadəcə, bizim münasibətimiz hər zaman yaxşı olub. Hər zaman ona çox hörmətlə yanaşmışam, bu gün də elədir. Mən gündə bir fikrə düşən insan deyiləm. O da demişdi, nə istəyir seçsin…. Nə isə, heç bir tərəddüd etmədən, mən ordan getdim özüm. “PepsiCola”nın əsas rəhbəri də o zavodu tikib istifadəyə verdiyimə görə ( 20 aya zavod tikirlər aşağı-yuxarı, mən isə oranı 11 aya tikdim, hazırladım, hamı mənə kömək etdi…) “Volva” maşınını bağışladı. Açarı verdi ki, bax, bu maşını mən sənə bağışlayıram bu işə görə. Ondan sonra müxtəlif işlər oldu. Həm Moskvada, həm Moldovada müəyən işlərlə məşğul oldum.

Türkiyənin özündən mənə yaxşı təklif olundu.“Türkcell”in keçmiş SSRİ dövlətləri üzrə nümayəndəliyini təklif etdilər, yaxşı da maaş verirdilər. Mən uşaqlarımı qoyub gedəsi adam deyiləm. Ailəyə bağlı bir insanam. Heç hara getmədim. Mən ictimai birlik yaratdım – “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri ” İctimai Birliyini yaratdım. Onun üzərində işlədim. Sonra dediyim kimi, Birləşmiş Millətlər Təşkilatının nəzdində olan Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan bölməsinin rəhbəri kimi çalışıram…

– Hazırda necə dolanırsınız, güzəranınızdan razısınımı?

– Hamı necə, mən də, biz də elə. Bütün rabitə işçiləri, Azərbaycanın tanınmış insanları, məni tanıyanların əksəriyyəti bilirlər ki, həyatımda rüşvətin nə olduğunu bilməmişəm. İndi təəccüblənirəm ki, axı, necə işləyəsən ki, bax belə milyonların sahibi olasan. İndi çoxları işdən gedəndən sonra aləm qarışır bir-birinə, yəni, filankəsin filan yerdə villası, şirkəti, göydələnləri var və sair. Buna görəsən o insanları vicdanı necə yol verib?! Əslində isə o yığılan pullar, var-dövlət Azərbaycan xalqı üçün nə qədər xeyir verərdi, nələr tikmək olardı, zavodlar, fabriklər, otellər, nələr, nələr, nələr. Nazir vəzifəsinə təyin olunan şəxs heç vaxt yadından çıxarmamalıdır və deməlidir ki, mən dövlətin quluyam, mən millətimin quluyam, mən xalqıma, vətənimə, dövlətimə, prezidentimə borcluyam, onlar üçün işləməliyəm, xalqım üçün işləməliyəm, dövlətim üçün işləməliyəm.

Ancaq əfsuslar olsun ki, bəziləri özləri üçün işləyirlər. Belə fikirləşirəm ki, o rüşvətxorluq edən vəzifə sahibləri həm xalqına, həm dövlətinə, həm torpağına, həm millətinə, həm prezidentinə xəyanət edir. Bu sözləri cənab prezident İlham Əliyev də demişdi ki, bu, bizim millətə, xalqa, Azərbaycana və prezidentə xəyanətdir. Mən də belə fikirləşirəm. Eyni zamanda, fəxr edirəm ki, mənim yaratdığım şirkətlər bugünləri çox yüksək səviyyədə bəhrəsini verir və fəxr edirəm ki, rabitə sahəsində qazandığım hörmət mənim üçün yaşayışdı, var-dövlətdi, milyonlardı. Şükür, dolanmaq imkanımız var. Balalarımız oxuyur, nəvələrimiz oxuyur. Nə olsun ki, villamız yoxdu, nə olsun ki, “novostroyka”da evlərimiz yoxdu. Allaha qurban olum, bugünümüzə min şükür. Bu gün yaşadığımız mənzil də mühəndis işləyəndə yaşadığımz evdir, qayınanamın evidir. Mərkəzi Komitədə işləyərkən ora gələnlərin əksəriyyəti ordan ev aldılar. Özümə, mənliyimə sığışdırıb gedib şöbə müdirinə və yaxud da mənim kuratorum olan Həsən Həsənova demədim ki, mənim də evim yoxdur, mənə ev verin. Amma mən həyatımdan, ömrümdən razıyam. Allahıma da şükür edirəm ki, əşşi, insana nə lazımdır, nəvə var, bala var, ev var, maşın var, dolanışıq var, gərək elə göydən töksün, sən də gecə yatmayasan ki, qapımı kimsə döyəcək və yaxud gəlib evi aparacaqlar…

Yenə deyirəm, xalqımdan da, millətimdən də, vətənimdən də, prezidentimdən də razıyam. Təkcə mən yox, ailəmiz. Həmişə şükür içindəyik, düşmənimiz yoxdur. Bacardığımız yaxşılığı hamıya edirik, kim oldu dəxli yoxdur. Qohum-əqraba da öz yerində, Allah hamısının canını sağ eləsin. Həyatda alnıaçıq, başıuca olmaq və özündən sonra bir iz qoymaq insan üçün böyük şərəfdir.

SIRUZ-36

SIRUZ-61

SIRUZ-50SIRUZ-32

SIRUZ-33

SIRUZ-40

SIRUZ-42

SIRUZ-45

SIRUZ-38

SIRUZ-51

SIRUZ-35

SIRUZ-37

SIRUZ-34

SIRUZ-60

Etikxeber.az

Read Previous

“Bu, yenidən monopoliyanın yaranmasına gətirib çıxaracaq…” – SONA ƏLİYEVA

Read Next

“Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin – AĞACAN ABİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir