“Heydər Əliyev DTK-da işləyəndə, məni ora işə götürmək istəyirdi…”-NADİR ƏHMƏDOV – SABİQ NAZİR UZUN VƏ AĞIR XƏSTƏLİKDƏN SONRA DÜNYASINI DƏYİŞDİ

1997-2004 –cü ilərdə müstəqil Azərbaycanın ikinci rabitə naziri olmuş Nadir Əhmədov uzun və ağır xəstəlikdən sonra dünən-80 yaşında  vəfat edib.

Etikxeber.az-ın  xəbərinə görə, bu barədə N.Əhmədovun yaxınları bildiriblər.

Mərhum bu gün dəfn ediləcək.

Allah rəhmət etsin!.

Qeyd edək ki, mərhum sabiq nazirin sonuncu müsahibələrindən biri ötən ilin feval ayının 4-də Etikxeber.az saytında getmişdi.

Həmin müsahibəni bəzi ixtisarlarla yenidən Etikxeber.az saytının izləyicilərinin diqqətinə təqdim edirik:

Nadir Əhmədov: Bir-birimizi “Maksim Qorki” deyə çağırırdıq

Etikxeber.az  sabiq rabitə naziri Nadir Əhmədovun  müsahibəsini təqdim edir:

– Nadir müəllim, istərdik söhbətimizə lap əvvəllərdən, Sizin uşaqlıq, yeniyetməlik illərinizdən başlayaq. Ötən illərə dönüb baxarkən, nələri daha çox xatırlayardınız, nələri daha çox qeyd etmək istərdiniz?

– Əvvəla qeyd edim ki, hamı kimi mən də kənddə doğulmuşam. Kənd həyatı yaşamışam. Çobanlıq da eləmişəm, at da sürmüşəm. Kəndə xas olan bütün cəhətləri 7-ci sinifə,14 yaşıma qədər mən də yaşamışam…

Nadir-5

– Şəkinin hansı kəndindən-Aşağı, yoxsa, Baş Göynükdənsiniz?

– Şəkinin Aşağı Göynük kəndində dünyaya gəlmişəm, orada yaşamışam. Atam da kasıb deməzdim, amma fağır, sakit bir insan olub. Amma nəslimiz qüvvətli, bacarıqlı nəsil olub. Xüsusilə, əmim Şəkidə çox seçilmiş insanlardan, vətənpərvər, xalqını istəyən, sevən bir insan olub. Elə uşaqlıqdan yəqin ki, əmimin hərəkətləri, qonaqpərvərliyi, onun yanına böyük vəzifəli insanların gəlib-getməsi, bunlara 7-8-10 yaşlarından xidmət, qulluq etməyim mənə yaxşı təsir göstərib, formalaşmağımda böyük rol oynayıb. Onlardan birini həmişə məclislərdə deyirəm, indi də deyə bilərəm, bu davranışlar, bu hərəkətlər mənə nəsə çatdırmaq üçün idi. Çünki yaşlı insanlar öz aralarında həmişə deyirdilər ki, uşaq atasına-anasına nə cür hörmət eləsə, övladı da ona elə hörmət edər. Bunlar mənim həyatımda ana xətt təşkil etdi.

Oxuduğum müddətdə də deyə bilmərəm ki, çox yaxşı oxumuşam, ortabab oxumuşam, ikim olmayıb, 3-də olub, 4-də olub, 5-də olub, amma riyaziyyatdan həmişə fərqlənmişəm. Qeyd edim ki, bizim kənddə 7-dən sonra məktəb yox idi. Ona görə məcbur oldum gəldim Şəkiyə. Gəldim, 10 nömrəli məktəbə, o vaxtı ən məşhur məktəblərdən sayılırdı, 8-ci sinifəgetdim. Baxmayaraq ki, öz rayonumuzdu, amma özümdə bir qəriblik hiss edirdim. Çünki sinifdə heç kimi-nə müəllimləri, nə sinif yoldaşlarını tanımırdım. Bir kəndçi balası, alçaqboy, cılızın birisi… Qalmağa da yer yox idi, gedib tövlə kimi evlərdə kirayə qalırdım. Elə yerdə qalırdım ki, cəmi 4 kvadrat metrəydi sahəsi, eyvanın, pilləkənin altında, ayaqüstə durmaq olmurdu. Bax elə yerlərdə qala-qala, oxuya-oxuya gəldim, çatdım, 10-cu sinifi qurtardım.

Orta məktəbi qurtarandan sonra isə fikrim var idi ki, səhiyyə sahəsinə gedim, həkim olum. Gəldim birinci imtahanı verdim, ikincini verdim, üçüncü imtahandan kəsildim. Bu da indiki kimi yadımdadı, ayın 13-ü avqust idi.

– Neçənci il idi?

– 1957-ci il. Kor-peşman gəldim bulvara. O vaxtı bizlə gələn uşaqlar var idi, hamımız bulvarda yığışdıq. Qeyd edim ki, vulvarda da “vışka” vardı, o vaxt onun ətrafında bəlkə də 500-1000 adam yığılırdı, biz də ora yığıldıq və məhz o zaman mənim Bakıda qalmaq, oxumaq məsələm həll olundu. İndiki Rabitə Nazirliyi yerləşən küçədə həyətə girən yer var idi, orda böyük bir elan yazılmışdı. Yazılmışdı ki, Rabitə Nazirliyinin Rabitə Texnikumuna əlavə qəbul elan edilir və tələbələr yataqxana ilə də təmin olunur. Bu yataqxana sözü məni tutdu. Gəldim kağızlarımı verdim, imtahana girdim, hamısını verdim, keçdim. Axırıncı imtahanda isə rus dilindən imla yazmaq idi. Mən də rus dilini bilmirəm, heç “diktant” da yaz bilmirəm. Öz-özümə dedim ki, o biri qiymətlərim yaxşıdır, yəqin mənə güzəştə gedərlər. Həmin vaxt əmimgil Nizami küçəsində – “Şirvan” restoranının həyətində yaşayırdılar. Onlardan çıxdım, gəldim keçmiş “26-lar bağ”ına. Orda isə küncdə bir dənə qəzet köşkü vardı, səhər tezdən də növbə olurdu, hamı qəzet alırdı. Hamı qəzeti çox oxuyurdu. Özümdən asılı olmayaraq, mən də mexaniki şəkildə gəldim orda növbəyə durdum. Özüm də bilmirəm nəyə durmuşam. Növbəm çatanda gördüm ki, Maksim Qorkinin “Ana” romanı-kitabı satılır, 56 ya 54 qəpiyə idi.

Kitabı aldım, qəzet almadım. Qoltuğuma vurdum getdim, yenə deyirəm, heç bilmirəm niyə almışam. Gəldim, gördüm ki, texnikumun “sportzal”ında 300 nəfər oturub, mən də orda boş bir yerdə oturdum. Bir erməni qadını, (sonralar məlum oldu ki,idman müəllimidir) kitabı açdı, oxuyaraq dedi ki, Maksim Qorkinin “Ana” romanının bir abzasından imla yazacağıq. Həmin kitab da qalın kitabdır, görməmiş olmazsız. Orda bu abzası axtarsam da, tapa bilməzdim, qeyri-mümkündür. Allahdan elə açdım, gördüm ki, elə həmin o sətirdi. Oturduq səliqə ilə həmin abzası hamısını köçürdük, mən də başqa 5 nəfər də. Altımız da texnikuma girdik. Bir-birimizi də texnikumu qurtarana kimi elə Maksim Qorki çağırırdıq.

nadir-9

Bakı Rabitə Telefon Şəbəkəsinin Maştağadakı şöbəsində texnik vəzifəsinə işə düzəldim. Həmin vaxt nazirlikdən hamıya çatdırdılar ki, Odessa Rabitə İnstitutuna tələbə qəbuludur, istəyənlər, sənədlərini versinlər. Mən də sənədlərimi verdim və hamı bildi ki, Odessaya cəmi 12 nəfər adam göndərəcəklər. Hətta, Odessaya göndəriləcək tələbələrin siyahısı da hazırlanmışdı ki, onlar da nazirin, nazir müavininin, onun-bunun adamları idi. Mən də dedim ki, durub hökumətlə hökumətlik etməyəcəyəkdim ki? İmtahan olan yerə gəldim. Bizim bir qohumumuz vardı, Bakı Telefon Şəbəkəsində baş mühəndis işləyirdi, özü də ilk azərbaycanlı rabitəçi xanım idi. Rabitə Nazirliyinin, imtahan verilən yerin qabağından gəlib keçəndə məndən soruşdu ki, “Nadir, niyə burada durmusan?” Mən də vəziyyəti, məsələni ona anlatdım. Bu zaman mənə “Ə, Nadir, nə danışırsan, get”- dedi və qapını açıb, məni içəri itələdi. Getdim, girdim, siyahıda 13-cü oldum. Sonra getdik Odessaya, ancaq məni Odessada qəbul etmədilər. Adımı nə jurnala yazırlar, nə tələbə təqaüdü verirlər…

Amma yataqxanada yer verdilər, hətta, dərsə gəlməyə də icazə verdilər. Dərsə gəldim-getdim, amma 3 ay adım çəkilmədi. Sonra adımı da jurnala saldılar, tələbə təqaüdümü də verdilər. Hər şey ondan sonra başladı öz axarı ilə normal şəkildə getməyə. Mən də bax beləcı, Odessa Rabitə İnstitutunun tələbəsi oldum.

 Neçənci illər idi bu?

– Bu, 1960-65-ci illər idi. Ümumiyyətlə, mənim taleyim çox ziqzaqlıdır. Belə ki, bizi 3-cü kursdan 9 aylıq itehsalat praktikayasına göndərirdilər. Göndəridilər ki, gedin istehsalatda öyrənin, işləyin. Bizdə də hərəni öz vətəninə göndərirdilər, məni də Bakıya göndərdilər. Praktikanın son günündə institita təqdim etmək üçün xasiyyətnamə almağa gəldim. O vaxtı da “BakATS”-in rəisi rəhmətlik Əmirov idi, qardaşı da Mərkəzi Komitənin katibi işləyirdi. Gördüm ki, mənə mənfi xasiyyətnamə yazılıb, tənbəl, heç nəyi bilmir və sair yazmışdılar. Dəli olmadımmı? Dedim, nə danışırsız? Getdim düz rəis Əmirovun yanına. Yaxşı qəbul etdi, öz aramızdı, heç qəbul etməyə də bilərdi. Elə bir adamın qardaşı idi ki, bıçağının dalı da kəsirdi, qabağı da, heç kimi saymırdı. Qəbul etdi, dedi ki, ay bala, nə olub? Dedim, bəs belədi, elədi, növbədə işləmişəm, növbə rəisi olmuşam, maaş vermisiz mənə. Mən işləməsəm, avara, tənbəl olsam, mənə maaş verərdiz? Eyni zamanda, səmərəli təkliflər də vermisəm…

Qulaq asdı-asdı, duruxdu, indiyə kimi yadımdadır onun sifəti. Dedi, bilirsən nə var bala, sənə güzgüdə baxıb “xarakteristika” yazmışıq, yazdırmışam… Öz-özlüyümdə dedim ki, lənət şeytana. Durdum, çıxdım getdim. Getdim Odessaya. Nə olacaq taleyim, bilinmir. Hamı da məni gözləyirdi. Çünki hamı məni tanıyırdı, onlarla heç vaxt pis rəftar etməmişdim, həmişə mehriban olmuşdum. Həm də idmançı idim, hörmətim var idi, hamısı mənimlə hesablaşıb, eləyirdilər. Dedilər, sənə yataqxana olmaz. Dedim, necə olmaz? Dedilər ki, sənə yataqxana vermirik. Komendant da yaşlı bir qadın idi, xətrimi istəyirdi, dedi, bu gecə qal burda, sabah da sənə yer verəcəyəm, amma səni burda çox saxlaya bilmərəm, işdən çıxararlar.

Gəldim institutun lap qabağında 2-ci mərtəbədə otaq tutdum. Ev yiyəsi bir qoca qarı idi, onun evində kirayədə qaldım. Hər gün də ordan durub institutumuza baxırdım, dərsə də buraxmırdılar. Gəlirəm içəri girirəm, çıxıb gedirəm. Günlərin bir günü dedim, əşşi, bunun axırı olmalıdır, ya yox. Getdim dekanın yanına. Dedim, nə istəyirsiz, niyə məni dərsə buraxmırsız, niyə yataqxanaya qoymursuz?

-Onun cavabı nə oldu?

-Həmin vaxt bizim bir kafedra müdiri vardı, yəhudi idi. Allah rəhmət eləsin, xətrimi çox istəyirdi. Həmin kafedara müdiri də gəldi dekanın yanına, bunlar öz aralarında başladılar danışmağa. Dedi ki, yaxşı tələbədir, onu yaxşı tərəfdən tanıyırıq, pis oxumayıb, seçilmiş tələbədir, bacarıqlıdır, niyə buraxmırsan müdafiəyə? Dekan isə bir az kobud adam idi, istəyərdi ki, dalımdan dəysin. Ancaq kafedra müdirimiz onu sonda məcbur etdi ki, gəlin komissiya təyin edək, bunu yoxlayaq.

Razılaşdılar, komissiya yaratdılar, mənə də vaxt verdilər ki, 10 gündən sonra səndən imtahan götürəcəyik, taleyin orda həll olunacaq, sən ya institutdan qovulacaqsan, ya da davam etdirəcəksən. Çağırdılar,oturtdular, başladılar sual verməyə. Görüdüm ki, cavab verdikcə də kafedra müdirimiz sevinir, hətta, deyirdi ki, görürsünüz necə cavab verir. Sonra kafedra müdirimiz məndən gündəliyimi istədi, mən də gündəliyimi elə-belə, ordan-burdan xətləmişdim, aldı, fırlatdı, hiss elədim ki, hirslənib. Dedi ki, gündəliyi yaxşı vəziyyətdə olsaydı, ona əla yazardıq, gəlin dörd yazaq.

Beləliklə, məni müdafiəyə buraxdılar, yenə üç ayın “stependiya”sını aldım, yataqxanaya qayıtdım, Allahın köməyi ilə institutu bitirdim, sonra yenidən Azərbaycana, Bakıya gəldim. Burda da həyatım o qədər xoş keşməyib, həmişə mübahisəli olub. Baxmayaraq ki, biz erməniləri təmizlədik, azərbaycanlıları yetişdirdik, amma yenə də həyatım, işlərim problemlərlə dolu idi. Gecə-gündüz bir arzum vardı ki, azərbaycanlı uşaqları, tələbələri yetişdirək. Əgər o vaxt “BakATS”-də o tədbirlər görülməsəydi, 1988-ci ildə rabitə dayanardı, işləməyə adam olmazdı. “BakATS”-də işləyəndə azərbaycanlılara 300-ə yaxın xidməti mənzillər verdik. Rayonlardan, bölgələrdən Bakıya azərbaycanlı mütəxəssislər gəldi. Əvvəllər azərbaycanlı mütəxəssislər yoxuydu, iki-üç dənə azərbaycanlı var idi, ya yox idi…

-Bəs neçənci ildə rabitə nazirinin müavini təyin edildiniz?

– 1985-ci ildə. Onda birinci katib rəhmətlik Kamran Bağırov idi. O vaxt əslində mənim namizədlyimi nazir vəzifəsinə vermişdilər. Çünki rabitə nazirimiz Rəsulbəyov dünyasını dəyişmişdi, yeri boşuydu. Ancaq mən imtina etdim, nazir vəzifəsinə rəhmətlik Axundovu təyin etdilər. O da çox savadlı bir insan idi. Allah rəhmət eləsin, həmişə onu özümə ağsaqqal saymışam.

-Niyə imtina etdiniz ki?

– Mən həmin vaxt “BakATS”-in rəisi işləyirdim, çox hörmətli bir adam idim. “BakATS”-in rəisi o zamanlar nazirdən belə hörmətli idi. İstəyirdilər ki, nazir qoysunlar, mən də dedim ki, bu, ədalətsizlik olar, yoldaş Axundov var, o məndən də qüvvətlidir. O, ora məndən də layiqdir. Mən istəmirəm, o yaxşıdır. Allaha da xoş gələr. Onu nazir təyin edən kimi, mənə zəng etdi və dedi ki, indi kabinetə gəldim, birinci sənə zəng edirəm, Nadir, hər şeydən xəbərim var, məni artıq nazir qoydular. Mən də bunu eşidən kimi sevindim, sevincimdən qışqırdım, təbrik etdim, dedim ki, bu yer sizin haqqınızdır. Özü də sevindi, mən də sevindim. Bax, belə işlədim onunla birlikdə. O nazir oldu, mən nazir müavini oldum…

1997-ci ildə nazir təyin edildiniz. Həmin vaxta kimi mərhum Heydər Əliyevlə tanışlığınız vardımı?

-Bəli, hələ rəhmətlik Heydər Əliyev burda, Azərbaycanda birinci katib, ondan qabaq Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləyəndə onunla tanışlığımız vardı. Hətta, Heydər Əliyev DTK-da işləyəndə məni institutu qurtarandan sonra ora işə götürmək istəyirdi. Çağırdı, onunla söhbətdən keçdim, ancaq orada işləməyim alınmadı. Dedim ki, mən aspiranturanı oxumaq istəyirəm. Dedi, bizdə elə şey yoxdur, ya biz, ya da aspirantura. Mən gedib aspiranturaya girdim. Oxumağı üstün tutdum.

Bu, nə vaxt olub?

– Təqribən 1966-67-ci ilin söhbətidir. Onda Heydər Əliyev DTK sədrinin birinci müavini idi. Ondan sonra da Heydər Əliyev münasibətlərimiz, təmaslarımız oldu. O, birinci katib işləyəndə mən də “BakATS”-in rəisi idim. Ona görə həmiştəmasda idik. Həmişə onun göstərişlərini mənə deyirdilər. Hətta, bir dənə epizodu danışım. O vaxtlar telefon aparatı çox “defisit” bir şey idi. Bundan bir dənə Heydər Əliyevə göndərdim. Onun da köməkçisi, Allah rəhmət eləsin, çox yaxşı bir insan –Rafael Allahverdiyev idi. Göndərdim, Rafael müəllimə dedim ki, bunu Heydər Əliyevə verin. Aparır, verir, rəhmətlik Heydər Əliyev deyir, nə qəşəng aparatdır, kim göndərib? Deyir ki, “BakATS”-in rəisi Nadir Əhmədov.

Bir dəfə də Heydər Əliyevlə söhbət edirdim, artıq onda nazir işləyirdim. Dedim ki, Heydər Əliyevic, Bakıətrafı yaşayış məntəqələrinin telefonlaşması ilə ciddi məşğul oluruq, özü də hər yerdə sizin adınızı çəkirik, deyirik ki, bunlar Heydər Əliyevin göstərişidir. Gülə-gülə dedi ki, sənin məndən başqa adamın var? Bax belə səmimi bir insan idi rəhmətlik Heydər Əliyev. Allah qəni-qəni rəhmət etsin!

– Səhv etmiriksə, 2004-ci ildə nazir vəzifəsindən çıxarıldınız. Ondan sonra başqa işlər təklif olundumu?

-Təkliflər oldu. Çox işlər təklif edildi, amma baş tutmadı, mənim ürəyimə yaxın olmadı.

Sonra məni Artur Rasi-zadə çağırdı, onunla dəfələrlə bu barədə söhbətimiz oldu. O vaxtdan da heç bir yerdə işləmirəm, heç bir bizneslə məşğul olmuram, arada düşəndə məqalələr, kitab yazıram.

Amma o vaxtlar Sizin böyük biznesiniz olduğu, filan deyilirdi…

-Mən bunu birinci dəfədir eşidirəm. Əsassız söhbətdir. Mən biznes adamı deyiləm, məndən heç biznesmen də olmazdı. Mən ilk dəfə pensiyanı alanda, birinci m pensiya1700 manat kəsmişdilər. Bir il o pensiyanı utana-utana alırdım, çünki bu başqalarının pensiyasından dəfələlə çoxd idi. Amma indi isə deyirəm azdı, çatmır, problemlər var.

-İndi nə qədər pensiya alırsınız?

– İndi 2150 manat alıram, amma çatmır. Mən Əməkdar rabitəçiyəm, 100 manat da ondan alıram.  Allahıma şükür edirəm, 3 övladım,6 nəvələrim,2 nəticələrim var. Övladlarımdan,qohumlarımdan da və dostlarımdan da çox razıyam. Bundan artıq insana nə lazımdır ki? Səhərlər duranda inşallah,axşamlar  yatanda isə maşallah deyirəm!

nadir-8
nadir-10
Nadir-6
Nadir-2

Etikxeber.az

Read Previous

Milli Məclisin növbəti iclası-NƏ VAXT KEÇİRİLƏCƏK?

Read Next

“BAZAR VƏ YEMƏKXANA MƏDƏNİYYƏTİ…”-Fazil Mustafa Əbülfəs Qarayevi “topa” tutdu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir