“İcaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb və…”-CEYHUN SALMANOV – YENİLƏNİB – (2)

Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb.

Etikxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, artıq icazələr portalına bu saata qədər 4015 təşkilat 7279 əməkdaşı barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib:

“Hazırda sistemdə müəyyən qədər yükləmə var. Bunun da səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha da mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir”.

C.Salmanov deyib ki, icazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər:

“Eyni zamanda qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər”.

***

C. Salmanov sonra deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

C. Salmanovun dediyinə görə, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldikdən hesablanır:

“İcazələrin məqsədinə dair 3 kod təyin edilib.  1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçündür. (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 nömrəli kod yaxın qohumun dəfnində iştirak üçündür. Belə ki, nümunə olaraq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları 2 AZE 1111111 məzmunlu SMS-i 8103 qısa nömrəsinə göndərməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər”.

C. Salmanov deyib ki, vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar “ASAN xidmətin” 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər:

“Vətəndaşlardan xahiş edirik ki, SMS üçün yarım saat, 1 saat əvvəldən müraciət etsinlər. Maksimum 1 saata qədər cavab SMS-i gələcək. O müddətdə cavab SMS-i gəlmədikdə bununla bağlı vətəndaşlar Çağrı Mərkəzinə zəng vurub məlumat verə bilərlər. Vətəndaş aptek və ya ərzaq almaqla bağlı icazə alıb evdən çıxıbsa, digər məsələlərlə bağlı fəaliyyət göstərməsi karantin rejimini pozmuş sayıla bilər. Yalnız cavab SMS-i gəldikdən sonra vətəndaş evdən çıxa bilər”.

Sədr müavini deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının yoxlamaları zamanı aşkarlanan və icazələr sisteminin tələblərinə əməl etməyən şəxslər hüquqi məsuliyyət daşıyırlar.

***

Sonra “Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir”-deyən C. Salmanov bildirib ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir:

“Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır. Eyni zamanda fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq”.

***

“Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edəndə onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər”.

Bunu da C. Salmanov bildirib.

Qeyd edib ki, həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər:

“Əsas məsələ budur ki, həmin şəxs icazə almış olsun. Eyni zamanda bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq. Aidiyyəti qurumların müstəsna hüquqları var ki, istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlasın. Bütün hallarda yoxlanıla bilər, ancaq bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa, həmin şəxslərin karantin rejimini pozmasına görə cərimələnməsi mümkündür”.

C. Salmanov onu da bildirib ki, vətəndaşlar icazə verilən 2 saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər:

“Yəni məsələn, əgər vətəndaş Yasamalda yaşayırsa və aptekə getmək istəyirsə, icazə üçün verilən 2 saat müddətində Bakının digər rayonlarındakı aptekə də gedə bilər”.

Etikxeber.az

Read Previous

“Ailələr ərzaqla, dərmanlarla təmin olunmalı, nəğd pul verilməli, kommunal ödənişlər, bank faizləri ləğv, orta və xırda biznes sahələri ən azı ilin sonunadək vergilərdən azad edilməlidir”- MÜSAVAT PATİYASI BELƏ HESAB EDİR

Read Next

“Bütün bunlar bir daha saxta və qondarma rejimin iç üzünü və çirkin niyyətini ortaya qoydu…”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir