“Ziya Bünyadov Səfiyarı müdafiə edirdi” – Eldar İbrahimov

“Canımla, qanımla, düzgünlüyümlə Heydər Əliyevə qulluq edirdim…”

Mərhum dövlət başçısı Heydər Əliyev  bir çoxlar kimi millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, məşhur “91-lər”-dən olan Eldar İbrahimovun da taleyində , onun gələcək yolunun müəyyənləşməsində  dərin, heç zaman unudulmayacaq izlər qoyub. Eldar İbrahimov özünü şanslı adamlardan sayır ki, belə bir şəxsiyyətlə birgə çalışmaq xoşbəxtliyi ona qismət olub, onun məsləhətlərini dinləyib, böyük təcrübəsindən faydalanıb. Eldar İbrahimov hələ gənc yaşlarından Heydər Əliyevin pərəstişkarı, heyranı olub. Hər zaman bir anlıq olsun belə, onunla görüşəcəyi anın, günün xəyalı ilə yaşayıb.

O, Etikxeber.az-ın müxbiri ilə söhbətinə-müsahibəyə belə başlayır:

-1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri qalan arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər Əliyev Naxçıvana gəldi. Bu o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər, təzyiqlər mövcud idi. Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxuluydu.

Düzünü desəm, bunları göz önünə gətirib mən də bir qədər tərəddüd, götür-qoy etdim. Çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, Naxçıvan Vilayət Partiya Komitəsinin  Büro üzvüydüm, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müaviniydim, yüksək vəzifəm vardı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim. Və bir gün gedib Heydər Əliyevlə görüşdüm.
Görüşdüm, özümü təqdim etdim, ordan-burdan bir xeyli söhbətləşdik. Dedi ki, Eldar, qorxmadın, mənimlə görüşməyə gəldin? Dedim ki, yox, niyə qorxuram ki?! Dedi ki, axı, mənimlə görüşməyə gəldiyin üçün səni işdən çıxara bilərlər?

Cavab verdim ki, yoldaş Əliyev, ömür müvəqqətidir, o ki vəzifə olsun, mən bu vəzifəyə gələndə çıxacağımı da gözümün qarşısına almışam. Mən qorxaq adam deyiləm. Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşməyəm.

Hətta, onu da  dedim ki, bəlkə başqa biri olsaydı, gəlməyə bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin görüşünüzə gəlməyim…”

 

“Öyrəndim, sən mənə yaxın adamsan, özün də Cəhridənsən, rəhmətlik atan Rza kişi də tanınmış dülgər olub…”
İlk görüşün üstündən bir ay keçəndən sonra Eldar müəllim yenidən Heydər Əliyevin görüşünə gedir: “Ümumiyyətlə,  imkan yaranan kimi, onun görüşünə gedirdim, ona baş çəkirdim. İkinci dəfə görüşəndə dedi ki, Eldar, mən öyrəndim, sən mənə yaxın adamsan, özün də Cəhridənsən, rəhmətlik atan Rza kişi də tanınmış dülgər olub. Sonra gülə-gülə, zarafatyana soruşdu ki, bura – mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa?.. Dedim ki, mən sizi xalqımızın böyük oğlu kimi tanımışam, pərəstiş etmişəm,  həsrətinizi çəkmişəm ki, haçansa sizinlə görüşə biləcəmmi?

Lap əvvəldən başladım, hər şeyi açıb danışdım. Dedim ki, 1982-ci ildə siz Naxçıvana gəlməli idiniz. O zaman hələ Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idiniz. 1982-ci ilin may ayında Naxçıvana möhkəm qar düşmüşdü. Siz də həmin vaxt Gürcüstana səfərdən birbaşa Naxçıvana gəlmişdiniz. O vaxt “obkom”un ikinci katibi məni yanına çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən də birinci katibin qəbul otağında növbətçi duracaqsan, bu sözləri deyəcəksən, məruzə edəcəksən…

Mən sizin pərəstişkarınız olduğumdan bu xəbərdən həm sevindim, həm də məsuliyyət hiss etdiyimdən qorxdum ki, Heydər Əliyevlə necə görüşəcəyəm. Axı, Heydər Əliyevin ömrü boyu həsrətində olmuşdum, bəzən öz-özümə deyirdim, görəsən, haçansa onunla görüşə biləcəmmi ki, əlim onun əlinə dəysin. Eyni zamanda, Heydər Əliyev necə geyinir, necə qalstuk bağlayır, yerişi-duruşu necədir. Bir sözlə, həm çox sevinirdim, həm də qorxurdum. Ancaq qismət elə gətirdi ki, siz gəldiniz, yuxarıya-ikinci mərtəbəyə qalxmadınız, birbaşa iclas zalına daxil oldunuz, çıxışınızı edib getdiniz. Sizinlə görüşmək istəyim beləliklə, baş tutmadı, bir növ arzum ürəyimdə qaldı. Ancaq Allah sizinlə görüşmək qismətini mənə nəsib edibmiş.

Bu əhvalatı danışandan sonra Heydər Əliyev yenidən  özünəməxsus tərzdə gülə-gülə zarafatla dedi ki, bilsəydim, qalxardım yuxarıya – birinci katibin qəbul otağında səninlə görüşərdim.

Heydər Əliyevə dedim ki, məhz bu mənada sizin yanınıza gəlmişəm, qohumluq, yaxınlıq da öz yerində. Çox sağ olun ki, yaşca məndən böyük olduğunuz üçün siz özünüz bunları deyirsiniz, mən desəydim, başqa cür çıxardı. Elə o vaxtdan Heydər Əliyevlə bizim aramızda çox səmimi bir münasibət yarandı və qismət elə gətirdi ki, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən – 340-cı dairədən, mən isə həmin rayonun 342-ci Cəhri seçki dairəsindən deputat seçildik.

Yeri gəlmişkən, mən o vaxt vəzifədə işləyərkən, təvazökarlıqdan uzaq olsa da, kəndimizə, elimizə-obamıza çox kömək etmişdim. O vaxt vəzifəli şəxs öz kəndi üçün nəsə etsəydi, bu, özü böyük bir iş idi. Buna yaxşı baxırdılar. Düzdür, qabaqlar buna pis baxırdılar, ancaq sonradan artıq buna yaxşı baxırdılar. “Aqroprom” varlı təşkilat olduğundan imkanlarım geniş idi, fürsətdən istifadə edib kəndimizdə və digər kəndlərdə məktəb binası, uşaq bağçası tikdirdim, artezian quyusu qazdırdım, su çəkdirdim. Çoxlu işlər görmüşdüm, camaat da xətrimi çox istəyirdi. Və elə oldu ki, nəticədə alternativ qaydada öz kəndimizdən Azərbaycan SSR Ali Sovetinin deputatı seçildim. Deputat olandan sonra bizim Heydər Əliyevlə münasibətlərimiz daha da yaxınlaşdı, istiləşdi. Ali Sovetin sessiyalarında bir yerdə otururduq, söhbətləşirdik, dərdləşirdik…”

” Elə bir deputat yoldaşım yoxdur ki, mən onun ad günündə zəng vurub təbrik etməyim…”

– Eldar müəllim, Heydər Əliyev hakimiyyətə gələndən sonra, daha doğrsusu, 2000-ci ilin parlament seçkilərində namizədliyinizi mojaritardan verdiniz, yoxsa, proposional  sistem üzrə?

– 1995-ci ildə və 2000-ci ildə mən partiya siyahısından, elə eyni 7-ci adam kimi proporsionaldan keçdim. 2005-də artıq proporsional ləğv olunmuşdu, ancaq  majoritar sistem qalmışdı. 2005 və 2010-cu illərdə Naxçıvandan deputat seçildim. Belə məsləhət oldu. Möhtərəm prezidentimiz cənab İlham Əliyev partiyamızın sədri kimi mənim namizədliyimin Naxçıvandan verilməsini məqsədəuyğyn bildi. Seçilməyim də problemsiz baş verdi, çünki insanlar məni, bizim ailəmizi tanıyırdılar. Yenə deyirəm, biz yeddi qardaş, bir bacı olmuşuq. Qardaşlarımın hamısı savadlı, hamısı özlərinə görə tanınmış insanlar olub. Bizim ailədə hamımızın ancaq bir məqsədimiz, məramımız olub ki, kimin əlində imkan varsa, insanlara əl tutaq, kömək, xeyirxahlıq edək. O xeyirxahlıq da həmişə bizim dadımıza çatıb və bu gün mən yaşayıramsa, etdiyim xeyirxah əməllərin hesabınadır. Kimsə yanıma gəlibsə, çalışmışam ona hörmət edim. Beşinə kömək edə biməsəm də, ikisinə kömək etmişəm. O insanlar da bunu unutmur,  hörmətimi saxlayırlar bir xeyirxah insan kimi. Mənim ağır günümdə yanımda olublar. Bu baxımdan dostlarım çoxdur. Elə bir deputat yoldaşım yoxdur ki, mən onun ad günündə zəng vurub təbrik etməyim. Nədir bu? Mən təbrik etməklə onun ürəyini alıram, sevindirirəm. Onun qəlbi xoş olur, xətri xoş olur ki, Eldar müəllim mənə diqqət göstərdi. Burada mən özümü aşağılamıram, əksinə, diqqət göstərib yüksəldirəm, həm də o adamlar sevinir ki, baxın, Eldar müəllim nə qədər diqqətcildir. Ona görə mənə hamı bir ağsaqqal kimi baxır.

“Heydər Əliyev dedi ki, ürəyindən nə keçir, səni kənd təsərrüfatı naziri təyin edim, istəyirsən?”

– Heydər Əliyevə həddindən artıq yaxın olmusunuz. Olubmu ki, Naxçıvandan Azərbaycana rəhbərliyə  gələndən sonra sizə hansısa bir vəzifə təklif etsin və ya Milli Məclisdə daha rəhbər vəzifələrə, məsələn, müavin vəzifəsinə təkliflər olubmu?

– Yox, Milli Məclisdə komitə sədrliyindən başqa mənə vəzifə  təklif olunmayıb. Amma bir dəfə Heydər Əliyevlə söhbət edirdik. Birdən mənə dedi ki, Eldar, bax, sənin xidmətlərin böyükdü dövlətin qurulmasında, partiya yaradıcılığında. Sənin ürəyindən nə keçir? Səni kənd təsərrüfatı naziri təyin edim, istəyirsən? O vaxt ağır vaxtlar idi, bu, hardasa 95-96-cı illərin söhbətidir. Mən də dedim ki, Heydər Əliyeviç,  sizə parlamentdə lazımam, nazir həmişə ola bilərəm. Zarafatla, gülə-gülə dedim ki, nazir olsam, yan-yörəmdə yaltaqlar olacaq,  hamı deyəcək ki, ora keçmə, bura keç. Bu gün deputat kimi, komitə sədri kimi bəlkə mən o qədər sayılmıram,  çünki pulsuz vəzifədir bunlar, amma hörmətli vəzifədir. Mən sizə parlamentdə lazımam. Başını silkələdi, dedi, Eldar, çox sağ ol, mən səndən bundan başqa cavab gözləmirdim. Dedim, nazir vəzifəsi həmişə var. Nə vaxt gəlib desəm, mənə nazir vəzifəsi verərsiniz. Amma heç ürəyimdə yoxdur belə vəzifələr. Parlamentdə də kimsə işləməlidir, axı. Həm də parlamentdə daha yaxın adam işləməlidir ki, bəzilərinin qarşısını alsın, iş görsün, kömək etsin. Həqiqətən çox razı qaldı. Belə bir söhbət olub aramızda…

“Danladım, dedim ki,  get Heydər Əliyevin yanına, de ki, səhv etmişəm, səhvimi boynuma alıram, səni bağışlasın…”

  – Heydər Əliyevdən sonra Milli Məclisə, 1993-cü ilin payızından  1996-ci ilə kimi Rəsul Quliyev, 1996-cı ildən 2005-ci ilə kimi Murtuz Ələsgərov sədrlik etdi. Həmin şəxslərin namizədliklərinin irəli sürülməsi məsələsində  Sizin də hansısa rolunuz oldumu?

– Çox yaxşı yadımdadır, 1996-cı ildə Rəsul Quliyevlə Heydər Əliyev arasında münasibətlər çox kəskinləşmişdi. Bunu mən də bilirdim. Ona görə Rəsul Quliyevlə bir-iki söhbətimiz oldu. Hətta, onu danladım, dedim ki,  get Heydər Əliyevin yanına, de ki, səhv etmişəm, səhvimi boynuma alıram, səni bağışlasın. Bu cür işləmək olmaz. Mənə dedi ki, zəng vururam, yanına getmək istəyirəm, telefonumu da götürmür, məni qəbul etmək istəmir.  Amma bilirdim ki, bu məsələ gec-tez, bir gün qalxacaq.

Noyabr ayında köməkçisi mənə zəng vurdu ki, gəl prezidentin yanına. Bilmirdim Heydər Əliyev məni nəyə görə çağırır. Heç soruşmadım da. Getdim görüşdük, ordan-burdan bir az söhbət-zad etdik. Dedi ki, parlamentə sədr seçməliyik, sənin fikrini öyrənmək istəyirəm. Dedim, mənim fikrim nə ola bilər ki? Siz kimi məsləhət bilirsiniz, gedək seçək. Burada nə var ki? Dedi, yox, mənə sənin fikrin lazımdır. Sən neçə vaxtdır parlamentdəsən, kimi görürsən parlamentin sədri? Dedim, vallah, məndən olsa, istəyərəm ki, İlham müəllim olsun. Amma ata prezident, oğul Milli Məclisin sədri, bilirəm ki, razı olmayacaqsınız. Dedi, yox, olmaz. Onda dedim ki, Mahmud  qızınızın əridir, bir köynək kənardı, bəlkə o olsun.  Dedi ki, dediyin arqumentlərlə razıyam, amma heç biri olmaz. Dedim, onda camaat Cəlal müəllimlə Murtuz müəllimin adını hallandırır, onlardan biri olsun, amma indi deyəcəksiniz ki, Cəlal müəllim də olmaz. Dedi, təbii ki, olmaz. Dedim, vallah, mənə qalsa, Murtuz müəllim hüquqşünasdır, elə Milli Məclisin sədrinin  hüquqşünas olması yaxşıdır ki, qanunları bilən adam olsun. Həm ağsaqqal adamdır, həm də bizim partiyada sədr müavinidir, elə bilirəm ki, o, daha yaxşı olar. Dedi ki,  yaxşı,  mən də belə hesab edirəm ki,  fikrində arqumentlər var. Bəs sonra kim ola bilər? Dedim, vallah, sonrasını daha görmürəm,  kimi deyim?

“Ziya Bünyadov Səfiyarı müdafiə edirdi”

– O vaxtı Səfiyar Musayevlə  Ziya Bünyadovun da adı hallanırdı. Yəni, belə bir şey olmuşdumu?

– Ziya Bünyadovun yox, Səfiyar Musayevin adı hallanmışdı.  Çünki Ziya Bünyadov Səfiyarı müdafiə edirdi. Amma açığını deyim ki, mən bu məsələləri o qədər də dərindən bilmirdim. Mən elə öz şəxsi fikrimi deyirdim. Heç Heydər Əliyevin bu məsələ ilə bağlı məni çağırmasına da inanmırdım.  Ümumiyyətlə, mən heç bir blokda olmamışam. Mən elə Heydər Əliyevin adamı olmuşam, onun adamı kimi bu gün də varam…

Səfiyar müəllim də YAP-ın  İdarə Heyətinin üzvü idi, Murtuz müəllim də. İkisinə də böyük hörmətim olub, yaxın olmuşuq, dost olmuşuq. Amma daxildə nə kampaniya gedirdi, onları mən bilmirdim. Mən heç belə şeylərlə maraqlanmırdım da. Yenə deyirəm, ancaq öz şəxsi fikrimi dedim. Heydər Əliyev də dedi ki, yaxşı, get, sabah mən hamını yığıb fikrimi deyəcəyəm. Mən gülə-gülə soruşdum ki, indi kimin üstündə durursunuz. O da gülə-gülə cavab verdi ki, sabah bilərsən. Səhərisi gəldik, Murtuz müəllimin namizədliyini irəli sürəndə, müəyyən adamlar nazrazılıq etdi, ancaq nəticədə onun namizədliyi üzərində dayanıldı. Heydər Əliyevin yanından çıxandan sonra fikirləşdim ki, mənə demişdi, sözündə məntiq var, deməli,  elə mən hədəfə düşmüşəm, onun ürəyindən keçəni deyə bilmişəm.

Bir dəfə də Naxçıvanda Ali Məclisin sədri ilə əlaqədar olaraq yenə məni çağırmışdı. Dedi ki, Naxçıvanda nə edək, sənin fikrini öyrənmək istəyirəm. Dedim, vallah, mənim fikrimə qalsa, sizdən sonra onsuz da heç kəs orada Heydər Əliyevin apardığı işi apara bilməyəcək, heç kim  sizin yerinizi verə bilməz. Ancaq bəlkə birinci müavin Rəşid Həsənov sədr olsun. Bir az da fikirləşdim dedim ki, Namiq Həsənov sizin yanınızda şöbə müdiri işləyir, daxili işlər nazirinin müavini olub, tanıyırsınız, bəlkə o, Ali Məclisin sədri olsun. Dedim, vallah, daha başqa bir adam fikrimə gəlmir. Dedi ki, Namiq Həsənovun sadiqliyi necədir? Dedim, sadiq adamdır. Soruşdu, iş bacarığı? Dedim, iş bacarığı haqqında bir söz deyə bilmərəm. Sizin yanınızda işləyib, iş bacarığını məndən daha yaxşı bilərsiniz.

“Deyirdim, acından ölmürəm, toxundan qudurmuram”

Camaatı yığdıq, danışdıq, söhbət etdik və Namiq Həsənovu Naxçıvanda Ali Məclisinin sədri seçdik. Belə hadisələr çox olub. Elə məsələlər vardı, Heydər Əliyev məni çağırırdı, məsləhət edirdi. Bəzən Heydər Əliyev bir nöqtədən yox,  beş adam, on adam, bəlkə də iyirmi adam haqda söz soruşurdu. Hətta bir neçə dəfə YAP-ın İdarə Heyətinin iclasında da demişdi ki, yoxlayıram, görürəm, mənə informasiya verən adamlar içərisində Eldardan savayı düzgün söz deyən yoxdur. Ona görə ki, mənim təmənnam olmurdu.

Mən həqiqətən canımla, qanımla, düzgünlüyümlə Heydər Əliyevə qulluq edirdim. Adam var idi, gedirdi Heydər Əliyevə bir söz deyirdi, sonra xahiş edirdi ki, filankəsi icra başçısı qoy. Mən belə şeylər etməmişəm. Hətta özü də bir dəfə soruşdu ki, hamı məndən xahiş edir, sən niyə etmirsən? Dedim, mən indi nə xahiş edim? Gedim kimdənsə dollar alım, gəlim deyim ki, filankəsi icra başçısı qoy, o da getsin işləyə bilməsin, sonra mənim başıma vurasan. Hə, bir az da güldü. Çünki münasibətimiz elə idi ki, ona hər şeyi deyə bilirdim, mənim xətrimi çox istəyirdi. Dedi ki, düz deyirsən ay Eldar, çox təəssüflər olsun ki, belə şeylər edirlər. Dedim, mən sizə yalan söyləyə bilmərəm, pul xatirinə edə bilmərəm. Onsuz da bilirlər ki, Heydər Əliyev Eldar İrahimovun xətrini çox istəyir. Deyirdim, acından ölmürəm, toxundan qudurmuram. Zarafatla deyirdi ki, olsa, qudurarsan? Deyirdim, heç olsa da, qudurmaram. Belə zarafatlar edərdik. Çox yaxşı, səmimi, mehriban münasibətimiz var idi…

Etikxeber.az

Read Previous

“Erməni generalları bundan çox ehtiyat edirlər…” – ZAHİD ORUC

Read Next

Nazir müavini: Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 823 medal qazanılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir