“Heydər Əliyev yolu əbədiyyətən davam edəcək” – FƏTTAH HEYDƏROV YAP-IN TƏDBİRİNDƏ BELƏ DEDİ- FOTOLAR – YENİLƏNİB -(1)

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında eks-prezident mərhum Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı geniş tədbir keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, tədbir YAP İcra Katibliyi tərəfindən təşkil olunub.

Tədbirdə YAP Siyasi Şurasının üzvləri və hakim partiyadan olan millət vəkilləri iştirak edir.

Hazırda YAP-ın İcra katibi Əli Əhmədov çıxış edir.

O, H. Əliyevin hakimiyyətə gəlişini tarixi hadisə adlandırıb.

Qeyd edək ki, H. Əliyev ilk dəfə hakimiyyətə 1969-cu ilin iyul ayının 14-də gəlib və 13 il ərzində Azərbaycana rəhbərlik edib.

***

Ə. Əhmədov deyib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi.

Ə.Əhmədov bildirib ki, o zaman sovetlər birliyində yaranmış ənənəyə görə, xüsusi bir partiya elitası formalaşıb: “Respublikalara və bütövlükdə sovetlər ittifaqına rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sferalardan, digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəsinə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Sonradan bu praktika sovetlər birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevardnadze də ölkəsində rəhbər vəzifəsinə gətirildi”.

O deyib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin çox böyük inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi: “Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi. Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həll olunması üçün, Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən hakimiyyətə dəvət olundu. Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin yerin yetirdiyi tarixi missiya oldu. Bununla yanaşı Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial iqtisadiyyatın, milli dövlətçiliyin, həyatımızın bütün sferalarını təşkil edirdi”.

alik

alik-1

***

Tədbirdə parlamentin Regional məsələlər komitəsin sədri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü Arif Rəhimzadə də çıxış edib, Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Sonra çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov isə ölkə prezidentin İlham Əliyevin liderliyi ilə Heydər Əliyev yolunun uğurla davam etdirildiyini bildirib.

“Nə yaxşı ki, bu yol davam etdirilir. Heydər Əliyev yolu hələ bundan sonra da-əbədiyyətən davam edəcək, etdiriləcək. Qarşıda bizi hələ böyük uğurlar gözləyir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İki hərbçi öldü, biri ağır yaralandı – HƏRBİ HİSSƏDƏ DƏHŞƏTLİ HADİSƏ

Read Next

İlham Əliyev Luka Zayanı qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir