Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hüseyn Aslan oğlu Rzayev…
Gədəbəyin, cəmi Azərbaycanın Qəhrəman, İgid övladlarından, Vətən sevdalılarından biri…
Cəmi 24 yaşında Vətən, Torpaq, Qarabağ yolunda canını fəda edən Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…
Vətən fədaisi, Vətən sevdalısı Hüseyn Rzayev 1996-cı ilin 14 may tarixində Qəhrəman Gədəbəy rayonunun Novosaratovka kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub…
Bacısı hazırda ailəlidir…
2002-2013-cü illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən bir il sonra, 2014-cü ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb…
Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmət keçib…
Əsgərlik zamanı fərqləndiyinə görə hərbi hissənin komandanlığı tərəfindən təşəkkürnamə ilə təltif edilib…
2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vuraraq, evinə-ailəsinə dönüb və həmin ilin noyabr ayında yenidən hərb yolunu seçib…
Öz kəndlərində yerləşən “N” saylı hərbi hissədə hərbçi-MAXE kimi fəaliyyət göstərib…
3 il 6 aydan sonra, 2020-ci ilin aprelində isə ehtiyata buraxılıb…
2020-ci ilin sentyabrında İkinci Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq, döyüşlərə, cəbhəyə yollanıb…
Əvvəlcə Kəlbəcər-Murovdağ, sonra isə Füzuli, Xocavənd, Qubalı istiqamətlərində döyüşüb, vuruşub…
Döyüşüb, vuruşub, silah yoldaşları ilə birlikdə qəhrəmanlıqlara imza atıb…
Axırıncı dəfə isə ailəsi ilə oktyabr ayının 25-də danışıb…
Və həmin gün, 25-dən 26-na keçən gecə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Döyüş yoldaşının ailəsinə bildirdiyinə görə, yaralı vəziyyətdə olan komandirini xilas etməyə gedərkən Şəhidlik zirvəsinə yüksəlib…
Ancaq nəşini bir müddət əldə etmək mümkün olmayıb…
Nəşi yalnız noyabr ayının 23-də əldə edilib və həmin gün Novosaratovka kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
Ailəsi isə “Xocavəndin azad olunmasına görə” medalının onlara təqdim edilməsini və övladlarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir…
Eyni zamanda, bu günə kimi Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsi istiqamətində rəsmi qurumlar tərəfindən heç bir addım atılmayıb…
24 yaşında Şəhidlik məqamına ucalan Hüseyn həm də subay olub…
Ömrü, həyatı kimi arzuları, xəyalları da yarımçıq qalıb…
Allah məqamını Ucalardan-Uca, məkanını cənnətlik, ruhunu şad etsin!
Böyük Yaradan tək oğul itkisi, acısı ilə yanıb-qovrulan valideynlərinə-anası Yeganə xanıma və atası Aslan kişiyə səbr və dözüm versin!
Ruhu qarşısında baş əyirəm, baş əyirik!

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





