“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur” – NAZİR – YENİLƏNİB

Təhsil naziri Ceyhun BAYRAMOV: ” 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib, 7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib”

Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, nazir mətbuat konfransında deyib ki, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb:

“Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir”.

Onun sözlərinə görə, həmin dərsliklər özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək: “Hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Amma hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır”.

Nazir bildirib ki, bəzi dərsliklərin, xüsusilə, ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur: “Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla istifadə müddəti müxtəlif olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”. Nazir eyni zamanda bildirib ki,  son bir il ərzində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqinin çox müsbət nəticələri müşahidə olunur: “2018-2019-cu dərs ilində 47 minə yaxın şagird təmayülləşməyə cəlb edilib”.

C. Bayramov deyib ki, bu dərs ilindən etibarən ümumtəhsil məktəblərinin bazasında peşə təmayül siniflərinin açılmasına start verilib: “Artıq 20 peşə təmayüllü sinif təşkil edilib. Həmin siniflərdə oxuyan şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək”.

***

ceyhun-bayramov

Mətbuat konfransı zamanı nazir  ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalmasının təhsil sistemi üçün narahatedici məqam olduğunu da vurğulayıb:

“Hər bir hala baxılır və analiz edilir”.

C.Bayramov bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: “Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa o zaman şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir”.

Nazir bununla yanaşı qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa deməli onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: “Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir”.

Nazir həmçinin qeyd edib ki, son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib: “Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.

Nazirin bildirdiyinə görə, bununla yanaşı, il ərzində Təhsil Nazirliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib:

“7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Deputat “Traxtor”dan uzaqlaşdırılan futbolçuya görə – ƏRDOĞANA MÜRACƏT ETDİ

Read Next

Prezident növbəti dəfə həmsədrləri qəbul etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir