“Hizmət hərəkatı” üzvlərinin aşkarlanması üçün tədbirlər görülüb – USUBOV – FOTO

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, görüşdə səfirə DİN-in funksiyaları və əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində üzləşilən çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə qısa məlumat verilib.

İyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir Türkiyə vətəndaşlarının prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha məmnunluqla xatırladıb.

Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən «Hizmət hərəkatı»na mənsub şəxslərin aşkarlanması istiqamətində prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, cari ilin avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin  qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Səfir Erkan Özoral Türkiyədə dövlət çevrilişinə cəhd zamanı dost və qardaş Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

usubov

Etikxeber.az

Read Previous

Dutert Razzaqla birgə karaoke ifa etdi – FOTO – VİDEO

Read Next

Əliyev Qarayevi “Şöhrət”ləndirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir