Hidi Vəliyev və Orxan Cümşüdovun adını daşıyan-“ŞƏHİDLƏR BULAĞI”NIN AÇILIŞI OLDU – YENİLƏNİB – (1) – FOTOLAR

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində İkinci Vətən Müharibəsinin iki Şəhidinin – Hidi Bəxtiyar oğlu Vəliyev və Orxan Sabutay oğlu Cümşüdovun adını daşıyan “Şəhidlər bulağı”nın açılış mərasimi başlayıb.

Etikxeber.az xəbər verir ki, açılış mərasimində hər iki Şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qazilər, Mingəçevirdən, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, kənd sakinləri və Goranboy rayon rəhbərliyi iştirak edir.

Açılış mərasimində Dövlət himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə hər iki Şəhidimizin keçdikləri şərəfli və mənalı həyat və döyüş yollarından danışılıb, onlar da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhlarına dualar edilib, Allahdan ailələrinə səbr dilənilib.

Açılış mərasimi davam edir.

12:01

***

“Şəhidlər bulağı”nın açılışında iştirak və çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Oxran CümşüdovHidi Vəliyev daxil olmaqla, bütün Şəhidlərə Allahdan rəhmət, Şəhid ailələrinə səbr diləyib.

Bildirib ki, bütün Şəhidlər Azərbaycan xalqının Fəxr və Qürur mənbəyidir, hər bir azərbaycanlı öz Şəhidləri ilə Fəxr edir, İftixar, Qürur hissi keçirir.

İcra başçısı Qəhrəman Goranboyun İkinci Vətən Müharibəsində cəbhə bölgəsi kimi gərgin günlər yaşadığını, 55 İgidini Vətən yolunda Şəhid verdiyini, hər bir Şəhid ailəsinin rayon rəhbərliyinin diqqət və nəzərində olduğunu, onlarla daim maraqlanıldığını bildirib.

“Şəhidlərimizə ehtiram, Şəhid ailələrinə diqqət və qayğı borcumuzdur. Hər birimiz onlar qarşısında borcluyuq”-deyən icra başçısı eyni zamanda, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində növbəti addımların atılmasının nəzərdə tutulduğunu, konkret olaraq, Tap Qaraqoyunluda Şəhidlər parkı və kompleksinin yaradımasının gündəlikdə olduğunu sözlərinə əlavə edib.

İcra başçısının çıxışından sonra Şəhid ailələri, Şəhid anaları ürək sözlərini bildiriblər.

Şəhid analarından Şəhid Hidi Vəliyevin anası, Şəhid qardaşlar-Musa Tural Həsənovların anası Nəhayət xanım və Şəhid Xudayar Yusifzadənin anası Radə xanım çıxış edib və öz Şəhid övladları da daxil olmaqla, bütün Azərbaycan Şəhidləri Fəxr etdiklərini bildiriblər.

Qeyd ediblər ki, tarixi Qələbə və Zəfərimizin müəllifi Ali Baş Komandan olmaqla, İgid, Qəhrəman Azərbaycan, İkinci Vətən Müharibəsi Şəhidləridir.

Çıxışlardan sonra Şəhidlər-Hidi Vəliyev və Orxan Cümşüdovun valideynləri, o cümlədən icra başçısı Məhərrəm Quliyev tərəfindən “Şəhidlər bulağı”nın üzərindən ağ örpək götürülüb və bu, alqışlarla qarşılanıb.

Sonra icra başçısı Şəhid ailələri və yaxınları ilə söhbətləşib.

Açılışdan sonra Şəhid Hidi Vəliyevin yaşadığı evdə ailəsi tərəfindən mərasim keçirilib və ehsan süfrəsi açılıb.

Mərasim iştirakçıları bir Şəhidlərimizə Böyük Yaradandan rəhmət, Şəhid ailələrinə isə səbr və dözüm diləyiblər.

14:00

***

***

Qeyd edək ki, Şəhid Hidi Vəliyev 1994-cü ilin mart ayının 2-sində  Tap Qaraquyunlu kəndində anadan olub.

Hidi 2001-ci ildə Goranboy rayonunun Niyazi Aslanov adina Tap Qaraqoyunlu kənd tam orta məktəbinə gedib, 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra səhhəti ilə əlaqədar problem yarandığı üçün Hidi bir müddət hərbi xidmətə aparılmayıb.

Ancaq çox keçmədən sağlamlığına qovuşan Hidi sonra hərbi xidmətə yollanıb və 2016-cı ildə könüllü olaraq Aprel döyüşlərində iştirak edib.

03.01.2020-ci il tarixindən isə Ordu sıralarında MAXE kimi işləməyə başlayıb.

27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Vətən Müharibəsində iştirak edən kəşfiyyatçımız Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub və müharibənin ilk günündə, 27 sebtyabr tarixində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz bir gün sonra, 28.09.2020-ci il tarixində Tapqaraqoyunlu kəndində döyüşlər getdiyinə görə, Qızılhacılı (Balakürd) kənd qəbristanlığında dəfn olunub.

Şəhid Cümşüdov Orxan Sabutay oğlu isə 1993-cü ilin sentyabrın 1-ində Tap Qaraqoyunluda anadan olub.

2015-ci ildə Gəncə Dövlət Universitetinin Menecment ixtisası üzrə məzunu olan Orxan İkinci Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd  Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Nəşi 2020-ci ilin noyabrın 1-ində Goranboy rayonunda torpağa tapşırılıb.

Hər iki Şəhidimiz ölümündən sonra medallarla təltif olunublar.

Nur içində yatsınlar, məkanları cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək-BU GÜN

Read Next

Rektorun müşaviri və komendant bıçaqlandı-BDU-DA… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir