İcbari tibbi sığorta-AİLƏ HƏKİMİ VƏ BİR NEÇƏ QANUNUN QƏBULUNU SÜRƏTLƏNDİRƏCƏK – RƏY

İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə 2 aydan  da az bir müddət qalır. Gələn ilin yanvarından artıq illərdir cəmiyyətin, əhalinin, tibb aləminin səbrsizliklə gözlədiyi icbari tibbi sığortanın bütövlükdə tətbiqinə başlanılacaq. Proses İcbari Tibbi Sığorta Dövlət Agentliyi, o cümlədən, cəmi bir il öncə yaradılmış “TƏBİB” publik hüquqi şəxs tərəfindən həyata keçirilkəcək. Onu da xatırlatmaq yerinə düşər ki, artıq bir neçə ildir icbari tibbi sığorta ilə bağlı ölkənin üç bölgəsində – Mingəçevir və Yevlax şəhərlərində, həmçinin, Ağdaş rayonlarında pilot layihə həyata keçirilir və öz müsbət effektini göstəririr.

Hazırda parlamentdə 2020-ci ilin büdcə paketinə daxil olan qanun layihələri, o cümlədən, gələn ilin dövlət büdcəsinin layihəsi müzakirə olunur və yaxın zamanlarda müzakirələrin başa çatdırılması, büdcə zərfinin qəbul olunaraq, dövlət başçısına göndərilməsi və imzalanaraq hüquqi qüvvəyə minməsi gözlənilir. Büdcənin təsdiqlənməsi ilə icbari tibbi sığortanın əsas məsələsi-maliyyə məsələsi də öz həllini tapmış olacaq. Belə ki, büdcədə icbari tibbi sığortanın tətbiqinə 1 milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bu isə nəticə etibarı ilə icbari tibbi sığortanın sürətli və keyfiyyətli təminində başlıca rola malik olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili həmçinin qeyd edib ki, üzvü olduğu Səhiyyə komitəsi ilə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin sabah birgə keçirilməsi gözlənilən iclasında icbari tibbi sığortanın tətbiqinə dair  mövcud qanunvericiliyə  dəyişikliklər layihəsinin müzakirəsi nəzərdə tutulur:

“Dəyişilik layihəsi də ölkə Prezidenti tərəfənidən parlamentə, komitəyə göndərilib. Hesab edirəm və inanıram ki, həm yeni dəyişikliklər, həm də böyük məbləğdə maliyyə vəsaitinin ayrılması icbari tibbi sığortanın bütövlükdə ölkə üzrə tətbiqində öz müsbət nəticələri və töhfələri ilə yadda qalacaq, uzun illərin gözləntisi özünü doğruldacaq, insanlar xəyal qırıqlığına uğramayacaq, bir sözlə, bu məsələdə qarşıya qoyulan həfədflərə çatılacaq”.

Millət vəkili eyni zamanda bildirib ki,  icbari tibbi sığortanın tətbiqi bir sıra yeni qanunların qəbulunu aktual edəcək və sürətləndirəcək.

“Belə ki, illərdir “Ailə həkimi haqqında” qanun layihəsi ilə bağlı təkliflər səsləndirilir, müzakirələr aparılır, məsələ gündəlikdən düşmür. Üzvü olduğum Səhiyyə komitəsində də dəfələrlə bu vacib məsələ, ailə həkimi ilə bağlı qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması və qəbulu ciddi müzakirə mövzusu olub.

Hətta, komitəmizin üzvlərindən-İlham Məmmədovla Məlahət İbrahimqızı bu yöndə qanun layihəsinin hazırlıqları ilə məşğuldurlar. Onlar ötən müddətdə beynəlxalq təcrübəni və qanunvericiliyi öyrənib, onlarla tanış olublar. Komitəmizin rəhbərliyi də hər zaman bu məsələyə müsbət mövqe sərgiləyib, belə bir qanun layihəsinin olmasının və qəbulunun vacibliyini söyləyib, irəli sürülən təklifləri dəstəkləyiblər. Eyni zamanda da qeyd ediblər ki, bu məsələ ancaq icbari tibbi sığortanın tətbiqinə başlanılmasından sonra mümkünləşə bilər. 

Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqinin effektli və səmərəli olması da ailə həkimi ilə bağlı qanunveruciliyin mövcudluğundan keçir. Yəni, hər iki məsələ bir-biri ilə əlaqəli, üzvü surətdə bağlı olan məsələdir. Odur ki, yaxın gələcəkdə, gələn ilin yaz və yaxud payız sessiyalarında ailə həkimi ilə də bağlı qanun layihəsinin hazırlıqlarına başlanılması və ən azı ilkin oxunuşda müzakirələrə çıxarılması mümkündür.

Çünki ailə həkimi ilə bağlı dünyada mövcud olan gözəl təcrübədən bizdə də istifadə edilməsinə ciddi ehtiyac var. Bu, çox vacib və aktual məsələdir. Ona görə ailə həkimi ilə bağlı qanunun da reallığa çevrilməsi mümkündür və gözləniləndir. Eyni zamanda, icbari tibbi sığortanın tətbiqi ilə bağlı başqa yeni qanun layihələri də tələb olunur ki, onlar haqqında  zamanı, məqamı yetişəndə danışılacaq. Bu haqda indidən danışmaq bir qədət tez olar”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

Əliyeva, Abiyeva yoxsa Əliyeva? – OMBUDSMANLIĞA NAMİZƏDLƏRLƏ BAĞLI MƏSƏLƏYƏ BAXILDI VƏ…- YENİLƏNİB – (1)

Read Next

Prezidentdən Naxçıvanla bağlı – 4 SƏRƏNCAM – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir